Sumqayıt Bələdiyyəsinin şəhərin 65 illik yubileyi ilə bağlı təşkil etdiyi iki aylıq uşaq futbolu turniri uğurla başa çatmışdır

Bu gün – sentyabrın 13-də Sumqayıtın 12-ci mikrorayondakı nümunəvi məhəllənin müasir tipli idman meydançasında Sumqayıt Bələdiyyəsi tərəfindən məhəllə komitələrinin 11-12 yaşlı uşaqlardan ibarət futbol komandaları arasında 15 iyun – Milli Qurtuluş günü və Sumqayıt şəhərinin 65 illiyi münasibətilə təşkil edilmiş “Sumqayıt Bələdiyyəsi kuboku” uğrunda futbol yarışının 9-cu turnirinin başa çatması, qaliblərin təltif olunması münasibətilə təntənəli tədbir keçirilmişdir.

Ənənəvi olaraq 2006-cı ildən başlayaraq şəhərdə uşaq futbolunun kütləviliyinin artırılması, uşaqların yay tətili dövründə asudə vaxtlarının səmərəli təşkili məqsədilə keçiriliən “Bələdiyyə kuboku” uğrunda builki yarışlarda şəhərin müxtəlif  məhəllə və mikrorayonlarından məhəllə komitələri (MK) üzrə 20 komanda iştirak еtmişdir ki, onların da sıralarına 280 nəfər uşaq cəlb olunmuşdur. Yarışların keçirildiyi bütün müddət ərzində gənc futbolçilar üçün münasib şərait yaradılmış, onlar müvafiq idman geyimləri və digər oyun vasitələri ilə təmin edilmişlər.

Təsdiq olunmuş qrafik özrə yarışlar 21 iyun – 17 avqust 2014-cü il tarixdə fars-ingilis dilləri təmayüllü orta internat məktəbinin və şəhərimizdə yaradılan nümunəvi məhəllələrin yaşıl futbol meydançalarında, final oyunları isə M.Hüseynzadə adina stadionda təşkil edilmişdir. Ümumilikdə yarış dövründə 44 futbol oyunu keçirilmişdir ki, həmin yarışları valideynlər, məhəllə sakinləri, xüsusilə uşaqlar maraqla izləmiş, yarışın birbaşa iştirakçılarına çevrilərək, asudə vaxtlarını idmanın inkişafına və təbliğinə sərf etmişlər.

Yarışlar AFFA tərəfindən təsdiq edilmiş qaydalar çərçivəsində 14 futbolçudan (8 əsas və 6 ehtiyat oyunçu) ibarət olaraq təşkil edilmiş, 4 yarımqrupun hər birinə püşkatma yolu ilə 6 komanda daxil edilmişdi.

Yarışın təşkili və keçirilməsinə Sumqayıt Bələdiyyəsi, şəhər Gənclər və İdman baş İdarəsi və Şimal Regional Futbol Federasiyası ilə birgə yaradılmış təşkilat komitəsi tərəfindən təyin olunmuş 12 nəfərdən ibarət peşəkar hakimlər briqadası idarə etmişdir.

İki ay davam etmiş yarışların yekununa həsr edilmiş tədbirdə ilk öncə gənc cüdoçular nümunəvi görüşlər keçirmiş, gənc rəqqaslar isə milli musiqi sədaları altında populyar rəqslərimizi ifa etmişlər.

Yarışların baş hakimi A.Bağırovun rəhbərliyi ilə komandalar parad cərgəsinə düzüldükdən sonra Sumqayıt Bələdiyyəsinin sədri professor Əbülfəz Babayev çıxış edərək qeyd etmişdir ki, son illərdə Azərbaycan Prezidenti İlham Əliyevin idmana və idmançı gənclərə göstərdiyi diqqət və qayğı sayəsində ölkədə idmanın hərtərəfli inkişafına,  idmançılarımızın  beynəlxalq yarış və turnirlərdə ildən-ilə daha çox uğurlar əldə etməsinə nail olunmuşdur. Ə.Babayev gənc idmançılara gələcək yarışlarda Azərbaycanın idman şərəfini layiqincə qorumağı, Vətənə hər zaman qələbələrlə, qızıl və gümüş medallarla dönməyi arzulamışdır.

Finala çıxmış komandalar arasında keçirilən həlledici yarışda rəqiblər nümunəvi oyun nümayiş etdirmişlər. Nəhayət, iki ay ərzində gərgin idman mübarizəsi şəraitində keçmiş yarışlarda kimin daha güçlü olduğu müəyyən edilmişdir:  şəhərin  Kimyaçılar qəsəbəsi və Maralgöl sahələri üzrə 1 saylı məhəllə komitəsinin (MK-nın sədri Solmaz Zeynəddinovadır) futbol komandası fəxri 1-ci yeri tutaraq, “Sumqayıt Bələdiyyəsi kuboku»na yiyələnmiş və medallarla, fəxri-fərmanla  mükafatlandırılmışdır. Qalib komanda həmçinin Almaniyanın “Helena Veber” siyasətçi qadınlar Klubunun kubokuna layiq görülmüşdür.

Sumqayıtın Yeni yaşayış massivinin 1-ci məhəllə üzrə 1 saylı MK-nın futbol komandası   2-ci, İnşaatçılar qəsəbəsi üzrə 1 saylı MK-nın futbol komandası isə 3-cü yeri tutaraq Bələdiyyənin fəxri-fərmanları ilə təltif edilmişlər. 

Yarışların keçirilməsində fəal təşkilatçılıq nümunəsi göstərdiklərinə görə şəhərin məhəllə komitələrinin sədrləri İndira Şəmsivari, Çingiz Salmanov, Əlipolad Əzizov, Ayugün Kərimova və Əjdər Əliyev Sumqayıt Bələdiyyəsinin fəxri-fərmanlarına layiq görülmüşlər. 

Qələbə sevincini yaşayan qalib komandaların şadyanalıq səsləri bütün məhəllədə bayram əhval-ruhiyyəsi yaratmış, yaşlı-cavan bütün sakinlərin məhəlləyə axışraq, onların sevincinə qoşulmasına səbəb olmuşdur. 

Gənc idmançılarda və şəhər sakinlərində böyük ruh yüksəkliyi, əsl bayram ovqatı doğurmuş tədbirdə Respublika Bələdiyyə İşçiləri Həmkarlar İttifaqı Komitəsinin təşkilat şöbəsinin müdiri Tərlan Qasımov, qadınlar arasında şahmat üzrə Avropa və Dünya çempionu, Sumqayıt Bələdiyyəsinin sədr müavini Zeynəb Məmmədyarova, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Mübariz Bəşirov, şəhər Təhsil və Mədəniyyət şöbələrinin, həmçinin mətbuat və televiziya nümayəndələri iştirak etmişlər.

Sonda Bələdiyyə üzvləri və rəhbərləri ilə qalib komandaların birgə xatirə şəkilləri çəkilmişdir.

Arxiv
Əlaqə
Ünvan:Sumqayıt şəhəri
5-ci məhəllə, Nizami küçəsi 16
Tel.: (+994 018) 6559547
(+994 018) 6558609
E-mail: info@sumqayit-bl.gov.az