Bələdiyyə Sədrlərinin I Ümumrespublika Toplantısının məruzəsi

Hörmətli Ramiz müəllim,

Hörmətli  toplantı iştirakçıları!

Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Konstitusiyamızın qəbulundan sonra ölkəmizdə bələdiyyə institutunun yaradılması istiqamətində də ardıcıl işlər görülməyə başlanmış, qanunvericilik bazası yaradılmışdır.

Təcrübəli dövlət qurucusu 1999-cu ildə bələdiyyələrə ilk seçkilər öncəsi xalqa müraciətində demişdir: “Biz Azərbaycanda qeyri-dövlət, tam müstəqil xarakterli yerli özünüidarəetmə orqanları yaradırıq, bu, həm də demokratiyanın inkişafı deməkdir, eyni zamanda ölkəni idarə etməkdə vətəndaşlarımıza imkanlar yaradılmasının göstəricisidir. Yerli özünüidarəetmə orqanları yerlərdə səlahiyyətləri çərçivəsində, qanun çərçivəsində çox işlər görə bilərlər. Beləliklə, onlar dövlətin yükünü müəyyən qədər yüngülləşdirəcəklər”.

Biz bu tarixi fikirlərin mərhələ-mərhələ həqiqətə çevrilməsinin şahidləriyik. İlk beş ildə həm vətəndaşlar bələdiyyələrin səlahiyyətlərinin, həm də onun fəaliyyətində öz vəzifələrinin nədən ibarət olduğunu bildilər.

Ümummilli liderimizin hələ 1999-cu ilin dekabrında söylədiyi kimi 2004-cü ildə bələdiyyələrə keçirilən seçkilər daha mütəşəkkil idi, rəqabət güclü idi.

Hörmətli toplantı iştirakçıları!

Bu gün ümummilli liderimizin siyasi kursunun uğurlu davamı, vətəndaş cəmiyyətinin, xalq-iqtidar birliyinin gündən-günə möhkəmlənməsi, dövlətin daxili və xarici siyasətinin yalnız xalqın mənafeyinə xidmət etməsi ölkəmizin regionda lider dövlət olmasını şərtləndirən amillərdəndir. Bu sürətli inkişafla bələdiyyələr də ayaqlaşmalıdırlar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlətin idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirdiyi siyasətin kökündə bələdiyyələrin inkişaf etdirilməsi məsələləri də dayanır. Cənab Prezident İlham Əliyev dəfələrlə qeyd etmişdir ki, Azərbaycan bələdiyyələrinin səlahiyyətləri artırılacaqdır.

Bu gün bələdiyyə üzvlərinin və qulluqçularının sayı 40 min nəfərdən çoxdur.

Bildiyiniz kimi, hazırda ölkəmizdə regionların sosial-iqtisadi inkişafı, yoxsulluğun azaldılması istiqamətində Dövlət Proqramları, çoxsaylı layihələr həyata keçirilir. Dövlətin gördüyü işlər bələdiyyələrin işini asanlaşdırır, onların fəaliyyət göstərdiyi inzibati ərazilərdə illərlə yığılıb qalmış problemləri həll edir.

“Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi” və “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004 -2008-ci illər)” təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərman və sərəncamlarından irəli gələn vəzifələrin müvəffəqiyyətlə həlli ölkəmizin hərtərəfli tərəqqisi üçün əsaslı zəmin olmuşdur.

Cənab Prezidentin bölgələrə müntəzəm səfərləri, verilmiş tapşırıqların icrasının onun özü tərəfindən şəxsən yoxlanılması, görülmüş işləri qiymətləndirməsi, əhalinin ehtiyaclarına həssas münasibəti bizim hər birimizə nümunə, örnək olmalıdır.

Bu gün hər bir bölgədə yüksək inkişaf tempi müşahidə olunur, şəhərlərin, qəsəbə və kəndlərin siması gündən-günə dəyişir, sürətlə abadlıq-quruculuq işləri aparılır, sosial problemlər həll edilir.

Cəsarətlə deyə bilərəm ki, bu inkişafda bələdiyyələrin də fəal iştirakı, gözə görünən payı vardır.

            Toplantıların yekunlarını təhlil etdikdən sonra bizdə belə bir əminlik yarandı. Azərbaycan bələdiyyəsinin 7 illik tarixi səmərəsiz keçməmişdir. Onların artıq öz ənənələri yaranmışdır. Son bir neçə ayda bələdiyyələrimiz onlarda öz qüvvələrinə, öz imkanlarına möhkəm inam yarandığını sübut etdilər.

            Ölkə üzrə ilk dəfə keçirdiyimiz bu toplantılarda mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, Milli Assosiasiyaların, əlaqədar idarə və müəssisələrin nümayəndələrinin iştirakı ilə bələdiyyə sədrlərinin dialoqu baş tutmuşdur.

Toplantılara gedərkən biz “Bir bələdiyyə - azı bir layihə” təşəbbüsünü irəli sürmüş və bələdiyyələri bu işə qoşulmağa çağırmışdıq. Nəticədə təşəbbüs bələdiyyələr tərəfindən tam dəstəklənmiş və onların iclaslarında bəyənilərək müvafiq qərarlar qəbul edilmişdir. Bələdiyyələr tərəfindən 5000-dən çox təklif irəli sürülmüşdür ki, onların da 2900-ün  bələdiyyələrin özləri tərəfindən bu il həyata keçirilməsi qərara alınmışdır.

Xaçmaz rayonundakı  kənd bələdiyyələrinin 15-i öz ərazilərində feldşer-mama məntəqəsi tikməyi qərara almış, bu işə başlamışlar.

Həmin rayondakı Müqtədir bələdiyyəsi isə öz imkanları və donorların köməyi ilə 20 çarpayılıq xəstəxana binasının tikintisinə başlamış və son iki ayda artıq işin 40 faizi görülmüşdür.

Cəlilabad rayonunda Gülməmmədli bələdiyyəsi də 2 mərtəbəli 20 çarpayılıq xəstəxananın tikintisinə başlamış, birinci mərtəbəsində tikintini yekunlaşdırılmış, inşaat işləri bu il başa çatdırılacaqdır.

            Şəhər, qəsəbə və kənd bələdiyyələri tərəfindən ilin sonunadək reallaşması nəzərdə tutulan layihələr Milli Assosiasiyalarda geniş təhlil olunaraq, ümumiləşdirilmişdir. Layihələrin bir qismi, yerli sosial müdafiə və sosial inkişaf məsələlərinə aiddir. Bu  proqram çərçivəsində təhsil, səhiyyə, mədəniyyət, enerji təchizatı və əhaliyə müxtəlif xidmətlər, yolların təmiri, kimsəsizlərə, xəstələrə, qocalara və valideyn himayəsindən məhrum olmuşlara, habelə istedadlı uşaqlara, fiziki tərbiyə və idmanın inkişafına yardım məsələləri ilə bağlı 1323 layihənin həyata keçiriləcəyi gözlənilir.         

Təhlillər göstərir ki, yerli ekoloji proqramlar istiqamətində parkların salınması, ağacların əkilməsi, məişət tullantılarının yığılması və nəqli, torpaqların şoranlaşmadan təmizlənməsi, çay və sel sularından kiçik müdafiə bəndlərinin, drenaj kanallarının təmiri sahəsində də bələdiyyələr öz sözlərini deyəcəklər. Bu sahədə həyata keçiriləcək layihələrin dəyəri 1 milyon manata çatır.

            Yaxşı haldır ki, bələdiyyələrin bir çoxu iş görmək üçün artıq bəhanə  yox, vasitələr, imkanlar axtarır, bütün potensialı səfərbər edirlər. Buraya təkcə maliyyə imkanlarının axtarılması deyil, əhalinin sosial problemlərinin həlli, digər iş adamlarının, real donorların cəlb olunması, insanların ən mühüm ehtiyaclarından irəli gələn sosial sifarişlərin həllinə dövlət orqanlarının da diqqətinin yönəldilməsi daxildir.

            Artıq bələdiyyələr həm öz seçicilərinin, həm də dövlətin etimadını qazanırlar.

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar” və “Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında” sərəncamlar imzalamışdır.

2007-2008-ci illərdə quraşdırılması nəzərdə tutulan su təmizləyici və 12 lokal təmizləyici modul tipli qurğulara Azərbaycan Respublikasının Prezidenti öz ehtiyat fondundan 6,5 milyon manat məbləğində vəsait ayıracaqdır. Onların normal və fasiləsiz istismarı, texniki xidmətin göstərilməsini təmin etmək məqsədilə həmin qurğular qanunvericiliyə uyğun olaraq müvafiq bələdiyyələrin istifadəsinə verilir.

Bələdiyyələrin tarixinə yeni səhifə yazan, gözəl bir ənənənin əsasını qoyan Azərbaycan Prezidentinin sərəncamları həmçinin bələdiyyələrə ölkə başçısının böyük diqqət göstərdiyinə ən bariz sübutdur.

Azərbaycan Dövlətinin başçısının sərəncamları təkcə əhalinin sosial və ekoloji problemlərinin həlli ilə deyil, həm də bələdiyyələrə yeni səlahiyyətlərin, mülkiyyətin, əmlakın verilməsi ilə əlamətdardır. Bütün bunlara görə cənab Prezidentə Azərbaycan bələdiyyəsində çalışanların hamısının adından, o cümlədən toplantı iştirakçıları adından minnətdarlığımızı çatdırmaq istərdim.

            Bələdiyyələr əhalinin içməli və suvarma suyuna olan tələbatının ödənilməsi, drenaj-kollektor şəbəkəsinin, kəndarası yolların təmiri və digər məsələlərə dair zəruri olan 915 təklif irəli sürmüşlər. Həmin təkliflərin Milli Assosiasiyalar tərəfindən ümumiləşdirilərək, aidiyyəti icra orqanları ilə birgə həlli imkanları axtarılacaqdır.

            Milli Assosiasiyalara daxil olan yerli əhəmiyyətli layihələr  yerli iqtisadi inkişaf proqramları üzrə də  təsnifatlaşdırılmışdır. Bu istiqamətdə ilin sonunadək həyata keçiriləcək yerli əhəmiyyətli əmlakın əldə edilməsi, müəssisələrin yaradılması üzrə dəyəri 1,8 mln. manat olan 154 layihənin reallaşacağı nəzərdə tutulur.

            Bələdiyyələrin maliyyə mənbələrinin formalaşması və əhalinin işsizlik probleminin həllində, iqtisadi inkişafda mühüm rol oynayacaq bu məsələyə bələdiyyələrimiz indidən ciddi diqqət yönəltməyi təklif edirlər.

            Onlar hesab edirlər ki, bu gün bələdiyyələrin əmlakında olan resurslar hesabına gəlir gətirən yeni sahələr yaradılmalıdır.

            Geniş vüsət almış “Bir bələdiyyə-azı bir layihə” təşəbbüsü cəmiyyətin həyatında bələdiyyələrin nə qədər lazımlı olduğunu bir daha təsdiq edir.

            Bələdiyyələrin vəzifələrinin icrasında qarşıya çıxan problemlər, çətinliklər və onların aradan qaldırılması üçün həyata keçirilməsi zəruri olan tədbirlər, işin səmərəliliyini yüksəltmək, fəaliyyəti gücləndirmək barədə konkret təkliflər də irəli sürülmüşdür.

            Biz hamımız hesab edirik ki, bələdiyyələrin normal fəaliyyətinin əsası seçkilərdən başlayır. Odur ki, daha təcrübəli, hər bir vətəndaşın probleminə qayğı ilə yanaşan, ünsiyyət qurmaq qabiliyyəti olan namizədlərə üstünlük verilməlidir. Həqiqətən ilk seçkilərdə seçicilər təcrübəsizlikdən, obyektiv və subyektiv səbəblər üzündən peşəkarlar, idarəetmədə böyük səriştəsi olanlarla yanaşı, şəxsi məqsədini üstün tutanları, yerli özünüidarəetmə funksiyasından inzibatçılıq yolu ilə istifadə etmək istəyənləri, bələdiyyə əmlakına şəxsi qazanc mənbəyi kimi baxanları da seçmişdilər. Bəzi yerlərdə qohumbazlıq, tayfa maraqları da olmuşdur. Təbii ki, belələri xalqın etimadını doğrulda bilmədilər, sıramızı tərk etdilər.

Nəticədə 2004-cü il seçkiləri zamanı bələdiyyə üzvü seçilənlər arasında xeyli müsbət keyfiyyət dəyişiklikləri baş verdi. Lakin yeniləşən, müasirləşən, güclənən respublikamızın mövcud kadr potensialı ilə müqayisədə bələdiyyə üzvlərinin tərkibi  hələ də yüksək göstəricilərlə fərqlənmir. Seçkilərin nəticələrinə görə seçilmiş 20346 nəfərdən yalnız 34 faizi ali təhsillidir. Seçilmiş bələdiyyə üzvlərinin içərisində qadınlar isə cəmi 4 faiz təşkil edir. 

Növbəti seçkilərə biz artıq 10 illik təcrübə nəzərə alınmaqla gedəcəyik. Daha bacarıqlı namizədlərin, o cümlədən qadınların və gənclərin namizədlikləri irəli sürülərkən, onların təbliğatına kömək göstərilməlidir. 

Toplantılarda əhalisi az, perspektivsiz bələdiyyələrin sayının çoxluğu, onların qarşılaşdıqları problemlər, çətinliklər, gücsüz vəziyyətə düşmələri çox ciddi şəkildə təhlil olunmuşdur.

Yerli özünüidarə qurumları təşkil olunanda, qanunun verdiyi geniş imkanlardan istifadə edilərək, kiçik kəndlərdə də bələdiyyələr yaradılmışıdır. Həmin bələdiyyələr bu gün ağır maliyyə durumunda olmaqla seçicilərin heç bir tapşırığını, sosial problemlərini həll etmək imkanında deyillər və onların mövcudluğu, açıq desək, kağız üzərindədir.

Belə bələdiyyələrin mövcudluğu həm də seçkilər zamanı əlavə seçki məntəqələri yaradılmasına, xeyli dövlət vəsaitinin artıq sərf edilməsinə səbəb olur, kənd üçün xeyirdən çox zərər verir.

Cəmi 9 ailə-təsərrüfatını özündə birləşdirən, il ərzində əmlak və torpaq vergisi  120 manat, əmək haqqı fondu isə bundan 3 dəfə çox hesablanmış Cəlilabad rayonundakı Ağbulaq bələdiyyəsi kimi bələdiyyələr də vardır. Quba rayonundakı Rəngdar bələdiyyəsi də 26 nəfər vergi ödəyicisi ilə hər hansı sosial problemi həll edə bilməz.

Kiçik bələdiyyələrin başqa bir problemi də üzə çıxır. Həmin bələdiyyələrin büdcəsində hesablanmış əmək haqqı fondu nəzərdə tutulduğu üçün onlar sosial müdafiə fonduna ödəmələr aparmalıdırlar. Əmək haqqı verməyə vəsaiti olmadığı halda fonda borclar artır, hətta bələdiyyələrin hesabına dövlət büdcəsindən dotasiya da daxil olan kimi, vəsait ilk növbədə, qanunauyğun olaraq sosial müdafiə fondunun hesabına ödənilir.

Ölkədə fəaliyyət göstərən bələdiyyələrin 900-dən artığının seçicilərinin sayı 500 nəfərdən aşağıdır. Böyük bələdiyyə təcrübəsi olan Avropa ölkələrində bələdiyyələr ən azı 2000 nəfərin yaşadığı məntəqələrdə yaradılır. Hesab edirik ki, bizdə də əhalisi ən azı 2000 nəfərdən və ya seçicisi 500 nəfərdən az olan yaşayış məntəqələrində bələdiyyələrin təşkilini məhdudlaşdırmaq barədə qanunda müvafiq dəyişikliklər aparılması məqsədəmüvafiq olardı.

Bələdiyyələrimizin fəaliyyəti büdcənin necə formalaşmasından, maliyyə imkanlarından birbaşa asılıdır. Odur ki, həmin məsələ bizim toplantının əsas müzakirə mövzusudur.

Bələdiyyələrin gəlirinin hansı səviyyədə olduğunu təhlil edərkən hamımızı narahat edən məsələlərin toplantılarda daha çox səslənməsinin səbəbləri də aydınlaşır.

Gəlirlərin həcminə görə keçən il birinci yerdə Sumqayıt bələdiyyəsi dayanmış, burada aylıq gəlir təxminən 24711 manat, Mingəçevir üzrə 24000 manat, Əli Bayramlı üzrə 23258 manat, Abşeron üzrə 18544 manat Bakı üzrə 13642 manat olmuşdur. Ən aşağı göstəricilər isə Yardımlı, Füzuli, Daşkəsən bələdiyyələrinə məxsus olmuşdur. Burada bir bələdiyyənin orta aylıq gəliri 35 manatı keçmir.

Lerik rayonunda 99  bələdiyyə fəaliyyət göstərir ki, onların da hər birində aylıq gəlir 61 manat təşkil edir. Bu vəziyyətin təhlili, onun səbəbləri və aradan qaldırılması yolları barədə Milli Assosiasiyalar da təkliflər hazırlamalıdırlar.

Qaldırılan ən mühüm məsələlərdən biri də Bələdiyyələrin büdcə gəlirlərinin formalaşmasıdır. Təhlil göstərir ki, respublika üzrə gəlirin 63 faizindən artığı bələdiyyə əmlakının özəlləşdirilməsindən və icarəyə verilməsindən, 15 faizə qədəri isə torpaq vergisindən daxil olur.

Əmlak vergisindən daxil olmalar bələdiyyələrimizi narahat edir. Maliyyə mənbəyi kimi əmlak vergisi 2002-2004-cü illərdə büdcə gəlirlərində 8 faizi, sonrakı illərdə isə 2,6 faizi keçmir.

Başqa ölkələrin təcrübəsi göstərir ki, əmlak vergisi yerli büdcənin əsas mənbələrindən biridir. Orada əmlak inventar dəyəri ilə deyil, məhz orta bazar qiyməti ilə hesablanır. Bu məqsədlə həmin ölkələrdə qiymətləndirmə şirkətləri fəaliyyət göstərir. Yəqin ki, bu məsələyə bizdə də baxılmalıdır.

Bir sıra bələdiyyələrdə büdcənin formalaşması üçün əlavə vəsaitlərin daxil olması istiqamətində tədbirlər həyata keçirilir. Məsələn Qusar bələdiyyəsi öz büdcəsi hesabına 2 avtobus alaraq xəttə buraxmış, Nəsimi bələdiyyəsi isə heyvandarlıq təsərrüfatı yaradaraq öz büdcəsinə vəsait cəlb etmişdir.

Qusar, Mingəçevir, Sumqayıt, Sərkar kənd (Samux rayonu) və digər qəsəbə kənd, şəhər bələdiyyələri öz büdcələrinə əlavə gəlir gətirilməsi üçün tədbirlər həyata keçirirlər.

Bələdiyyələrin büdcəsinin gücləndirilməsində yerli maliyyə mənbələrinin artırılması və büdcə şəffaflığı məsələləri çox aktualdır. Büdcə şəffaflığı barədə sakinlərin müntəzəm məlumatlandırılması, onlarda bələdiyyələrə inamın artırılmasında güclü vasitə ola bilər. Qanuna görə bələdiyyələr altı ayda bir dəfədən az olmayaraq öz seçicilərinə hesabat verməlidirlər. Bu halda auditor rəyindən bələdiyyələrin maliyyə-təsərrüfat fəaliyyətini əks etdirən mühüm sənəd kimi istifadə edilə bilərdi. Lakin aparılan təhlillər göstərir ki, 2004-2006-cı illərdə  bələdiyyələrin yarısı auditdən keçməmişdir. Assosiasiyalar yerli özünüidarəetmə orqanlarının auditdən yayınma hallarının qarşısının alınması, bu sahədə bələdiyyələrə əməli köməklik göstərilməsi məqsədi ilə xeyli vaxtdır ki, sizinlə müzakirələr aparır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev torpaqlardan səmərəli və düzgün istifadə olunmasını, onu qorumağı hamıya tövsiyə edir.

Bələdiyyələrin mülkiyyətinin əsası və onun büdcəsinin formalaşmasında da ən mühüm mənbə torpaqlardır. Ölkə üzrə bələdiyyə mülkiyyətinə verilmiş 2051378 hektar torpaq sahəsinin təxminən yarısı kənd təsərrüfatına yararlı torpaqlardır. Respublikanın örüş fondunun 40 faizi, əkin torpaqlarının 5 faizindən artığı bələdiyyə mülkiyyətindədir. 17541 hektara qədər həyətyanı torpaq sahələri də bizim mülkiyyətimizdədir.

Təəssüf ki, dövlətin bələdiyyələrə əvəzsiz verdiyi sərvəti özünün şəxsi əmlakı hesab edən, ondan başqa məqsədlə bəhrələnmək arzusunda olanlar da vardır. Məhz belə azlığın günahı ucbatından bələdiyyə sözü bəzi mətbuat orqanlarında, insanlar arasında “torpaq satan” məfhumu kimi hallanır.

Bələdiyyə sədrlərinin çox böyük əksəriyyətinin adından bəyan etmək istəyirəm ki, heç də bütün bələdiyyələr bu ada layiq deyillər. Hamı bilməlidir ki,  hər bir bələdiyyə öz hərəkətinə məsuliyyətlə yanaşmalıdır.

Yeri gəlmişkən deyim ki, 2006-cı ildə bələdiyyələr tərəfindən qanunsuz olaraq, ayrı-ayrı şəxslərin mülkiyyətinə verilmiş 894 hektar, icarəyə verilmiş 665 hektar torpaq sahəsi birbaşa Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi və ya onun iddiası ilə məhkəmələr tərəfindən ləğv edilərək, bələdiyyə mülkiyyətinə qaytarılmışdır.

2007-ci ilin altı ayında da 232 hektar torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınmışdır.

Bələdiyyələrimiz haqlı olaraq torpağa mülkiyyət hüququna dair dövlət aktlarının alınmasında çətinliklər və ləngimələr olduğunu bildirirlər. Bu, xüsusilə Bakı şəhərinin ərazilərinə aiddir. Bakı şəhəri üzrə torpaqların bələdiyyə mülkiyyətinə verilməsini rəsmiləşdirən sənədlər əsassız olaraq icra orqanları tərəfindən illərlə yubadıldığından onlardan səmərəli istifadə edilmir.

Bələdiyyələrimiz də bu sahədə lazımi təşəbbüskarlıq göstərmirlər. İndiyədək 1220 bələdiyyə torpağa mülkiyyətə dair Dövlət Aktları almışdır. 590 bələdiyyəyə texniki sənədlər təqdim olunmuşdur. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə torpaq aktlarının alınması ilə bağlı ünvanlanmış 327 bələdiyyənin müraciəti hələlik müxtəlif səbəblərdən cavabsız qalmışdır. 305 bələdiyyə isə hələ indiyədək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət belə etməmişdir. Özünün yeganə və qiymətli mülkiyyətinin alınmasına bu cür münasibəti heç cür başa düşmək olmur.

Keçirilmiş toplantılarda çox ciddi şəkildə vurğulanmışdır ki, bələdiyyələrin fəaliyyətindəki çatışmazlıqların, nöqsanların kökündə maarifləndirmə işinin çox aşağı səviyyədə və zəif təşkil olunması durur. Çox böyük əksəriyyət qabaqcıl iş təcrübəsinin öyrənib yayılmasını bələdiyyə üzvləri və qulluqçuları üçün ixtisas artırma kurslarının təşkilini hazırkı dövrdə çox mühüm hesab edir. Milli Assosiasiyalar öz fəaliyyətlərində bu istiqamətdə işin təşkilinə xüsusi diqqət yetirməlidirlər.

Bələdiyyə institutunun inkişafında mühüm amillərdən biri peşəkar milli kadrların hazırlanmasıdır. Ölkənin bir neçə ali məktəbində, o cümlədən, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasında, bələdiyyə idarəçiliyi üzrə xüsusi fakültələr, bələdiyyə üzvlərinə və qulluqçularına kömək məqsədilə ona yaxın ali məktəbdə müvafiq dövlət qurumlarında ixtisasartırma kursları və seminarlar fəaliyyət göstərsə də, bələdiyyələrin kadr potensialı günü tələblərindən geri qalır. Bizə elə gəlir ki, bələdiyyələr bu sahədə ixtisaslı kadrların hazırlanması, onların yerləşdirilməsində və işləməsində daha çox maraqlı olmalıdırlar. Milli Assosiasiyalar isə Azərbaycan Respublikası Prezidenti yanında İdarəçilik Akademiyasının imkanlarından istifadə etməklə bu sahədə sistemli işin təşkili üçün təkliflər hazırlamalıdırlar. Milli Assosiasiyalar metodiki vəsaitlər hazırlayıb bələdiyyələrə çatdırılmasının qayğısına qalmalıdırlar.

Avropa ölkələrinin zəngin bələdiyyə təcrübəsinin öyrənilməsi, təhlil edilməsi, münasib sayılanların Azərbaycan şəraitində istifadə olunma imkanlarının araşdırılması və tətbiqi də bizə faydalı olardı.

Təkliflər içərisində bələdiyyələrin müasir inzibati binalarda yerləşməsi, nümunəvi icra aparatının bələdiyyə üzvlərinin və qulluqçularının sosial müdafiəsi haqqında qanunun qəbulu məsələləri də vardır.

 Yerlərdən gələn təkliflər göstərir ki, dövlət və yerli proqramlar hazırlanarkən bələdiyyələrin rəyi nəzərə alınsa yaxşı olar. Bələdiyyə qərarlarının icra edilməməsinə görə məsuliyyəti təmin edən qanun qəbulu da vacib sayılır.

Bələdiyyələr tərəfindən irəli sürülən təkliflər sırasında səlahiyyət məsələləri də çoxluq təşkil edir. Bu barədə yəqin ki müzakirələrdə də fikirlər səslənəcəkdir.

Qarşımızda böyük  vəzifələr durur.

Hamılıqla məqsədimiz demokratiyanın mühüm prinsiplərindən sayılan, vətəndaş cəmiyyətinin inkişafında vacib  mərhələ hesab edilən yerli özünüidarəetmə institutunun ölkəmizdə rolunun və əhəmiyyətinin artırılmasına nail olmaqdır. Əminik ki, bütün bunlara birgə nail olacağıq.

Toplantı iştirakçılarını, dəvət olunan dövlət rəsmilərini müzakirələrdə fəal iştiraka dəvət edirəm.

Diqqətinizə görə təşəkkür edirəm!

Arxiv
Əlaqə
Ünvan:Sumqayıt şəhəri
5-ci məhəllə, Nizami küçəsi 16
Tel.: (+994 018) 6559547
(+994 018) 6558609
E-mail: info@sumqayit-bl.gov.az