Bələdiyyə Sədrlərinin II Ümumrespublika Toplantısının məruzəsi

Hörmətli Ramiz müəllim,

Hörmətli Toplantı iştirakçıları !

Müəllifi Ümummilli liderimiz Heydər Əliyev olan, bütün demokratik dəyər və prinsipləri özündə əks etdirən Azərbaycan Respublikasının Konstitusiyasında yerli özünüidarəetmə ilə bağlı müddəaların əks olunması ölkəmizdə yeni təşəkkül tapan bələdiyyə institutunun formalaşmasının və inkişafının əsaslarını müəyyənləşdirmişdir. Qısa müddət ərzində, respublikamızda yerli özünüidarəetmənin təşkili istiqamətində çoxsaylı tədbirlər həyata keçirilmiş, beynəlxalq tələblərə cavab verən mütərəqqi qanunvericilik bazası yaradılmışdır.

Ümummilli liderimizin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük əzmkarlıqla həyata keçirdiyi genişmiqyaslı islahatlar ölkəmizin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur. İqtisadi inkişaf strategiyasının yüksək dinamizmlə, uğurla aparılması Azərbaycanı regionun lider dövlətinə çevirmiş, beynəlxalq aləmdə onun nüfuzunu gücləndirmişdir. Möhtərəm Prezidentimiz respublikamızdakı demokratik proseslərə də yeni nəfəs vermiş, ölkənin həm intellektual, həm də iqtisadi potensialını səfərbər edə bilmişdir.

Onun uzaqgörən siyasəti, ardıcıl fəaliyyəti və məharətli idarəçiliyi nəticəsində öz miqyasına və inkişaf tempinə görə heyrətamiz iqtisadi tərəqqi, dünya birliyinə sürətli inteqrasiya prosesi baş vermiş, mühüm regional layihələrin həyata keçirilməsinə imkanlar yaradılmışdır.

Son dörd ildə Respublikamızda ümumi daxili məhsul 96 faiz, dövlət büdcəsi 10 dəfədən çox artmış, vətəndaşların maddi rifahı yüksəlmiş, yoxsulluğun səviyyəsi 49 faizdən 16 faizə düşmüşdür. İşsizlik probleminin həlli məqsədilə 650 mindən çox yeni iş yeri açılmışdır.

Ölkənin sürətli inkişafında, əhalinin sosial rifahının yüksəlməsində, demokratiyanın genişlənməsində yerli özünüidarəetmə orqanları kimi bələdiyyələrin də rolu və iştirakı ildən-ilə artmaqdadır. Yerli əhəmiyyətli məsələlərin həllində artıq bələdiyyələrin konkret iş görmək təcrübələri və özlərinə inamları güclənmiş, nüfuzları yüksəlmişdir. Onların təşkilatlanması və fəaliyyətlərinin əlaqələndirilməsi üçün milli assosiasiyaların fəaliyyəti genişlənmişdir.

Hörmətli Ramiz müəllim !

Sizin iştirakınızla, Bakı şəhərində keçirilmiş bələdiyyə sədrlərinin ilk Ümumrespublika Toplantısından bir il ötür. Yerli özünüidarəetmənin inkişafında və yerli əhəmiyyətli məsələlərin həllində bələdiyyələrin rolunun artırılması, qabaqcıl təcrübənin öyrənilib yayılması, şəffaflığın təmin edilməsi, bələdiyyə üzvlərinin və qulluqçularının maarifləndirilməsi, kadr problemlərinin həlli, gənclərlə işin gücləndirilməsi istiqamətində toplantıdakı nitqinizdə verdiyiniz tövsiyələr ötən dövr ərzində milli assosiasiyalarımız və bələdiyyələr üçün fəaliyyət proqramı olmuşdur. Gərgin iş rejiminizə baxmayaraq Siz bu gün yenə də bizimlə, Azərbaycan bələdiyyələri ilə birlikdəsiniz. Buna görə Sizə toplantı iştirakçıları adından öz dərin minnətdarlığımızı bildiririk!

Hörmətli toplantı iştirakçıları !

Birinci Ümumrespublika Toplantısı milli assosiasiyaların  ”Bir bələdiyyə - azı bir layihə” təşəbbüsünü dəstəkləmiş, ölkə bələdiyyələrini vahid ideya ətrafında birləşdirərək, onları yerli əhəmiyyətli sosial məsələlərin həllinə yönəltmişdir.  Son bir ildə 3 minə yaxın layihəni həyata keçirmiş Azərbaycan bələdiyyələrinin artıq iş təcrübəsindən danışmağa sözləri və əsasları vardır.

Milli assosiasiyalar yerli əhəmiyyətli sosial məsələlərin həllində bələdiyyələrin topladıqları qabaqcıl təcrübənin öyrənilməsi və yayılması məqsədi ilə cari ilin aprel ayında Şamaxı şəhərində, Bakının Biləcəri qəsəbəsində və Göyçay rayonunun Cəyirli kəndində dəyirmi masalar keçirmişlər.

 Dəyirmi masalarda bələdiyyələr tərəfindən şəhər, qəsəbə və kəndlərin abadlaşdırılması, yaşayış məntəqələrində sosial obyektlərin, yolların, sadə idman meydançalarının inşası, təmiri və istifadəsi, elektrik, qaz, su təchizatı, yerli ekoloji problemlərin həlli sahəsində toplanmış iş təcrübəsi barədə məlumatlar verilmiş, işgüzar müzakirələr aparılmışdır.

Cari ilin aprel ayının 16-da Bakı şəhərində keçirilmiş “Bələdiyyə: yeni forma, yeni məzmun” mövzusunda respublika konfransı bir növ bu sahədə  görülmüş işlərə yekun vurmuşdur. Konfransda Yevlax, Şirvan, Xırdalan, Xaçmaz, Yasamal, Suraxanı rayonunun Qaraçuxur, Əzizbəyov rayonunun Mərdəkan, Tovuz rayonunun Qovlar, Masallı rayonunun Çaxırlı və Göyçay rayonunun Cəyirli bələdiyyələrinin iqtisadi, sosial və ekoloji sahələrdə topladıqları müsbət təcrübələri müzakirə olunmuşdur.

Hörmətli Ramiz müəllim,

Konfransın nəticələri onu deməyə əsas verir ki, I Toplantıda Sizin söylədiyiniz: “Arzu edirəm ki, sosial-iqtisadi inkişaf məsələlərinin həllində bələdiyyələrin fəaliyyətində “Bir bələdiyyə-azı bir layihə” təşəbbüsü kampaniya xarakteri daşımasın, ardıcıl davam edən real və işgüzar bir ənənəyə çevrilsin” - tövsiyəniz uğurla davam etdirilərək sistemli xarakter almış, artıq bələdiyyə hərəkatına çevrilmişdir.

2008-ci ilin arxada qalan aylarında işlərin təhlili göstərir ki, ölkə bələdiyyələri yerli əhəmiyyətli məsələlərin həlli çərçivəsində şəhər, qəsəbə və kəndlərin abadlaşdırılması, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin, sadə idman meydançalarının və qurğularının tikilməsi və istifadəsinə dair layihələrin icrasına daha çox önəm verirlər. Bir çox bələdiyyələr bu sahədə öz fəaliyyətlərini sistemli, məqsədyönlü şəkildə qurur  və konkret nəticələr əldə edirlər.

Cari ildə yerli icra hakimiyyəti orqanlarının hesabat yığıncaqlarında və İcra hakimiyyəti başçılarının səyyar görüş-qəbullarında əhali tərəfindən qaldırılmış  sosial  əhəmiyyətli    4 423   məsələdən  yerli  əhəmiyyət  daşıyan

1000-ə yaxınının həyata keçirilməsini bələdiyyələr öz üzərilərinə götürmüşlər.

Abşeron bələdiyyələri imkanlarını rayon üzrə konkret bir məsələnin həllinə istiqamətləndirərək 2007-ci ili səhiyyə, cari ili isə mədəniyyət ili elan etmişlər. Onların təşəbbüsü ilə ötən il rayonun kənd və qəsəbələrində 3 yeni müasir tipli xəstəxana binası tikilib istifadəyə verilmiş, 3 tibb məntəqəsi əsaslı təmir edilmiş, cari ildə isə 3  mədəniyyət evinin inşası, 3-nün isə əsaslı təmiri nəzərdə tutulmuşdur.

Xaçmaz bələdiyyələri də I Toplantıda verdikləri vədlərinə sadiq qalaraq bir çox kəndlərdə poliklinika, ambulatoriya və feldşer-mama məntəqələrini inşa və təmir edərək əhaliyə səhiyyə xidmətinin göstərilməsi üçün lazımı şərait yaratmışlar.

Tovuz bələdiyyələri  isə 2007-ci ili idman və bədən tərbiyəsi ili elan edərək, rayonun bir çox kəndlərində mini stadionların, sadə idman meydançalarının və qurğularının inşasına nail olmuşlar.

Bələdiyyələrimiz 2008-ci ildə İmişli rayonunda klub və kitabxanaların, Cəlilabad, Ağcabədi, Neftçala və Oğuz rayonlarında kənd və məhəllə daxili yolların, Masallı rayonunda isə qaz xətlərinin təmirinə, Göyçay, Ağsu və Ucar rayonlarında suvarma, Yevlax rayonunda içməli su təminatına dair layihələr həyata keçirirlər. Yevlax, Yasamal, Biləcəri, Badamdar, Pirşağı və Mehdiabad bələdiyyələrinin məişət tullantılarının yığılması və daşınması sahəsində fəaliyyətləri də yerli əhali tərəfindən yüksək qiymətləndirilir.

Əhalini narahat edən məsələlərin həlli bələdiyyələrin birbaşa vəzifəsi olsa da, bu istək ürəkdən gəlməsə, ondan uğur gözləməyə dəyməz. Araşdırmalar isə, bir sıra bələdiyyələrdə təşəbbüskarlıq və işgüzarlığın çatışmadığını göstərir. Onlar real iş görmək, əhalinin irili-xırdalı problemlərini həll etmək əvəzinə, heç bir iqtisadi-maliyyə əsaslandırılması olmayan böyük həcmli layihələri kağız üzərində  irəli sürməklə fəaliyyətlərini bitirirlər. Elə bu səbəbdən Dəvəçi, Qusar, Lerik və Yardımlı rayonlarının bələdiyyələri tərəfindən təqdim olunmuş əksər layihələr, qeyri-real olduğu üçün, indiyədək  həyata keçirilməmiş qalır.

Hörmətli Ramiz müəllim,

 “Bir bələdiyyə-azı bir layihə” təşəbbüsü milli assosiasiyaların  yaxından köməyi ilə yeni forma və məzmunla zənginləşir. Assosiasiyalar bələdiyyələri “Seçicilərimizi eşidək”, “Bələdiyyə günü”, “Abad məhəllə”, “Abad kənd”, “Bizim ünvan”, “Sadə idman meydançalarına bələdiyyə qayğısı” və “Bələdiyyə kuboku” kimi yeni təşəbbüslərə qoşulmağa çağırır. Düşünürük ki, bələdiyyələrin “Seçicilərimizi eşidək” və “Bələdiyyə günü” təşəbbüslərinə qoşulması vətəndaşların təklif və müraciətlərinə həssaslıqla yanaşılmasına, qaldırılan məsələlərin qanun çərçivəsində həllinə şərait yaradacaqdır. “Abad məhəllə” və “Abad kənd” təşəbbüsləri isə ölkəmizin bütün bölgələrində gedən quruculuq işlərində, şəhər, qəsəbə və kəndlərimizin inkişafı proseslərində bələdiyyələrin roluna yeni baxış olacaqdır. “Sadə idman meydançalarına bələdiyyə qayğısı” və “Bələdiyyə kuboku” təşəbbüsləri çərçivəsində əhalinin sağlamlığının qorunması, idmanın inkişafı ilə yanaşı gənclər arasında sağlam həyat tərzinin təbliğində bələdiyyələr önəmli rol oynayacaqdır. “Bizim ünvan” təşəbbüsü ilə bələdiyyələr ərazilərindəki meydan və küçələrin adlarını göstərən lövhələrin quraşdırılması və təzələnməsi məsələlərini öz üzərilərinə götürəcəklər.

Hörmətli toplantı iştirakçıları !

2007-ci il bələdiyyələrin həyatında daha bir əlamətdar hadisə ilə yadda qalmışdır. Azərbaycan bələdiyyələri ilk dəfə olaraq Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin təşəbbüsünə qoşularaq ümumavropa tədbirinin - “Avropada Yerli Demokratiya Həftəsi”nin iştirakçıları olmuşlar. Həftə ilə bağlı əvvəlcədən hazırlıq işləri görülmüş, yerli xüsusiyyətlər nəzərə alınmaqla tövsiyələr hazırlanmış, Milli assosiasiyalar tərəfindən bələdiyyə sədrlərinin şəhər və rayonlarda müşavirələri keçirilmişdir.

Cəmiyyətdə müsbət rəy yaratmış həftə çərçivəsində bələdiyyələrdə “açıq qapı” günləri, ziyalılar, ağsaqqallar və məktəbli gənclərlə görüşlər təşkil olunmuş, vətəndaşlarla birbaşa əlaqələrin qurulması üçün “qaynar telefon xətləri”, “bələdiyyə poçt qutuları” və xüsusi məlumat lövhələri quraşdırılmışdır. Bu tədbirlər öz mütəşəkkilliyi və məzmunu ilə seçilmiş, bələdiyyələrin işinə əhalinin marağını artırmış, “vətəndaş – bələdiyyə”, “bələdiyyə – vətəndaş” əlaqələrini möhkəmləndirmişdir.

Təşkilati baxımından yüksək səviyyədə hazırlanmış “Azərbaycanda yerli demokratiya həftəsi”ndə keçirilən 5 minə yaxın görüşdə vətəndaşların irəli sürdükləri minlərlə təklif bələdiyyələrin fəaliyyətinin gücləndirilməsinə sanballı töhfələrini vermişdir. Ölkə rəhbərliyinin də önəm verdiyi və yüksək səviyyədə keçirilən “demokratiya həftəsi”nin səmərəli işi Avropa qurumları tərəfindən qiymətləndirilmişdir.

Toplantıdan ötən dövr ərzində beynəlxalq təşkilatlar ilə əlaqələrin qurulması və möhkəmləndirilməsi milli assosiasiyaların fəaliyyətində prioritet təşkil edən istiqamətlərdən biri olmuşdur. Milli assosiasiyaların rəhbərləri Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin plenar sessiyalarında və müvafiq komitələrinin iclaslarında üzv qismində ardıcıl iştirak etmiş, qəbul olunan qərarlara dair ölkə bələdiyyələrinin mövqeyini bildirmişlər.

Hörmətli toplantı iştirakçıları !

Bələdiyyə təsisatı inkişaf edərək ölkənin demokratik idarəetmə sistemində tədricən öz yerini tutur. Bələdiyyələr yaradılmış münbit şəraitdən faydalanaraq, onlara qanunla verilmiş səlahiyyətlərdən daha bacarıqla istifadə etməyə, ölkədə gedən geniş abadlıq-quruculuq işlərində dövlətin yaxın köməkçisi kimi, işin bir hissəsini öz üzərilərinə götürməyə, seçicilərinin etimadını qazanmağa çalışırlar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2007-2008-ci illərdə respublikanın 10 rayonunda 100 su təmizləyici və  lokal çirkab suları təmizləyici modul tipli qurğuların quraşdırılması üçün keçən ilin iyun ayında sərəncamlar imzalamış, öz ehtiyat fondundan 6,5 milyon manat məbləğində vəsait ayırmışdı. Artıq 50 su təmizləyici və 25 lokal çirkab suları təmizləyici modul tipli qurğular quraşdırılmışdır. Digər qurğuların quraşdırılması da sürətlə davam etdirilir və işlər ilin sonunadək başa çatdırılacaqdır. Sərəncama uyğun olaraq onlara normal texniki xidmətin göstərilməsini təmin etmək və istismarını həyata keçirmək  məqsədilə həmin qurğular müvafiq bələdiyyələrin balansına verilmişdir. Bu məsələ ölkə başçısının kənd adamlarının sağlamlığına, onların həyat səviyyəsinin yaxşılaşdırılmasına göstərdiyi yüzlərlə-minlərlə qayğının ən bariz nümunələrindən biri olmaqla yanaşı, həm də onun Azərbaycan bələdiyyələrinə böyük diqqəti və  etimadının sübutudur.

Bələdiyyələrin tarixinə yeni səhifə yazan, gözəl bir ənənənin əsasını qoyan cənab Prezidentin sərəncamları təkcə əhalinin sosial və ekoloji problemlərinin həlli ilə deyil, həm də bələdiyyələrə yeni səlahiyyətlərin, əvəzsiz mülkiyyətin və əmlakın verilməsi ilə əlamətdardır. El arasında su çəkmək dünyanın ən savab, ən xeyirxah işi sayılır. Cənab Prezidentin bu xeyirxah əməli, qısa müddətdə ən ucqar kəndlərdə 100 000 nəfərdən çox əhalinin içməli su probleminin yüksək dünya standartlarında həllinə,  minlərlə ailələrin sevincinə səbəb olmuşdur. Həmin kəndlərin sakinlərinin, Azərbaycan bələdiyyəsində çalışanların, o cümlədən toplantı iştirakçılarının hamısının adından cənab Prezidentə öz dərin təşəkkürümüzü bildiririk.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kənd təsərrüfatının inkişafına göstərdiyi diqqət və qayğının nəticəsində ailə-kəndli təsərrüfatları möhkəmlənir, ölkənin ərzaq təhlükəsizliyinin təminatında onların rolu artır. İstehsal vahidi kimi kənddə yeni formalaşan çoxsaylı ailə-kəndli təsərrüfatlarının üzvlərinə əmək fəaliyyətini və stajını təsdiqləyən sənədlərin verilməsi məhz bələdiyyələrin müstəsna səlahiyyətlərinə aid edilmişdir. Həmin səlahiyyəti həyata keçirməklə kənd bələdiyyələri əhali ilə daha sıx təmasda olmaq, onları narahat edən məsələləri öyrənməklə lazımi tədbirlər görmək imkanları da  əldə edirlər. Bu həm də ölkənin ərzaq təhlükəsizliyi proqramının həllində, ərazidəki torpaq mülkiyyətçilərinə istehsal üçün lazımi şərait yaradılmasında bələdiyyələrin üzərinə yeni vəzifələr qoyur, bələdiyyə mülkiyyətlərində olan əkinəyararlı torpaqlardan daha səmərəli istifadəyə yönəldir.

Bildiyiniz kimi dövlət başçısının sərəncamına əsasən keçən ildən kənd təsərrüfatı məhsulları istehsalına marağın artırılması üçün bir sıra tədbirlərin həyata keçirilməsinə başlanmışdır. O cümlədən mülkiyyətçilərə torpaq sahəsinin əkilib becərilməsi üçün mineral gübrələrin, yanacağın, əkinlərin sığortalanması xidmətinin dəyərinin bir hissəsinin dövlət büdcəsindən ödənilməsi və digər güzəştlərin tətbiqi kənd təsərrüfatının inkişafına əsaslı zəmin yaratmışdır. Bütün bunlara görə kənd adamları cənab Prezidentə ən səmimi minnətdarlıqlarını bildirirlər.

Hörmətli toplantı iştirakçıları !

Bələdiyyələrin fəaliyyətinin şəffaflıq prinsipləri əsasında qurulması əhalinin onlara inamını artıran əsas amillərdən biridir. Bir çox bələdiyyələr fəaliyyətlərində həmin prinsipləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada təmin edirlər. Lənkəran, Quba, Xaçmaz, Tovuz, Gəncə və Zaqatala bələdiyyələri yerli televiziya kanallarından, Sumqayıt və Şəki bələdiyyələri təsis etdikləri qəzetlərdən, Xudat və Mərdəkan bələdiyyələri isə bukletlərdən istifadə edərək büdcələri və gördükləri işlər barədə əhaliyə mütəmadi məlumatlar verirlər. Digər bələdiyyələrdə də sakinlərlə görüşərək hesabatlar vermək, inzibati binalarının qarşısında, əhalinin sıx məskunlaşdığı ərazilərdə müxtəlif elan lövhələri yerləşdirməklə şəffaflığı təmin etmək praktikası vardır.

Təəssüflə də olsa deməliyik ki, bəzi bələdiyyələrin fəaliyyəti demokratik prinsiplərdən kənarlaşır, onlarda inzibati amirlik, təkbaşına idarəçilik meylləri üstünlük təşkil etməyə başlayır. Belə bələdiyyələrin sədrləri nəinki öz seçicilərinə, hətta bələdiyyə üzvlərinə belə gördüyü işlər, büdcənin gəlir və xərcləri barədə dolğun məlumatlar vermirlər. Əksəriyyətimiz bunu bələdiyyəçilikdə ən yanlış və ziyanlı praktika  hesab edirik.

Bələdiyyələrin büdcəsinin möhkəmləndirilməsində yerli maliyyə mənbələrinin yaradılması ilə yanaşı büdcə şəffaflığı məsələləri də aktualdır. Büdcə barədə sakinlərin müntəzəm məlumatlandırılması, əhalidə bələdiyyələrə inamın artırılmasında güclü vasitə ola bilər.

 Bu halda auditor rəyindən bələdiyyələrin maliyyə-təsərrüfat fəaliyyətini əks etdirən mühüm sənəd kimi istifadə edə bilərdik. Lakin aparılan təhlillər göstərir ki, bələdiyyələrin auditdən keçməsi 2004-cü ildə 45,9 faiz, 2005-ci ildə 40 faiz, 2006-cı ildə 50,1 faiz, 2007-ci ildə isə 51,3 faiz təşkil etmişdir. Assosiasiyalar yerli özünüidarə orqanlarının auditdən yayınma hallarının qarşısının alınması, bu sahədə əməli köməklik göstərilməsi məqsədi ilə bələdiyyələrlə birlikdə daha səmərəli mexanizm  hazırlayıb həyata keçirməyi nəzərdə tutur və sizdən əməli təkliflər gözləyir.

2007-ci ilin yekununa görə respublika üzrə icmal yerli büdcə gəlirləri 89,4 faiz, xərclər isə 83,7 faiz icra olunmuşdur. İcmal yerli büdcənin əsas hissəsini təşkil edən Bakı şəhər bələdiyyələri 2007-ci ildə fiziki şəxslərdən planlaşdırılan əmlak vergisinin 50,3 faizini, küçə reklamlarının yayımına görə ödənişlərin isə yalnız 28,9 faizini toplaya bilmişlər.

Qax, Mingəçevir, Kürdəmir, Daşkəsən, Qəbələ, Siyəzən, Lerik, Gədəbəy və Göygöl rayonlarında bələdiyyələr yerli vergilərin yığılmasını 40 faizdən aşağı yerinə yetirmişlər. Həmin rayonların əksəriyyətində bu göstərici hətta 2006-cı ilə nisbətən azalmışdır. Bir sıra rayonlarda fiziki şəxslərdən əmlak vergisinin yığılması işi olduqca zəif təşkil olunmuşdur. Belə ki, bu mənbədən daxilolma Saatlı, Şəmkir, Zərdab, Masallı rayonlarında nəzərdə tutulanın 9-15 faizini, Hacıqabulda, Gədəbəy və Astara rayonlarında isə 1-3 faizini təşkil etmiş,  Qəbələ rayonunda isə ümumiyyətlə bu sahədən vergi yığılmamışdır. Masallı rayonunda bələdiyyələrin fiziki şəxslərdən topladığı əmlak vergisinin həcmi 2007-ci ildə əvvəlki ilə nisbətən 8 dəfə azalmışdır. Vəziyyət o yerə gəlib çatmışdır ki, Lerik rayonunda fəaliyyət göstərən 99 bələdiyyənin büdcəsinin 81 faizini dövlət büdcəsindən alınan dotasiyalar təşkil etmişdir.

Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi 2007-ci ildə əvvəlki ilə nisbətən Mingəçevir şəhərində 75,2 min manat, Hacıqabul rayonunda 12,2 min manat, Dəvəçi rayonunda isə 2,7 min manat aşağı düşmüşdür. Mingəçevir bələdiyyəsi verginin ödənilməsini qanunsuz dayandırmış hüquqi şəxslərə qarşı məhkəmə iddiası qaldırmış, öz hüququnu qorumaq üçün prinsipial mövqe tutmuşdur. Digər bələdiyyələr də büdcələrinin formalaşdırılması üçün bütün hüquqi addımların atılmasına çalışmalıdırlar.

Respublika üzrə yerli büdcə xərclərinin 29,1 faizini bələdiyyə orqanlarının saxlanılması xərcləri təşkil etmişdir. Bəzi bələdiyyələr 2007-ci ildə yerli büdcəyə topladıqları vəsaitlərin yarıdan çoxunu bələdiyyənin saxlanılmasına yönəltmişlər. Belə ki, Tovuzda yerli büdcənin 66,1 faizi, Qazaxda isə 52,3 faizi bələdiyyələrin saxlanılmasına yönəldilmişdir.

Təəccüb doğuran isə odur ki, 2006-cı ilə müqayisədə 2007-ci ildə icmal yerli büdcə gəlirləri aşağı düşdüyü halda, bələdiyyə orqanlarının saxlanılması xərcləri 4 milyon 221 min manat artmışdır.

Hesabat ilində Bələdiyyələr tərəfindən öz mülkiyyətlərində müəssisə və təşkilatların yaradılması və fəaliyyətlərinin təşkili işi yarıtmaz vəziyyətdə olmuşdur. 2007-ci ildə Milli Assosiasiyalara bələdiyyələrdən əmlakın əldə edilməsi, müəssisələrin yaradılması üzrə ümumi dəyəri 424 000 manat olan 83 layihə daxil olmuş və onların ilin sonunadək həyata keçiriləcəyi bildirilmişdi. Lakin bələdiyyələrin maliyyə mənbələrinin formalaşması və əhalinin işsizlik probleminin həllində, iqtisadi inkişafda mühüm rol oynayacaq bu məsələyə bələdiyyələr ciddi diqqət yetirməmiş, həmin layihələrdən heç biri reallaşmamışdır.

Buna səbəb nədir? Bəziləri yanlış olaraq hesab edirlər ki, bələdiyyələrin yaratdığı müəssisədə mütləq nə isə istehsal olunmalıdır. Lakin nəzərə almırlar ki, bələdiyyə xidmət göstərən orqandır. Bələdiyyələrin yaratdığı müəssisələr də əsas etibarı ilə xidmət müəssisələri olmalıdır. Hətta geniş maliyyə imkanlarına malik olan Abşeron, Sabunçu, Binəqədi rayonlarının bələdiyyələri belə bu sahədə təşəbbüs göstərmir, əsas gəlir mənbəyi kimi bələdiyyə torpaqlarının özgəninki ləşdirilməsinə üstünlük verir, dayanıqlı yeni gəlir mənbələrinin yaradılmasına laqeyd münasibət bəsləyirlər. Elə bunun nəticəsidir ki, 2007-ci ilin yekunlarına görə respublika üzrə bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan yerli büdcəyə cəmi 200 manat və ya proqnozun 0,4 faizi qədər mənfəət vergisi daxil olmuşdur.

Bələdiyyə büdcələrinin gəlirlərində, xüsusilə şəhərlərdə küçə reklamlarının yerləşdirilməsindən və avtomobil dayanacaqlarından yığılan ödənişlərin xüsusi çəkisinin artırılmasına böyük imkanlar vardır. Lakin burada da  ziddiyyətli faktla üzləşirik: respublikada avtomobillərin sayının böyük sürətlə artdığı bir şəraitdə, bələdiyyələr tərəfindən avtomobil dayanacaqlarına görə toplanan ödənişlərin həcmi 2007-ci ildə 2006-cı ilə nisbətən demək olar ki, iki dəfə azalmışdır.

   Bələdiyyələrin maliyyə problemlərinin meydana çıxmasında səriştəsizlik, qanunvericiliyə tam bələd olmamaq, passivlik kimi subyektiv səbəblərlə yanaşı obyektiv məqamlar da vardır. Məsələn, əmlak vergisi hesablanarkən fiziki şəxslərin mülkiyyətində olan daşınmaz əmlakın təkmil qiymətləndirmə mexanizminin olmaması yerli büdcənin formalaşmasına öz mənfi təsirini göstərir. Bu məsələnin həllində biz Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən əməli köməklik gözləyirik.

Ötən ilin oktyabr ayınadək bələdiyyələrimiz büdcələrini əsas etibarı ilə mülkiyyətlərində olan torpaqların satılması və icarəyə verilməsi yolu ilə formalaşdırsalar da, hərrac və müsabiqə kimi mütərəqqi bazar iqtisadi metodlarından istifadə etməmişlər. Ötən ilin sonlarından bələdiyyə mülkiyyətində olan torpaqların alqı-satqısı və icarəyə verilməsinin yalnız hərrac və müsabiqələrdə reallaşdırılması barədə qanunvericilikdə edilmiş dəyişikliklər, torpaqlarda “digər maraqları olan” tək-tək bələdiyyələrdən başqa, hamı tərəfindən razılıqla qarşılanmışdır. Ona görə ki, yeni şərtlər  bələdiyyələrin büdcələrinə daxilolmaların və torpaqların idarə edilməsinin səmərəliliyinin artırılmasına, bu sahədəki neqativ halların aradan qaldırılmasına  imkanlar  yaradacaqdır.  Lakin hərrac və müsabiqələrin təşkili ilə bağlı müvafiq normativ hüquqi sənədlərin bu günədək qəbul olunmaması icarə müddəti bitmiş müqavilələrin yenidən bağlanmasında , xüsusilə icarədar əkinçiləri və kiçik sahibkarları çətin vəziyyətə salır.

Hörmətli Ramiz müəllim,

I Ümumrespublika Toplantısında torpaqlarının mülkiyyətinə dair müvafiq sənədlərin alınmasındakı çətinliklər barədə bələdiyyələrin bir qismi tərəfindən qaldırılmış məsələyə Siz öz münasibətinizi bildirmişdiniz. Məlumat vermək istəyirik ki, ötən dövr ərzində xəritəsi olmayan bələdiyyələrdən 164-ü artıq müvafiq sənədləri almış, hazırda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində 518 bələdiyyənin hüquqi sənədlərinin hazırlanması üzərində iş davam etdirilir. Lakin müxtəlif obyektiv və subyektiv səbəblərə görə 141 bələdiyyənin, o cümlədən, Bakı şəhərinin 52 bələdiyyəsinin ərazisində yerquruluşu işləri aparılmır.

Keçən toplantıda da ciddi vurğulandığı kimi, bələdiyyə institutunun inkişafında mühüm amillərdən biri olan peşəkar milli kadrların hazırlanması və maarifləndirmə işinin təşkilinə diqqətin artırılmasıdır.

 Milli assosiasiyalar Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyası və Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ilə bu sahədə birgə iş qurmuşdur. Lakin qeyd olunan tədris müəssisələrində təşkil edilən kurslar obyektiv səbəblərdən çoxsaylı bələdiyyə üzvlərini və qulluqçularını əhatə etmək imkanında deyildir. Bəzi hallarda isə bələdiyyə nümayəndələrinin müxtəlif səbəblərdən Bakıya gələ bilməməsi yerlərdə səyyar kursların və seminarların sayının artırılmasını, bu işdə yeni forma və metodların tətbiqini zəruri edir.

 Hesab edilir ki, bələdiyyələrin fəaliyyətinin əsası seçkilərdə qoyulur. 1999-cu ilə nisbətən 2004-cü ildə seçilmiş bələdiyyə üzvləri arasında müsbət keyfiyyət dəyişiklikləri baş vermişdir. Buna baxmayaraq, yeniləşən, müasirləşən, güclənən respublikamızın kadr potensialı ilə indiki tərkib ayaqlaşmır. Ötən seçkilərin nəticələrinə görə bələdiyyə üzvlərindən  yalnız üçdə biri ali təhsillidir. Bələdiyyə üzvləri arasında qadınlar və gənclər çox az sayda təmsil olunmuşlar.

Biz növbəti bələdiyyə seçkilərinə artıq 10 illik təcrübə ilə gedərək əhali arasında təbliğat, təşviqat işlərini elə aparmalıyıq ki, bacarıqlı, peşəkar,  təşəbbüskar, müasir düşüncə tərzi olan şəxslər, o cümlədən qadınlar və gənclər öz namizədliklərini irəli sürsünlər. Xalq isə artıq öz seçimini edəcəkdir.

Hörmətli Toplantı iştirakçıları !

Yerli özünüidarəetmənin inkişafının əsas şərtlərindən biri bələdiyyələrin potensialının gücləndirilməsidir. Azərbaycan bələdiyyələri arasında  əhalisinin sayı az, ərazisi isə kiçik olan bələdiyyələr çoxdur. I Ümumrespublika Toplantısında əhalisinin sayı az olan bələdiyyələrin birləşməsi məqsədəmüvafiq hesab edilmişdir. Ötən dövr ərzində bələdiyyələrin birləşdirilməsi mexanizminin təkmilləşdirilməsinə dair milli assosiasiyalar tərəfindən təkliflər hazırlanaraq aidiyyəti orqanlara təqdim edilmiş, məsələyə Milli Məclisdə baxılmış və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müvafiq qanun imzalanmışdır. Birləşmək üçün bələdiyyələr özləri maraqlı olmalı, bununla bağlı təşəbbüslər irəli sürməli və birləşmənin gələcəkdə həm bələdiyyələrə, həm də əhaliyə verəcəyi fayda barədə seçicilərlə maarifləndirmə işləri aparmalıdırlar. Bu məsələlər növbəti bələdiyyə seçkilərinədək həll edilməlidir.

Hörmətli toplantı iştirakçıları!

Azərbaycan Respublikası Prezidentinin seçkilərinə az müddət qalmışdır. Mövcud qanunvericiliyə uyğun olaraq seçkilərdə yerli özünüidarəetmə orqanlarının da üzərinə mühüm vəzifələr düşür. İnzibatı ərazilərimizdə seçki məntəqələrinin təşkilində, onların bina və otaqlarla, lazımi şəraitlə təmin olunmasında, seçici siyahılarının hazırlanması və dəqiqləşdirilməsində, digər təşkilatı məsələlərin həllində bələdiyyələrin imkanı daxilində iştirakı bizim birbaşa vəzifə borcumuzdur.

 Hörmətli Ramiz müəllim,

Sizi əmin etmək istəyirik ki, bu mühüm kampaniyanın yüksək səviyyədə, demokratik, azad və şəffaf keçirilməsi üçün bələdiyyələr öz səlahiyyətləri çərçivəsində üzərilərinə düşən bütün vəzifələri tam yerinə yetiriləcəklər.

Hörmətli Ramiz müəllim, Eyni zamanda xalq tərəfindən seçilmiş, hər gün xalqla təmasda, onların içərisində olan bələdiyyələr toplantı ərəfəsində keçirdikləri yığıncaq və görüşlərdə bir fikri səsləndirmiş və onu ümumiləşdirərək Ümumrespublika Toplantısına aşağıdakıları çatdırmağı xahiş etmişlər:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında böyük əzmkarlıqla həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi islahatlar ölkəmizin hər bir guşəsini əhatə edir. Yüksək inkişaf tempi ilə aparılan bu islahatları görən hər bir Azərbaycan vətəndaşının ürəyi sevinc və fərəh hissi ilə döyünür. Çünki bizim hər birimizin gülüstana, laləzara çevrilmiş Azərbaycan kimi vətəni və hər bir vətəndaşın qayğısını çəkən İlham Əliyev kimi Prezidenti vardır!

İlham Əliyev Azərbaycanı həmişə irəliyə, inkişafa və tərəqqiyə aparan liderdir. Xalqımız Azərbaycanın təkcə bu gününü deyil, həm də gələcək taleyini Ulu öndərin müəyyənləşdirdiyi və məhz möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla həyata keçirdiyi və xalq tərəfindən birmənalı şəkildə müdafiə olunan siyasi xətti ilə bağlayırlar. Bütün bunlara görə Azərbaycanın xoşbəxt sabahını, xalqının firavan həyatını və övladlarının işıqlı gələcəyini arzulayan hər kəs artıq öz seçimini etmişdir.  Bu seçim heç bir alternativi, müqayisəyə gələ biləcək opponenti olmayan, xalqın vahid lideri - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir, yalnız İlham Əliyevdir!

Diqqətinizə görə təşəkkür edirəm!

Arxiv
Əlaqə
Ünvan:Sumqayıt şəhəri
5-ci məhəllə, Nizami küçəsi 16
Tel.: (+994 018) 6559547
(+994 018) 6558609
E-mail: info@sumqayit-bl.gov.az