Əbülfəz Babayev - Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, 2013-cü ilin hesabat məruzəsi.

 Hörmətli yığıncaq iştirakçıları! 

Azərbaycanın inkişafında, ölkəmizin müstəgillik əldə etməsində dünya şöhrətli şəxsiyyət, ulu öndərimiz Heydər Əliyevin müstəsna xidmətləri hamıya bəllidir və biz bu günkü nailiyyətlərimiz üçün bu böyük şəxsiyyətə daim minnətdar olmalıyıq.

          Bu gün ölkəmizin hər yerində ümummilli liderin 90 illik yubileyi ilə bağlı tədbirlər keçirilir. Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları  Azərbaycan  Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və  Ədliyyə  Nazirliyi  Bələdiyyələrlə İş Mərkəzi ilə birgə “Azərbaycanda Bələdiyyələr İnstitutunun formalaşması və inkişafı”

       

mövzusunda  ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir. Konfransda bugünkü müstəqil Azərbaycanın qurucusu olan Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri, azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi müdrik siyasəti, tarixi uzaqgörənliyi ilə Azərbaycan dövlətinin qurulmasında xidmətləri,hələ sovet dövründən başlayaraq Azərbaycanın bütün sahələrdə inkişafı üçün gördüyü işlər, müstəqilliyimizin əsasını təşkil edən iqtisadi və mənəvi bünövrənin yaradılmasından ötrü həyata keçirdiyi tədbirlər, çətin tarixi şəraitdə və situasiyalarda atdığı qətiyyətli addımlar, Azərbaycanın beynəlxalq nüfuzunun formalaşdırılması və gücləndirilməsi üçün göstərdiyi səylər,  müəllifi olduğu bələdiyyələr institutunun inkişaf prosesində qazanılan uğurlar qeyd edilmişdir. Xalqını və Vətənini bütün varlığı ilə sevən və həyatını xalqına xidmətə həsr edən misilsiz tarixi şəxsiyyət kimi xalqımızın ümummilli liderinin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" sözləri dünya azərbaycanlılarının şüarı olmaqla, soydaşlarımızın həmrəyliyinin təməl daşına çevrilmişdir. 

Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan Respublikası ulu öndərin layiqli davamçısı cənab İlham Əliyevin rəhbərliyi dövründə üğürla inkişaf etmişdir.

2003-cü ildən bəri ümumi daxili məhsul üç dəfə, qeyri-neft sektoru üzrə ümumi daxili məhsulu isə 2,4 dəfə artmışdır. Son 9 ildə Azərbaycanın strateji valyuta ehtiyyatları 28,8 dəfə artaraq 46 milyard dolları ötmüşdür. Yoxsulluğun səviyyəsi 44,7 faizdən 6 faizə, işsizlik isə 5,2 faizə qədər azalmışdır. 2003-2012-ci illərdə Azərbaycan iqtisadiyyatına yönəldilən 128,3 milyard dollar investisiyadan 65,7 milyard dollarını daxili investisiyalar təşkil etmiş və xarici ticarət dövriyyəsi 6,4 dəfə artmışdır. Dünyanın ən nüfuzlu “Standart & Poor`s”, “Fitch” və “Moody`s” beynəlxalq agentliklərinin Cənubi Qafqazda investisiya reytinqinə layiq görülən ilk ölkə də məhz Azərbaycandır. “Qlobal Rəqabətlilik Hesabatı”-nda ölkəmiz 144 ölkə arasında 46-cı, MDB məkanında isə ardıcıl olaraq dörd ildir ki, birinci yerdədir.

2012-ci ildə uğurlu olmuşdur. Ümumi daxili məhsul 2,2 faiz artmışdır. Qeyri-neft sektorumuz keçən il 9,7 faiz artmışdır. Kənd təsərrüfatı təxminən 6 faiz artmışdır. İnflasiya cəmi 1,1 faiz səviyyəsindədir ki, bu, son illərdə ən aşağı səviyyədir. Əhalinin pul gəlirləri isə 13,8 faiz artmışdır. İnvestisiyalar 22 milyard dollardan çox olmuşdur. Bunun 13 milyarddan çoxu daxili, qalanı xarici investisiyalardır.

Hörmətli yığıncaq iştirakçıları!

Əldə olunan iqtisadi uğurlar fonunda ölkə bələdiyyələrin də fəallıqları artıb, onlar  öz səlahiyyətləri çərçivəsində konkret işlər görmüşlər. Bu işlərdə bələdiyyələrə özündə bələdiyyəçilik ideyasını birləşdirən Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyası yaxından köməklik göstərmişdir.

Milli Assosiasiya öz fəaliyyətini prioritet olaraq özünüidarəetmənin inkişafı, vətəndaş cəmiyyətinin qurulmasında və demokratik prinsiplərin təbliğində onların rolunun artırılması istiqamətləri üzrə qurur, bu sahədə geniş və əhatəli proqramlarla çıxış edir, təşəbbüslər irəli sürür, bələdiyyələrin qabaqcıl təcrübələrini öyrənib yayır. Yerli özünüidarəetmə orqanları ilə dövlət, qeyri-hökumət və donor təşkilatları arasında əlaqələr qurur, maarifləndirmə işləri aparır.

Yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin təhlili göstərir ki, bir çox bələdiyyələr öz fəallığını artırmış, zəruri və səmərəli işlərin görülməsinə nail olmuş, abadlıq və quruculuq işlərinin aparılması , sosial obyektlərin, yolların, yaşayış məntəqələrində elektrik və qaz xətlərinin təmiri, su təchizatı, yerli ekoloji problemlərin həlli, sadə idman meydançalarının inşası və istifadəsi sahəsində rollarını artırmış, vətəndaşların ümidlərini doğrultmuşlar.

2012-ci ilin yekununa görə ölkə bələdiyyələri üzrə icmal yerli büdcənin gəlirləri 35 milyon 860 min manat olmuşdur ki, bu da ötən illə müqayisədə 5.1% çox, xərclər isə 35 milyon 806 min manat, ötən illə müqayisədə 8.5 %  çox icra edilmişdir.

Yerli büdcə gəlirlərinin 32,8 %-i yerli vergi və ödənişlərin hesabına, 46,5 %-i bələdiyyə torpaqlarının icarəyə verilməsi  və satışı hesabına, 13,2 %-i dövlət büdcəsindən ayrılan dotasiya hesabına, 15,5 %-i isə maliyyə yardımları,dotasiya, qrantlar və digər gəlirlər hesabına olmuşdur.

Əmlak və torpaq vergisinin yığımında fəallıq nəzərə çarpır. Milli Assosiasiyanın bütün tədbirlərində yerli vergi və ödənişlərin toplanması, mövcud problemlərin həlli yolları araşdırılmış, kütləvi informasiya vasitələrinin imkanlarından və yerli demokratiya həftəsi zamani maarifləndirmə imkanlarından səmərəli istifadə etmişik. Nəticədə, yığımın faizi nisbətən artmışdır. Lakin özünü tənqid prinsipi ilə məsələyə yanaşsaq, heç də bələdiyyənin hamısında ciddi müsbət nəticələr əldə olunmamışdır. Ayrı-ayrı bələdiyyələr vergilərin yığılmasına sözün əsl mənasında biganəlik göstərir, məsələni öz axınına buraxır.

Digərləri böyük imkanlı vergi ödəyicilərinin vergidən yayınmalarına təsir mexanizminin olmaması, real vergi mənbəyi olan vətəndaşların əmlakının qiymətləndirilməsində problemlərin olması və digər faktorların olması ilə izah edirlər. Lakin bu problemlərdən real çıxış yollarını axtarmır, barışdırıcı mövqe ilə kifayətlənirlər.

          Bu isə bələdiyyələrimizdə təşəbbüskarlığın və əlavə gəlir mənbələrinin yaradılması marağının hələ də çox aşağı olmasını göstərir.

          Assosiasiyalar büdcə daxilolmalarının vəziyyəti təhlil edilərkən müəyyən olunmuşdur ki, şəhər bələdiyyələrinin əksəriyyəti özlərinin maliyyə məsələlərini düzgün quraraq Assosiasiyanın nizamnaməsinə ciddi əməl edir, üzvlük haqqını mütamadi vaxtında və tam ödəyirlər. Yasamal, Səbail, Nizami, Nəsimi, Nərimanov, Kəpəz, Xırdalan, Ağsu, Şabran, Şirvan, Hacıqabul, Xızı, Göygöl, İmişli, İsmayıllı, Kürdəmir, Qax, Qazax, Masallı, Mingəçevir, Naftalan, Quba, Qusar, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Sumqayıt, Şamaxı, Şəki, Şəmkir, Ucar, Yardımlı, Zaqatala, Zərdab bələdiyyələrini nümunə kimi göstərmək olar.  Ancaq təəssüflə qeyd olunmalıdır ki, bəzi şəhər bələdiyyələrində vergi və ödənişlərin toplanması çox aşağı səviyyədədir. Hələ də bir sıra bələdiyyələrimiz öz daxili imkanlarından tam səmərəli istifadə edə bilmirlər, öz təsərrüfat fəaliyyətlərini qura bilmir. Nəticədə aktiv quruculuq işlərindən kənarda qalır, hətta belə Assosiasiyaya xırda məbləğdə ödəməli olduqları üzvlük haqlarını da ödəyə bilmirlər. Astara, Balakən, Beyləqan, Biləsuvar, Cəlilabad, Göytəpə, Daşkəsən, Gədəbəy, Göycay, Horadiz, Xaçmaz, Qobustan, Lənkaran, Naftalan və Oğuz bələdiyyələrindən il ərzində  assosiasiyaya  üzvlük haqı daxil olmamışdır. Bir neçə bələdiyyələrdə üzvlük haqlarının ödənilməsində ciddi ləngimələr var. Ağstafa, Goranboy, Dəliməmmədli, Qəbələ və Samux Bələdiyyələri cəmi 1 ay, Liman və Lerik  Bələdiyyələri cəmi 2 ay, Xudat və Tərtər Bələdiyyələri cəmi 3 ay, Bərdə Bələdiyyəsi 5 ay ödəyiblər. Ümid edirəm ki, adları çəkilən şəhərlərin bələdiyyələri bu sahəyə  öz fəaliyyətlərini artıraraq işlərində dönüş yaradacaqlar.

Milli Assosiasiyaların təşəbbüsləri, geniş və əhatəli proqramları, davamlı və məqsədyönlü tədbirləri nəticəsində hesabat dövründə də bələdiyyələr  konkret işlər görmüş, şəhərlərin abadlaşdırılması, sosial obyektlərin, yolların, yaşayış məntəqələrində elektrik və qaz xətlərinin təmiri, su təchizatı, yerli ekoloji problemlərin həlli, sadə idman meydançalarının inşası və istifadəsi sahəsində rollarını artırmışlar.

Ölkə bələdiyyələri tərəfindən böyük razılıqla qarşılanmış və dəstəklənmiş, bu gün də həyata keçirilməsi davam edən “Bir bələdiyyə - azı bir layihə” təşəbbüsü çərçivəsində 2012-ci il ərzində ümumi dəyəri 13 milyon 310 manatdan çox olan 4462 layihə həyata keçirilmişdir. Bu təşəbbüs Milli Assosiasiyaların qabaqcıl Bələdiyyə təcrübəsinə həsr olunmuş “Bələdiyyə: yeni forma, yeni məzmun” respublika konfransında irəli sürdükləri daha yeddi yeni təşəbbüslə inkişaf etdirilmişdir. Bunlar “Seçicilərimizi eşidək”, “Bələdiyyə günü”, “Sadə idman qurğularına bələdiyyə qayğısı”, “Bələdiyyə kuboku”, “Bizim ünvan”, “Abad kənd” və “Abad məhəllə”  təşəbbüsləridir.

Ölkə üzrə həyata keçirilmiş layihələr arasında daha çox yerli əhəmiyyətli yolların saxlanılması 1259 layihə olmaqla 5 milyon 700 min manat, ərazinin abadlaşdırılması və yaşıllaşdırılması 745 layihə olmaqla 1 milyon 600 min manat olmaqla, içməli su təchizat 359 layihə olmaqla 730 min manat təşkil etmişdir.

Həmin layihələrdən 324 layihə yaxud 3 milyon 747 min manatı şəhər bələdiyyələri tərəfindən icra olunmuşdur. Bu gösrərici 2011-ci ildə 253 layihə 3483 manat olmuşdur.  Şəhər bələdiyyələri üzrə həyata keçirilmiş layihələr arasında daha çox ərazinin abadlıq və quruculuq işərinin aparılması 65 layihə olmaqla 1 milyon 335 min manat, yerli əhəmiyyətli yolların saxlanılması 59 layihə olmaqla 798 min manat, “Xeyir və şər evi”nin tikintisi və saxlanılması 17 layihə olmaqla 434 min manat, yaşayış binalarının saxlanılması 13 layihə olmaqla 222 min manat, yaşıllaşdırma işlərinin aparılması 28 layihə olmaqla  138 min manat təşkil etmişdir.

Hesabat ilinin məlumatlarının araşdırılması göstərir ki,  2012-ci il üçün icmal yerli büdcə gəlirlərinin respublika üzrə adambaşına düşən orta göstərici 1 manat 48 qəpik təşkil edir.  Şəhər bələdiyyəsi üzrə 1,18 qəpik təşkil edir, 2011-ci il də isə 1,13 qəpik olmuşdur. Əvvəlki göstərici isə 1,39 manat idi. Xızı (49,88 manat), Oğuz (22,96 manat), Naftalan (8,26 manat), Balakən (4,3 manat), Şirvan (4,12 manat), Sabirabad (4,29 manat), Samux (3,24 manat), Siyəzən (2,72 manat), Gədəbəy (2,71 manat), Xaçmaz (2,59 manat), Göygöl (2,37 manat) bələdiyyələrində adambaşına toplanan gəlirlər orta göstəricidən yuxarıdır.

Diqqətinizə çatdırmaq istəyirəm ki, bu il “Bir bələdiyyə - azı bir layihə” təşəbbüsü çərçivəsində bələdiyyələrin 2013-cü ildə görəcəkləri işlərin uçotu, təhlili və qabaqcıl təcrübənin yayılması ilə bağlı assosiasiyalar tərəfindən qeydiyyat formaları işlənmiş və onlar yerlərdə doldurularaq bizə qaytarılmışdır. Artıq daxil olmuş məlumatlar ümumiləşdirilərək ətraflı təhlillər aparılmışdır.

 Həyata keçiriləcək layihələr arasında daha çox yerli əhəmiyyətli yolların saxlanılması 1245 layihə olmaqla 4 milyon 657 min manat,  ərazinin abadlaşdırılması və yaşıllaşdırılması 781 layihə olmaqla 3 milyon 37 min manat, məişət tullantılarının yığılması və daşınması 290 layihə olmaqla 1 milyon 447 nim manat, “Xeyir və şər evi”nin tikintisi və saxlanılması 48 layihə olmaqla 753 min manat, içməli su ilə təchizat 335 layihə olmaqla 600 min manat, yardım və mükafatların verilməsi 449 layihə olmaqla 703 min manat təşkil edəcyi proqnozlaşdırılır.

Həmin layihələrdən 4 milyon 412 min manata yaxın 288 layihə şəhər bələdiyyələrinin payına düşür. Təhlillər göstərir ki, 2013-cü ildə həyata keçiriləcək 288 layihələr arasında abadlıq və quruculuq işlərin aparılmasına 55 layihə olmaqla 1 milyon 234 min manat, yerli əhəmiyyətli yolların saxlanılmasına 51 layihə olmaqla 982 min manat, yaşıllaşdırma işlərinin aparılmasına 31 layihə olmaqla 249 min manat,  yaşayış binalarının saxlanılmasına 4 layihə olmaqla 228 min manat, məişət tullantılarının yığılması və daşınması 17 layihə olmaqla 171 min manat,  təhsil müəssisələrinin binalarının saxlanılması 6 layihə olmaqla 49 min manat,  “Xeyir və şər evi”lərinin tikintisi və saxlanılması 21 layihə olmaqla 480 min manat, qəbiristanlıqların qorunması 10 layihə olmaqla 65 min manat   xərcləri üstünlük təşkil edir. 42 layihə üzrə 267 min manat yardım və mükafatların verilməsinə xərclənəcək. Bununla yanaşı 2013-cü  ildə  mədəniyyət müəssisələrinin binalarının saxlanılması, yerli əhəmiyyətli tarix və mədəniyyət abidələrinin saxlanılması, sadə idman meydançalarının inşası və saxlanılması layihələrinə vəsait qoyuluşu planlaşdırılmışdır. Əvvəlki illərlə müqayisədə, bir çox şəhərlərdə  “Xeyr-şər ev”in tikintisi və saxlanması layihəsinə də daha çox fikir verilmişdir və cari ildə  bu işlərin yerinə yetirilməsi nəzərdə tutulur.

Milli assosiasiyaların təşəbbüsü ilə vətəndaşların özünüidarəetmə orqanlarının fəaliyyətində və yerli demokratiyanın inkişafında  iştirakının artırılması məqsədi ilə keçirilmiş yerli demokratiya həftələri bələdiyyələrin cəmiyyətdə nüfuzunun artmasına, onların vətəndaşlarla əlaqələrinin möhkəmlənməsinə təkan vermişdir. Bildiyiniz kimi, II Ümumrespublika Toplantısında Azərbaycanda həftənin ənənəvi olaraq hər il keçirilməsi barədə qərar qəbul edilmişdir.

           Bələdiyyələr vətəndaşların yerli özünüidarəetmə orqanlarına olan marağının və  iştirakının artırılması məqsədi ilə “Azərbaycanda Yerli Demokratiya Həftəsi“  tədbirlərini davam etdirmişlər. 2012-ci ilin noyabr ayının 5-dən 11-dək  həftə çərçivəsində bələdiyyələr tərəfindən “İnsan hüquqları bələdiyyənin daha şəffaf fəaliyyətini şərtləndirir” adı altında tədbirlər həyata keçirilmişdir. Həftə ərzində seçicilərin tapşırıqlarının yerinə yetirilməsi, bələdiyyələrin bilavasitə insan hüquqlarına aid olan sənəd və materialları ilə hər bir vətəndaşın tanış olmaq, habelə bələdiyyənin fəaliyyəti haqqında tam məlumat almaq imkanı təmin edilmiş, onların müraciətlərinə baxılmış, 2012-ci ildə görülmüş işlər, o cümlədən “Bir bələdiyyə-azı bir layihə” təşəbbüsü çərçivəsində həyata keçirilmiş layihələr barədə hesabatlar verilmiş, 2013-cü ilin bələdiyyə büdcəsinin və həyata keçirilməsi nəzərdə tutulmuş layihələrin müzakirəsi üçün vətəndaşlarla açıq və qapalı yerlərdə görüşlərin keçirilmiş, bələdiyyələrdə “açıq qapı” günlərinin elan edilmiş və bələdiyyə üzvləri tərəfindən vətəndaşların qəbulu təşkil edilmiş, vətəndaşlarla operativ əlaqələrin təmin edilməsi məqsədilə “qaynar xətt” telefon nömrələri elan edilmiş, “qaynar xətt” vasitəsi ilə qaldırılan məsələlər qeydə alınmış və cavablandırılmışdır. Əhalinin sıx toplaşdığı yerlərdə “Bələdiyyə poçt” qutuları quraşdırılmış, küçələrdə və bələdiyyənin yerləşdiyi binada “İnsan hüquqları bələdiyyənin daha şəffaf fəaliyyətini şərtləndirir”, “Bələdiyyə-vətəndaş, vətəndaş-bələdiyyə əlaqələrini möhkəmləndirək” və “Yerli özünüidarəetmədə vətəndaşların iştirakını təmin edək” şüarları yazılmış plakat və transparantlar asılmışdır. Həftə ərzində keçirilən tədbirlər respublika mətbuatında və  yerli KİV-lərdə işıqlandırılmışdır. Həftə ərzində “İnsan hüquqları bələdiyyənin daha şəffaf fəaliyyətini şərtləndirir” adı altında qəsəbə və kənd  bələdiyyələri də daxil olmaqla  vətəndaşlarla keçirilmiş 6706 görüşdə, 523 mindən artıq vətəndaş iştirak etmiş, bələdiyyədə “açıq qapı” günlərinidə bələdiyyə üzvləri tərəfindən 45 min vətəndaş qəbul edilmişdir. Vətəndaşlarla təşkil olunmuş görüşlərdə onların gündəlik ehtiyaclarından  irəli gələn sosial sifarişlər öyrənilib, həlli vacib yerli əhəmiyyətli məsələlər icra olunmuşdur.

Hörmətli Ümumi Yığıncaq iştirakçıları!

Bələdiyyələrimiz öz fəaliyyətini daha səmərəli qurmaq üçün böyük potensiallara malikdir. Qarşımızda duran əsas vəzifə həmin potensialdan düzgün və səmərəli istifadə olunması və fəaliyyətin davamlı inkişafını təmin edən proqramların hazırlanıb, həyata keçirilməsidir.

Ölkə başçısı cənab İlham Əliyevin sədrliyi ilə Bakı şəhərinin paytaxt ətrafı qəsəbələrinin sosial-iqtisadi inkişafına dair keçən ilin  mart ayında keçirilmiş müşavirədə qaldırılan məsələlər bütün bələdiyyələr üçün də öz aktuallığı ilə mühüm əhəmiyyət kəsb etmişdir. Möhtərəm Prezidentin proqram xarakterli tapşırıqları bələdiyyələr üçün ərazinin sosial-iqtisadi inkişafında başlıca vəzifə olmalı və yerli əhəmiyyətli məsələlərin həllinə həssaslıqla yanaşmalıdırlar. Təəssüflə deməliyəm ki, ayrı-ayrı qurumlar tapşırıqların icrasında ləngimələrə yol verdikləri üçün bələdiyyələrdə qaldırılan məsələlərin həllində çətinliklərlə rastlaşırlar.

Hörmətli Ümumi Yığıncaq iştirakçıları!

Yerli özünüidarəetmə institutunun formalaşmasının ilkin mərhələsi kimi xarakterizə olunan ötən 13 il ərzində Bələdiyyələr daim dövlətin qayğısı ilə əhatə olunmuş, onların fəaliyyəti və inkişafına şərait yaradılmış, zəruri qanunvericilik aktları qəbul edilmişdir.

Azərbaycan Respublikası Şəhər Bələdiyyələri Milli Asosiassiyasının fəaliyyətinin əsas istiqamətlərindən biri də bələdiyyə qanunvericiliyində mövcud olan boşluqların aradan qaldırılması və təkmilləşdirilməsi ilə bağlı Milli Məclisə və Azərbaycan Respublikasının Prezident Aparatının müvafiq qurumlarına təkliflərin hazırlanması, qanun layihələrinə rəylərin bildirilməsi, onların müzakirəsində aktiv iştirak olmuşdur.

Belə ki, Bələdiyyə qanunvericiliyinə 28 oktyabr 2008-ci il tarixində edilmiş dəyişikliklər və əlavələrə dair tərəfimizdən bir sıra təkliflər verilmişdir və onların bir qismi nəzərə alınaraq “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin  10-cu bəndində öz əksini tapmışdır.

25 oktyabr 2011-ci il tarixində bələdiyyəyə aid 7 qanunvericilik aktına edilmiş dəyişikliklər və əlavələr ilə bağlı Asossiasiya tərəfindən verilmiş təkliflərə baxılaraq onların bir qismi qəbul edilmişdir. Bunlardan “Bələdiyyələrin statusu haqqında” Qanunun 15-ci maddəsinə edilmiş  əlavəni, bələdiyyə üzvlərinin məsuliyyətini qaldırmaq üçün – intizam tədbirlərinin tətbiqinə dair bəndləri göstərmək olar.

Hazırda Milli Məclisin Regional Məsələlər Komitəsində Şəhər Bələdiyyələri Milli Asosiassiyasının “Bələdiyyə torpaqlarının idarəedilməsi haqqında” Qanununa və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə dəyişikliklər edilməsinə dair verilmiş təkliflərin bir qismi: “Bələdiyyə torpaqlarının idarəedilməsi haqqında” Qanunun 9.1.-ci maddəsinə əlavə, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 14-cü, 16-cı və 23-cü bəndlərinə dəyişikliklərə baxılmışdır və onlar müzakirə olunmaq üçün Milli Məclisin iclasına çıxarılmasına dair qərar qəbul edilmişdir.

Qeyd etmək lazımdır ki, bu dəyişikliklər çox böyük önəm kəsb edir, belə ki, uzun müddətdir ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin  14-cü və 23-cü bəndlərində nəzərdə tutulmuş müddətlər (5 gün) bir qayda olaraq pozulurdu. 16-cı bənddə isə boşluq var idi, belə ki, fiziki və ya hüquqi şəxsin müraciəti əsasında torpaqayırmadan imtina halı üzrə qərar qəbul edilməsi nəzərdə tutulduqu halda torpaq ayrılarkən bu barədə qərarın qəbul edilməsi mövcud deyildi. Qeyd etmək lazımdır ki, bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunların dahada təkmilləşdirilməsinə, mövcud boşluqların aradan qaldırılmasına ehtiyyac vardır.

Bu istiqamətdə Şəhər Bələdiyyələri  Milli Asosiassiyası tərəfindən verilmiş təkliflərin bir qismi baxılmaqdadır. Onların içində yeni qəbul olunmuş normativ hüquqi aktlarda belə bələdiyyələrin fəaliyyətinə maneçilik törədən məqamlar mövcuddur. Bunun da səbəbi qərar layihələri hazırlayan qurumların real vəziyyəti nəzərə ala bilmələləri, prosedur qaydaları keçərkən asosiassiyalarla və bələdiyyələrlə məsləhətləşmə aparmamaları ilə əlaqədardır. Düşünürəmki gələcəkdə Milli Məclisin Regional Məsələlər Komitəsinin köməyi ilə bu problemlər öz həllini tapacaq. Təklif edirəm ki, bu məsələni operativ həll etmək üçün Bələdiyyələrin, Milli Məclisin və əlaqədar müvafiq qurumların hüquqşünaslardan ibarət işçi qrupun yaradılması məsələsinə baxılsın.

Hörmətli Ümumi Yığıncaq iştirakçıları!

Ötən dövr ərzində Milli Assosiasiyaların  Milli Məclis, aidiyyəti nazirlik və idarələrlə işgüzar əlaqələri daha da inkişaf etdirərək fəaliyyətini yeni müstəviyə keçirilmişdir.

Hesabat dövründə yerli özünüidarəetmə məsələləri ilə bağlı Azərbaycan Respublikası Milli Məclisin Regional Məsələlər Komitəsilə birgə sıx iş aparılmış, hesabat dövründə “Komitədə görülən işlərlə”, “Dövlət büdcəsi haqqında”, “Qanunvericilikdə edilən dəyişikliklər” və “Bələdiyyələrin fəaliyyətinə nəzarəti həyata keçirən orqanın hesabatı” məsələsinin müzakirəsi ilə bağlı Komitənin keçirilmiş iclaslarında Milli Assosiasiyaların sədrləri iştirak etmişlər.

Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” təsdiq edilmişdir.

Həmin Proqramın həyata keçirilməsi üzrə Tədbirlər Planının Əks-mərkəzləşdirmə (Bələdiyyələr və QHT-lər) bölməsində Nazirlər Kabineti, ədliyyə, iqtisadi inkişaf, vergilər, təhsil nazirlikləri və aidiyyəti dövlət orqanları qarşısında bələdiyyə qanunvericiliyinin tətbiqi ilə əlaqədar mövcud boşluqların aradan qaldırılması, bələdiyyələr və icra hakimiyyəti orqanlarının səlahiyyətləri, birgə fəaliyyəti və əməkdaşlığı  ilə bağlı normativ hüquqi bazanın və bələdiyyələrin fəaliyyətinə nəzarət mexanizminin təkmilləşdirilməsi, bələdiyyələrin maliyyə əsaslarının, potensialının, davamlı və institusional inkişafının gücləndirilməsi məsələlərinə dair Sizin təklif və rəğbənizi nəzərə alaraq təkliflər paketi hazırlanaraq təqdim olunmuş icrası barədə vəzifələr müəyyən edilmişdir.

Həmçinin, müvafiq icra hakimiyyəti orqanları qarşısında əhaliyə sosial (təhsil, səhiyyə) və kommunal xidmətlərin təşkilində bələdiyyələrin rolunun genişləndirilməsi,  onların əmlakının müəyyənləşdirilməsinin və bələdiyyə büdcələrinin gəlir mənbələrinin artırılması məqsədilə yerli resurslardan istifadə etməklə bələdiyyə sahibkarlığının inkişaf etdirilməsi, böyük şəhər bələdiyyəsi haqqında normativ hüquqi sənədin və bələdiyyə idarəçiliyi sahəsində ixtisaslaşmış kadrların hazırlanması məsələləri ilə də bağlı vəzifələr qoyulmuşdur. Bu vəzifələrin vaxtında icra olunmasını təmin etmək assosiasiyaların və bələdiyyələrin ümdə vəzifələri olmalıdır.

Hesabat dövrü ərzində Assosiasiyalar maarifləndirmə məsələlərinə xüsusi diqqət vermişdir.

 Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi ilə birgə “Yerli özünüidarəetmənin aktual məsələləri” mövzusunda zonalar üzrə seminarlar keçirilmiş, təcrübə mübadilələri təşkil edilmişdir.

Türk Dünyası Bələdiyyələr Birliyi ilə birgə 2012-ci il 23-29 aprel tarixlərində Türkiyənin Kocaeli və İstanbul şəhərlərində təşkil olunan “Yerli özünüidarələr üçün şəhər inkişaf planının həyata keçirilməsi”, “Bələdiyyənin fəaliyyətinə nəzarətin təşkil formaları”, “Parkların salınması və ətraf mühitin qorunması sahəsində yerli özünüidarə orqanlarının rolu”, “Rəhbər işçilər üçün problemlərin həll olunması qaydaları” və s. mövzular üzrə mühazirələrin dinlənilməsi və bələdiyyələr arası təcrübə mübadiləsinin aparılması ilə əlaqədar bələdiyyə sədrlərindən və mərkəzin əməkdaşlarından ibarət nümayəndə heyyətinin geniş təcrübə mübadiləsi aparılmışdır.

Bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılması məqsədilə cənab prezident tərəfindən imzalanmış ”Yerli özünüidarəetmə orqanlarının aktlarının elektron informasiya sistemlərində açıqlanması qaydası haqqında” fərmanda bələdiyyələrin üzərinə konkret vəzifələr qoyulmuşdur. Amma hal-hazırda respublika bələdiyyələrindən cəmi 36-nın internet saytının olması, onlardan isə cəmi 12 bələdiyyənin saytlarının materiallarının yenilənməsi vəziyyətin o qədər də ürəkaçan olmadığını göstərir. Həmin fərmanın icrasından irəli gələn məsələlərin həyata keçirilməsi üçün  2014-cü ilin yanvar ayının birinə qədər bələdiyyələrə vaxt verilmişdir. Odur ki, həm bələdiyyələrimiz həm də milli assosiasiyalarımız bu məsələ ətrafında ciddi düşünməli və konkret fəaliyyət planı hazırlayıb onun icrasını təmin etməlidirlər.

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli 2292 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” çərçivəsində yerli özünüidarə orqanlarının fəaliyyətinin açıq hökumət prinsiplərinə uyğunlaşdırılması, qərarların qəbulu prosesində ictimaiyyətin iştirakının genişləndirilməsi  və şəffaflığın artırılması məqsədi ilə “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” və “Korrupsiyaya qarşı mübarizəyə dair ” 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq olunmuş, bu istiqamətlərdə nəzərdə tutulan tədbirlərin təmin edilməsi yerli özünüidarəetmə orqanlarına tövsiyə edilib.

                Bu il informasiya-kommunikasiya texnologiya ilidir. şəhər bələdiyyələri internet saytlarında öz fəaliyyətləri barədə ictimaiyyətə müntəzəm yeniləşmiş məlumatlar, illik məruzələr internet səhifəsində açıqlanmalı, seçicilər məlumatlandırılmalıdır. Bütün bələdiyyələrin internet səhifələri yaradılmalı, ictimai maraq kəsb edən qərarların qəbul edilməsi prosesində ictimaiyyətin iştirakının genişləndirmək vasitəsi kimi internet səhifələrindən istifadə edilməli, vətəndaşların təklif və səylərinin qəbul edilməsi, müzakirələrin təşkil edilməsi, interraktiv sual-cavab bölmələrinin yaradılması, vergi ödəyicilərinin məlumat bazası yaradılmalı , vətəndaşların zəruri məlumatla təmin edilməsi, yerli vergi və ödənişlərin elektron qaydada ödənilməsinin tətbiq edilməsi istiqamətində işlər təşkil edilməlidir. “Korrupsiyaya qarşı mübarizəyə dair Milli Fəaliyyət Planı” üzrə bələdiyyələrdə qaynar xətlərin yaradılması bələdiyyə rəhbərləri tərəfindən mütəmadi olaraq vətəndaşların birbaşa, o cümlədən səyyar qəbulunun təşkili, bələdiyyə ərazisində ərizə və şikayətlərin elektron qaydada qəbulu və rəsmi cavablandırılması işinin tətbiqi, nəqd hesablaşmaların həcminin azaldılması, torpaq müsabiqə və hərracların təşkili zamanı internet səhifələrində məlumatların verilməsi təmin edilməlidir. Bələdiyyələrin aparatlarında qulluğa qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsini nəzərə alaraq işə qəbul zamanı namizədlərin müvafiq ixtisas , iş təcrübəsi və etik davranışlarına fikir verilməlidir. 

                “Azərbaycan-2020: Gələcəyə Baxış” İnkişaf konsepsiyasının Qanunvericiliyin təkmilləşdirilməsi və institusional potensialın gücləndirilməsi hissəsində bələdiyyələrin potensialının gücləndirilməsi və bələdiyyə idarəçiliyi sahəsində ixtisaslaşmış kadrların hazırlanması tədbirlərinin davam etdiriləcəyi göstərilmişdir.

                Bələdiyyələrin fəaliyyətinin genişləndirilməsi və təkmilləşdirilməsi, beynəlxalq təcrübəyə əsaslanaraq müasir səviyyədə qurulması və dinamik inkişafa malik yerli özünüidarəetmə qurumu kimi fəaliyyət sferaları üzrə prioritet inkişafının müəyyən edilməsi istiqamətində  Azərbaycan Şəhər Bələdiyyələrinin  Milli  Assosiasiyasında  təkliflər hazırlanır.   Bununla əlaqədar olaraq bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi, maliyyə və  iqtisadi imkanlarının gücləndirilməsi, sosial rolunun artırılması istiqamətində yazılı təkliflərin  Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının təqdim olunması barədə bələdiyyələrə məktublar göndərilmişdir, təkliflərinizi  təqdim edəsinizi xahiş edirik.

Hörmətli Ümumi Yığıncaq iştirakçıları!

Ötən dövr ərzində yerli özünüidarəetmə məsələləri ilə bağlı Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi, beynəlxalq qurumlar və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq davam etmiş, milli assosiasiyalara xarici ölkələrinin bələdiyyələri və assosiasiyaları ilə əlaqələrinin yaradılmasına səy göstərilmişdir.

 Azərbaycanın Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresindəki nümayəndələr Plenar Sessiyada və Avropanın müxtəlif şəhərlərində keçirilmiş müvafiq Komitələrinin 4 iclasında üzv qismində ardıcıl olaraq iştirak etmiş, qəbul olunan qərarlara dair təmsil etdikləri təşkilatların mövqeyini, öz fikir və təkliflərini bildirmişlər.

Bunların sırasında bir məsələni xüsusi qeyd etmək istəyirəm.

Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin  2012-ci üçün iş planına uyğun olaraq monitorinq qrupu (məruzəçilər: Yos Vinen (Niderland), Qudrun Mosler-Törnström (Avstriya), müstəqil ekspert Zoltan Şente (Macarıstan) və katibliyin nümayəndəsi Stefani Puarel)  2-5 aprel 2012-ci il tarixdə ölkəmizdə səfərdə olmuş, aidiyyəti dövlət orqanlarının, QHT-lərin, bələdiyyə assosiasiyalarının, o cümlədən Ədliyyə Nazirliyinin rəhbərliyi tərəfindən qəbul edilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.

Monitorinq qrupunun Azərbaycana səfərindən öncə Konqresin katibliyi tərəfindən Azərbaycanın dövlət orqanlarına, bələdiyyə assosiasiyalarına, eləcə də, bir sıra bələdiyyələrə ünvanlanmış suallar cavablandırılaraq Xarici İşlər Nazirliyi vasitəsilə 2012-ci ilin may ayında Konqresin katibliyinə göndərilmişdir.

Monitorinq qrupunun hazırladığı “Azərbaycanda yerli və regional demokratiya”ya dair  hesabatın layihəsi təhlil olunarkən bir sıra ciddi uyğunsuzluqlar, həqiqətə uyğun olmayan məsələlər müəyyən olunmuşdur.

Təəssüf doğuran budur ki, monitorinq aparılarkən yerlərdə bələdiyyələr ilə görüşlər keçirilməmiş, hətta belə sıravi vətəndaşların münasibətləri öyrənilməmiş, yalnız müxalifət yönümlü QHT-nin və müxalifət partiyalarının fikirlərini əsas götürərək sənəd tərtib edilmişdir. Bu bizim qəti etirazımıza səbəb oldu və bütün müzakirələrdə nümayəndə heyyətinin üzvü kimi məndə bu etirazlarımı öz çıxışlarımda bildirdim. Monitorinqin nəticələri Monitorinq Komitəsinin 5-7 iyul 2012-ci il tarixdə keçirilən növbəti iclasında müzakirə olunmuş, 2012-ci il oktyabrın 17-də Konqresin Plenar Sessiyasında Azərbaycanla bağlı monitorinq hesabatı və onun əsasında hazırlanmış qətnamə və tövsiyə layihəsinə dair müzakirələr aparılmış və Azərbaycanla bağlı 345 saylı qətnamə və 326 saylı tövsiyə qəbul edilmişdir. Azərbaycan tərəfinin şərhləri və mövqeyi Konqresin katibliyi tərəfindən hesabata əlavə olunmuşdur.

Qətnamə və tövsiyyələrin təhlili göstərir ki, müzakirə olunan məsələlərin bir qismi gördüyümüz işlərin əldə olunan nailiyyətlərin KİV-i ilə ictimaiyyətə, vaxtında və lazımınca çatdıra bilməməyimizlə bağlıdır.

Hörmətli Ümumi Yığıncaq iştirakçıları!

        Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin tərəqqisi, xalqın rifahı naminə həyata keçirdiyi mühüm tədbirlər, sürətli sosial-iqtisadi, mədəni inkişaf, demokratik təkamül bələdiyyələrin fəaliyyətini yüksəldilməsinə imkan yaratmışdır. Cənab İlham Əliyevin yorulmaz və gərgin fəaliyyəti, həyata keçirdiyi davamlı və məqsədyönlü siyasi kurs sayəsində Azərbaycan Respublikası demokratik, hüquqi və dünyəvi dövlət kimi daha da güclənib, müasir cəmiyyət quruculuğu yolunda mühüm nailiyyətlər əldə edib. Xalqımızın lideri olaraq fəaliyyəti ölkəmizdə milli birliyin, sabitliyin daha da möhkəmlənməsinə, Azərbaycanın regional və beynəlxalq miqyasda nüfuzunun əhəmiyyətli dərəcədə artmasına ciddi təkan verib. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının ardıcıl həyata keçirilməsi bütün bölgələrin simasının yeniləşməsinə, hətta ən ucqar kəndlərin belə tərəqqisi, müasir infrastrukturun formalaşması sahəsində mühüm uğurların qazanılmasına imkan yaradıb. Son illərdə yüz minlərlə yeni iş yerinin açılması, yoxsulluq səviyyəsinin kəskin aşağı düşməsi, rayon və kəndlərimizdə minlərlə sənaye və emal müəssisələrinin, yüksək standartlara cavab verən təhsil və səhiyyə ocaqlarının, xidmət obyektlərinin inşası uğurlarımızın yalnız bir hissəsidir. Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının,  Şəhər Bələdiyyələri  Azərbaycan xalqına və dövlətinə göstərdiyi xidmətinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  ətrafında sıx birləşərək onun simasında öz gələcəyinə ümidlə baxırlar.

Hörmətli Ümumi Yığıncaq iştirakçıları!

İnanırıq ki, bələdiyyələrimiz əhalinin mənafeyi naminə daha yüksək nailiyyətlər əldə edəcəklər. Ötən dövr ərzindəki təcrübəmiz göstərir ki, bələdiyyələrin assosiasiya formasında birləşməsi yerli özünüidarəetmədə  qarşıya qoyulan məqsədlərə nail olmağa işgüzar şərait yaradır.

Ümumi Yığıncaqda aparılacaq müzakirələr, səslənəcək fikirlər və təkliflər assosiasiyamızın bələdiyyələrlə əməkdaşlığının daha da gücləndirilməsi üçün əsas olacaq, respublikada bələdiyyə institutunun möhkəmlənib inkişaf etməsi yolunda fəaliyyətlərinin daha səmərəli qurmaqlarına imkan yaradacaqdır.

Diqqətinizə görə sağ olun.

Arxiv
Əlaqə
Ünvan:Sumqayıt şəhəri
5-ci məhəllə, Nizami küçəsi 16
Tel.: (+994 018) 6559547
(+994 018) 6558609
E-mail: info@sumqayit-bl.gov.az