Bələdiyyə Sədrlərinin Respublika Konfransının məruzəsi

Hörmətli konfrans iştirakçıları!

Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrindəki dirçəliş, o cümlədən, bələdiyyələrin bir özünüidarəetmə qurumu kimi təşəkkül tapması Heydər Əliyevin qırılmaz iradəsi və yorulmaz əməyi hesabına reallaşmışdır.

85 illik yubileyi böyük məhəbbətlə qeyd edilən Heydər Əliyev xalqımızın qəlbində əbədi yaşayır, Heydər Əliyev ideyaları Azərbaycanı yeni-yeni qələbələrə, daha yüksək zirvələrə aparmaqda davam edir. Heydər Əliyevin layiqli davamçısı, onun siyasətini və bənzərsiz rəhbərlik konsepsiyasını yaradıcı surətə təkmilləşdirən və inkişaf etdirən hörmətli Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə böyük öndərimizin  arzuları ardıcıl olaraq reallaşır. Azərbaycanda aparılan uğurlu daxili və xarici siyasət artıq bütün sahələrdə öz bəhrələrini verir.

Cənab İlham Əliyevin qeyd etdiyi kimi: "Bizim bütün proqramlarımız xalq tərəfindən dəstəklənir. Əks təqdirdə onların heç biri həyata keçirilə bilməzdi. Əgər bu dəstək olmasaydı, əgər həmrəylik olmasaydı, bizim təşəbbüslərimiz xalq tərəfindən dəstəklənməsəydi, bunların heç birini edə bilməzdik".

 Həqiqətən, ölkədə gedən dinamik sosial-iqtisadi inkişaf proseslərini xalqımız tam səmimiyyəti ilə, ürəkdən dəstəkləyir, hərə öz sahəsində, öz bacarığı və imkanları daxilində  tarixi inkişaf proseslərində iştirak edir. Ölkəmizdə fəaliyyət göstərən bələdiyyələr də bu ümumxalq hərəkatından geri qalmamağa çalışır, bu inkişafa verdikləri payın daha böyük, daha  sanballı olması üçün  əzmkarlıqla işləyirlər.

Bələdiyyələrimizin yerli əhəmiyyətli sosial məsələlərin həlli istiqamətində gördüyü işlər xüsusi əhəmiyyət kəsb edir. Bu sahədə reallaşan layihələr bilavasitə sakinlərimizin sosial sifarişlərindən irəli gəlir, onların gündəlik maraq və qayğılarını əks etdirir. Yerli əhəmiyyətli sosial məsələlərin həllində bələdiyyələrin iştirak səviyyəsi, bu istiqamətdə görülən işlərin miqyası və keyfiyyəti  onların əhali arasında qazandıqları nüfuzun, hörmət və etimadın həssas indikatoru, birbaşa göstəricisidir.

Sosial məsələlərlə bağlı görülən işləri sistemləşdirmək və istiqamətləndirmək məqsədi ilə ötən il milli assosiasiyalar “Bir bələdiyyə - azı bir layihə” təşəbbüsünü irəli sürmüşdürlər.

Bələdiyyələr bu təşəbbüsə yekdilliklə qoşularaq son bir il ərzində xeyli iş görmüşlər. Yüzlərlə sosial obyekt binaları, yerli elektrik, qaz, su və istilik təchizatı sistemləri təmir edilmiş, kilometrlərlə məhəllə və kənd daxili yollar sahmana salınmış, su arxları təmizlənmiş, idman qurğuları quraşdırılmış, sadə idman meydançaları inşa edilmişdir.

 “Bir bələdiyyə - azı bir layihə” kəlmələrini gündəlik fəaliyyətlərinin əsas çağırışına çevirmiş bələdiyyələrimiz bu təşəbbüs çərçivəsində dəyəri milyonlarla manat təşkil edən 3 mindən çox sosial yönümlü layihə həyata keçirmişlər. Onlar bu gün də “Bir bələdiyyə - azı bir layihə” təşəbbüsünü böyük həvəslə davam etdirir, yerli əhəmiyyətli yeni-yeni layihələr həyata keçirirlər.

Həyatda insanın üç müəllimi olur - valideynləri, müəllimləri və təcrübəsi. Artıq Azərbaycan bələdiyyələrinin təcrübəsindən danışmağın vaxtı gəlib çatmışdır. Həqiqətən, 9 ilə yaxın bir müddət ərzində keçdiyimiz yola, görülmüş işlərə, əldə edilmiş nəticələrə nəzər salsaq görərik ki, əksər bələdiyyələrimiz bu müddət, xüsusilə də son bir il ərzində xeyli yetkinləşmiş, öz dəsti-xəttini tapmış, müəyyən təcrübə toplamışlar.

Həm ölkəmizin, həm də dünya bələdiyyələrinin tarixinə, onların fəaliyyətini tənzimləyən sənədlərə nəzər salsaq görərik ki, onlarda qabaqcıl, maraqlı iş təcrübəsinin öyrənilib yayılmasına böyük əhəmiyyət verilir. Ona görə də assosiasiyalarımız  bələdiyyələrin yerli əhəmiyyətli sosial məsələlərin həllində fəaliyyətini öyrənmək, qabaqcıl təcrübəni müəyyən edib yayılmasını təşkil etmək  məqsədi ilə şəhər, qəsəbə və kənd bələdiyyələrinin dəyirmi masalarını keçirmək qərarına gəldilər.

“Bir bələdiyyə - azı bir layihə” təşəbbüsü çərçivəsində ölkə üzrə həyata keçirilmiş bütün layihələr haqqında məlumat topladıq. Toplanmış materiallar üzərində ciddi və hərtərəfli təhlillər aparıldı. Təhlillər nəticəsində görülmüş işlərin içərisindən  prioritet istiqamətləri  və bu istiqamətlərin hər biri üzrə nəzəri cəlb edən layihələri, bu layihələri  reallaşdırmış bələdiyyələri müəyyən etdik.

Araşdırmaların nəticələri aprel ayının 3-də Şamaxıda, 4-də Bakının Biləcəri qəsəbəsində, 5-də isə Göyçay rayonunun Cəyirli kəndində müvafiq olaraq şəhər, qəsəbə və kənd bələdiyyələrinin milli assosiasiyalarının keçirdikləri dəyirmi masalarda  müzakirə edildi. Dəyirmi masalarda bələdiyyələr gördükləri işləri təqdim etdilər, topladıqları təcrübəni həmkarları ilə bölüşdülər. Tibb, təhsil, mədəniyyət müəssisələrinin binalarının saxlanılmasından, elektrik, qaz, içməli və suvarma su xətlərinin, həmçinin məhəllədaxili və kənd daxili yolların lokal təmirindən, abadlıq işlərindən, idmanın, heyvandarlığın, əkinçiliyin, ailə kəndli təsərrüfatlarının inkişafında bələdiyyələrin rolundan bəhs edən çıxışlar  böyük maraqla qarşılandı.  Məlum oldu ki, bələdiyyələrimizin böyük əksəriyyəti bu məsələlərlə  gündəlik məşğul olur. Fərq yalnız aparılan işlərin miqyasında, keyfiyyətində və qarşıya çıxan problemlərin həlli yollarındadır.

Daha maraqlı təcrübə sahiblərinin söz alıb danışdığı, fikir mübadiləsinin aparıldığı bu dəyirmi masaların işi respublikanın mətbuat səhifələrində, televiziya kanallarında geniş işıqlandırılmış, ölkəmizin bələdiyyə həyatında hadisəyə çevrilmiş, müəyyən rezonans yaratmışdır.

Assosiasiyalar dəyirmi masalarda irəli sürülmüş təklif və ideyaları əsas istiqamətlər üzrə qruplaşdırmışlar.

Qeyd edilməlidir ki, assosiasiyaların hazırladıqları və sizin nəzərinizə çatdırılan bu təşəbbüslər “Bir bələdiyyə - azı bir layihə” təşəbbüsünə alternativ kimi deyil, onun tərkib hissəsi və məntiqi davamı kimi irəli sürülür.

Əsas istiqamətlərdən biri sakinlərlə işin keyfiyyətcə yeni səviyyəyə qaldırılmasıdır. Həyat göstərir ki, fəaliyyətini əhalinin sosial sifarişləri əsasında quran bələdiyyələr daha böyük uğur qazanırlar. Bütün bunları nəzərə alaraq və sosial sifarişlərin sistemli şəkildə öyrənilməsi və vətəndaşların müraciətlərinə qanun çərçivəsində baxılmasını təmin etmək məqsədi ilə assosiasiyalarımız “Bələdiyyə günü” və “Seçicilərimizi eşidək” təşəbbüslərini diqqətinizə təqdim edir. Bu təşəbbüslərə görə hər ayın birinci çərşənbə günü respublika üzrə “Bələdiyyə günü” elan edilir, həmin gün ərzində bələdiyyə sədri, onun müavinləri və müvafiq komissiya rəhbərləri əhalini qəbul etməli, qaldırılan məsələlərə qanun çərçivəsində, operativ surətdə baxmalı, müvafiq cavablar verməlidirlər. “Seçicilərimizi eşidək” təşəbbüsü isə bələdiyyələrimizin öz qrafiklərinə uyğun mütəmadi olaraq apardıqları qəbulların nizamlanmasını, onların mövcud tələblər səviyyəsində təşkil edilməsini nəzərdə tutur.

Ölkəmizin dinamik inkişafına uyğun olaraq regionlarda quruculuq-abadlıq işləri geniş vüsət almışdır. Etiraf etməliyik ki,  bələdiyyələrimiz ərazilərinin abadlaşdırılması sahəsində müəyyən işlər görsələr də, bu işlərin sürəti və həcmi ölkədə gedən inkişaf proseslərinin fonunda hələ kifayət deyildir və biz hamılıqla bu işlərlə daha fəal məşğul olmalıyıq. Bu nöqteyi-nəzərdən abadlaşdırma məsələləri ilə əlaqədar qabaqcıl təcrübəni “Abad məhəllə”, “Abad kənd ” və “Bizim ünvan” təşəbbüsləri kimi bələdiyyələrimizə tövsiyə etmək olar. Bu təşəbbüslər çərçivəsində bələdiyyələr il ərzində abadlaşdırma işlərini davam etdirməli, hər ilin yekunlarına görə isə şəhər və qəsəbə bələdiyyələri “Abad məhəllə”ni, rayon bələdiyyə sədrləri şuraları  “Abad kənd”i müəyyən etməlidirlər.

Ölkədə kütləvi idmanın inkişafına, müasir Olimpiya komplekslərinin tikintisinə, əhalinin bədən tərbiyəsi ilə məşğul olmasına böyük diqqət və qayğı göstərilir. Bundan əlavə,  2008-ci ilin Yay Olimpiya oyunları ili olması, Bakı şəhərinin namizədliyinin 2016-cı il Olimpiya oyunlarının paytaxtı kimi irəli sürülməsi bələdiyyələrimizi bu hərəkatın ölkəmizin bütün, hətta ən ucqar guşələrində də davam etdirməyə həvəsləndirməlidir. Odur ki, onların sadə idman meydançalarının saxlanması, istifadəsi və yenilərinin tikilməsi ilə məşğul olmaları çox yerinə düşərdi. “Sadə idman meydançalarına bələdiyyə qayğısı” və bələdiyyə mükafatları uğrunda yarışların keçirilməsini nəzərdə tutan “Bələdiyyə kuboku” təşəbbüsləri məhz bu məqsədə xidmət edir.

 Yuxarıda adı çəkilmiş dəyirmi masaların və bu günkü konfransın materialları əsasında assosiasiyalar tərəfindən müvafiq  tövsiyələr hazırlanacaq və hər bir bələdiyyəyə çatdırılacaqdır. Bu tövsiyələrin məzmunlu və praktik cəhətdən əhəmiyyətli olması üçün məruzəçilərdən xahiş edirik ki, görülmüş işlərin nəticələrindən danışmaqla bərabər bu nəticələrin əldə edilməsi yollarından, istifadə edilmiş resurslardan, cəlb edilmiş maliyyələşmə mənbələrindən də söhbət açsınlar.

Lakin bununla belə, biz hesab edirik ki, assosiasiyalar bələdiyyələr üçün daha çox iş görməlidirlər. Bir sıra bələdiyyələrlə əlaqəmiz zəifdir. Biz hələ ona nail ola bilməmişik ki, bələdiyyələr assosiasiyaları öz ikinci doğma evləri hesab etsinlər.

Ədliyyə nazirliyinin “Bələdiyyələrlə İş Mərkəzinin” imkanlarından yetərincə istifadə etmirik. Hesab edirik ki, bu münasibətlər daha intensiv, daha işgüzar və mütəmadi xarakter daşımalıdır. Bu yaxınlarda respublikanın bölgələrində mərkəzin və assosiasiyaların birgə təşkil etdikləri və uğurla keçirdikləri bələdiyyə sədrlərinin seminarları bu sahədə irəliləyişlərin olacağını düşünməyə əsas verir. Bu istiqamətdə işlərimizi davam etdirməliyik.

Gözəl bir kəlam var: deyirlər - ”Ən düzgün yol – həyat təcrübəsi ilə gənclik enerjisinin vəhdətidir. Bu sözləri bələdiyyələrimizə də aid etmək olar, çünki onlar yaşlarına görə gəncdirlər, fəaliyyətlərinə görə isə təcrübəli. Əldə edilən nəticələr bizi qane etməməli, fəaliyyətimiz bu gün yeni forma və yeni məzmun ilə davam etməlidir!

Odur ki, icazə verin, bələdiyyə sədrlərinin “Bələdiyyə: yeni forma, yeni məzmun” respublika konfransının işinə uğurlar arzulayım və ümidvar olduğumu bildirim ki, konfrans bələdiyyələrimizin həyatında yeni mərhələ olacaq, fəaliyyətlərinə konkret fayda gətirəcəkdir.

Ölkə bələdiyyələrinin fəaliyyətinin təkmilləşdirilməsində və gücləndirilməsində milli assosiasiyalar bundan sonra da sizlərlə bir olacaqlar!

Diqqətinizə görə minnətdaram!

 

Arxiv
Əlaqə
Ünvan:Sumqayıt şəhəri
5-ci məhəllə, Nizami küçəsi 16
Tel.: (+994 018) 6559547
(+994 018) 6558609
E-mail: info@sumqayit-bl.gov.az