Sumqayıtın Çernobıl veteranları və onların ailə üzvləri ilə görüş keçirilmişdir

Aprelin 25-də Çernobıl Atom Elektrik Stansiyasında 1986-cı ildə baş vermiş qəzanın ildönümü ərəfəsində Sumqayıt Bələdiyyəsi Avrasiya məkanında böyük radiasiya təhlükəsi yaratmıış radioaktiv partlayışın qarşısının alınmasında iştirak etmiş sumqayıtlıların bir qrupu, o cümlədən Çernobıl əlillərinin ailə üzvləri ilə görüş keçirmişdir.Tədbirdə son illərin ən dəhşətli radioaktiv qəzasının ləğvində Sumqayıtdan 450-dən artıq xilasedicinin iştirak etdiyi, onlardan 357 nəfərin əlil olduğu, 72 nəfərin isə həyatının ölümlə nəticələndiyi diqqətə çatdırılmışdır.

Qeyd edilmişdir ki, AES-in bloklarından birində baş vermiş partlayış həmin il aprelin 26-da törənsə də, o zaman SSRİ-nin bəduğur rəhbəri, hakimiyyətə gələrkən“aşkarlıq” ideyasını ortaya atlb, xalqa ağızdolusu “aşkarlıq dərsi” keçən, lakin aşkarlığın xüsusilə vacib olduğu məqamda onu bircə dəfə də dilə gətirməyib, qətiyyətlə boğan M.Qorbaçov guya xalqın 1 may ərəfəsində bayram ovqatını pozmamaq naminə “humanistlik” göstərərək, Çernobıl faciəsini bir müddət gizli saxlatmağa çalışmışdı. O zaman “Politbüro”nun əksəriyyəti qoca olan üzvləri vəzifə xatirinə “ağrımaz başım...” düşüncəsi ilə buna susmaqla razılıq versə də, haqsızlığa, dövlət səviyyəsində riyakarlığa qarşı dözülməz, barışmaz olan Heydər Əliyev ambisiyalı və satqın dövlət başçısının mövqeyini açıq-açığına pisləmiş, faciənin xalqdan gizlədilməsinin daha ağır nəticələrə səbəb olacağını bildirmişdi. Lakin bununla belə Çernobıl faciəsi barədə ilk və dürüst məlumat xalqa 1 may bayramından da xeyli sonra çatdırılmışdı, baxmayaraq ki, ekoloji vəziyyətə ən müasir cihazlarla nəzarət edən Avropa ölkələri SSRİ ərazisindən radioaktiv şüalanma axınının güclənməsi ilə bağlı artıq həyəcan qaldırmağa başlamışdılar.

Faciəvi reallıq bu idi ki, Çernobıl radiasiyasının gücü 1945-ci ildə Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə Amerikanın atdığı atom bombalarının təsir gücündən 500 dəfə (!) artıq idi.

Diqqətəlayiqdir ki, radiasiyanın təsirini azaltmaq üçün AES-in 30 km-lik radiusu üzrə təyyarələrlə səpilən xüsusi kimyəvi maddə Çernobıla Azərbaycanda, neft-kimya şəhəri olan Sumqayıtda hazırlanaraq göndərilmişdi. Həmin kimyəvi maddənin sənaye üsulu ilə alınmasına isə ilk dəfə olaraq Sumqayıtda elə sumqayıtlı istehsalatçı alim nail olmuşdu.

Görüşdə o da minnətdarlıq hissi ilə qeyd olundu ki, Ulu öndər H.Əliyev 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə gəldikdən sonra Çernobıl qəzasının ləğvində iştirak etmiş azərbaycanlı xilasedicilərə, Çernobıl əlillərinə diqqət və qayğının artırılması ilə bağlı xüsusi tapşırıqlar vermişdi. Bu tapşırıq bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də çox həssaslıqla yerinə yetirilməklə davam etdirilir. Sumqayıt Bələdiyyəsi ölkə rəhbərinin “çernobılçılara” qayğıkeş göstərişini rəhbər tutaraq, hər il olduğu kimi, bu il də “Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin Sumqayıt şəhər şöbəsinin üzvlərinin bir qrupuna pul mükafatı təqdim etdi.

Tədbirin sonunda Çernobıl veteranları və əlilləri adından dövlət başçısı İlham Əliyevə minnətdarlıq ifadə edilmişdir.



Arxiv
Əlaqə
Ünvan:Sumqayıt şəhəri
5-ci məhəllə, Nizami küçəsi 16
Tel.: (+994 018) 6559547
(+994 018) 6558609
E-mail: info@sumqayit-bl.gov.az