Sumqayıt Bələdiyyəsinin şəhərin 65 illik yubileyi ilə bağlı təşkil etdiyi iki aylıq uşaq futbolu turniri uğurla başa çatmışdır

Bugünlərdə Sumqayıtın 12-ci mikrorayondakı nümunəvi məhəllənin müasir tipli idman meydançasında Sumqayıt Bələdiyyəsi tərəfindən məhəllə komitələrinin 11-12 yaşlı uşaqlardan ibarət futbol komandaları arasında 15 iyun – Milli Qurtuluş günü və Sumqayıt şəhərinin 65 illiyi münasibətilə təşkil edilmiş “Sumqayıt Bələdiyyəsi kuboku” uğrunda futbol yarışının 9-cu turnirinin başa çatması, qaliblərin təltif olunması münasibətilə təntənəli tədbir keçirilmişdir. Ənənəvi olaraq 2006-cı ildən başlayaraq şəhərdə uşaq futbolunun kütləviliyinin artırılması, uşaqların yay tətili dövründə asudə vaxtlarının səmərəli təşkili məqsədilə keçiriliən “Bələdiyyə kuboku” uğrunda builki yarışlarda şəhərin müxtəlif məhəllə və mikrorayonlarından məhəllə komitələri (MK) üzrə 20 komanda iştirak еtmişdir ki, onların da sıralarına 280 nəfər uşaq cəlb olunmuşdur. Yarışların keçirildiyi bütün müddət ərzində gənc futbolçilar üçün münasib şərait yaradılmış, onlar müvafiq idman geyimləri və digər oyun vasitələri ilə təmin edilmişlər. Təsdiq olunmuş qrafik özrə yarışlar 21 iyun – 17 avqust 2014-cü il tarixdə fars-ingilis dilləri təmayüllü orta internat məktəbinin və şəhərimizdə yaradılan nümunəvi məhəllələrin yaşıl futbol meydançalarında, final oyunları isə M.Hüseynzadə adina stadionda təşkil edilmişdir. Ümumilikdə yarış dövründə 44 futbol oyunu keçirilmişdir ki, həmin yarışları valideynlər, məhəllə sakinləri, xüsusilə uşaqlar maraqla izləmiş, yarışın birbaşa iştirakçılarına çevrilərək, asudə vaxtlarını idmanın inkişafına və təbliğinə sərf etmişlər. Yarışlar AFFA tərəfindən təsdiq edilmiş qaydalar çərçivəsində 14 futbolçudan (8 əsas və 6 ehtiyat oyunçu) ibarət olaraq təşkil edilmiş, 4 yarımqrupun hər birinə püşkatma yolu ilə 6 komanda daxil edilmişdi. Yarışın təşkili və keçirilməsinə Sumqayıt Bələdiyyəsi, şəhər Gənclər və İdman baş İdarəsi və Şimal Regional Futbol Federasiyası ilə birgə yaradılmış təşkilat komitəsi tərəfindən təyin olunmuş 12 nəfərdən ibarət peşəkar hakimlər briqadası idarə etmişdir. İki ay davam etmiş yarışların yekununa həsr edilmiş tədbirdə ilk öncə gənc cüdoçular nümunəvi görüşlər keçirmiş, gənc rəqqaslar isə milli musiqi sədaları altında populyar rəqslərimizi ifa etmişlər. Yarışların baş hakimi A.Bağırovun rəhbərliyi ilə komandalar parad cərgəsinə düzüldükdən sonra Sumqayıt Bələdiyyəsinin sədri professor Əbülfəz Babayev çıxış edərək qeyd etmişdir ki, son illərdə Azərbaycan Prezidenti İlham Əliyevin idmana və idmançı gənclərə göstərdiyi diqqət və qayğı sayəsində ölkədə idmanın hərtərəfli inkişafına, idmançılarımızın beynəlxalq yarış və turnirlərdə ildən-ilə daha çox uğurlar əldə etməsinə nail olunmuşdur. Ə.Babayev gənc idmançılara gələcək yarışlarda Azərbaycanın idman şərəfini layiqincə qorumağı, Vətənə hər zaman qələbələrlə, qızıl və gümüş medallarla dönməyi arzulamışdır. Finala çıxmış komandalar arasında keçirilən həlledici yarışda rəqiblər nümunəvi oyun nümayiş etdirmişlər. Nəhayət, iki ay ərzində gərgin idman mübarizəsi şəraitində keçmiş yarışlarda kimin daha güçlü olduğu müəyyən edilmişdir: şəhərin Kimyaçılar qəsəbəsi və Maralgöl sahələri üzrə 1 saylı məhəllə komitəsinin (MK-nın sədri Solmaz Zeynəddinovadır) futbol komandası fəxri 1-ci yeri tutaraq, “Sumqayıt Bələdiyyəsi kuboku»na yiyələnmiş və medallarla, fəxri-fərmanla mükafatlandırılmışdır. Qalib komanda həmçinin Almaniyanın “Helena Veber” siyasətçi qadınlar Klubunun kubokuna layiq görülmüşdür. Sumqayıtın Yeni yaşayış massivinin 1-ci məhəllə üzrə 1 saylı MK-nın futbol komandası 2-ci, İnşaatçılar qəsəbəsi üzrə 1 saylı MK-nın futbol komandası isə 3-cü yeri tutaraq Bələdiyyənin fəxri-fərmanları ilə təltif edilmişlər. Yarışların keçirilməsində fəal təşkilatçılıq nümunəsi göstərdiklərinə görə şəhərin məhəllə komitələrinin sədrləri İndira Şəmsivari, Çingiz Salmanov, Əlipolad Əzizov, Ayugün Kərimova və Əjdər Əliyev Sumqayıt Bələdiyyəsinin fəxri-fərmanlarına layiq görülmüşlər. Qələbə sevincini yaşayan qalib komandaların şadyanalıq səsləri bütün məhəllədə bayram əhval-ruhiyyəsi yaratmış, yaşlı-cavan bütün sakinlərin məhəlləyə axışraq, onların sevincinə qoşulmasına səbəb olmuşdur. Gənc idmançılarda və şəhər sakinlərində böyük ruh yüksəkliyi, əsl bayram ovqatı doğurmuş tədbirdə Respublika Bələdiyyə İşçiləri Həmkarlar İttifaqı Komitəsinin təşkilat şöbəsinin müdiri Tərlan Qasımov, qadınlar arasında şahmat üzrə Avropa və Dünya çempionu, Sumqayıt Bələdiyyəsinin sədr müavini Zeynəb Məmmədyarova, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Mübariz Bəşirov, şəhər Təhsil və Mədəniyyət şöbələrinin, həmçinin mətbuat və televiziya nümayəndələri iştirak etmişlər. Sonda Bələdiyyə üzvləri və rəhbərləri ilə qalib komandaların birgə xatirə şəkilləri çəkilmişdir. Aşağıda Sumqayıt Bələdiyyəsinin sədri professor Əbülfəz Babayevin tədbirdəki çıxışını təqdim edirik. Sumqayıt Bələdiyyəsinin sədri professor Əbülfəz Babayevin Qurtuluş günü və Sumqayıtın 65 illik yubileyi münasibəti ilə şəhərin məhəllə komitələrinin uşaq futbol komandaları arasında keçirilmiş turnirin bağlanışı zamanı çıxışı Sizin hər birinizi ilk növbədə şəhərimizin qarşıdan gələn 65 illik yubileyi münasibətilə təbrik edirəm və şəhərimizin yubileyinə həsr olunmuş Qurtuluş günü münasibəti ilə “Bələdiyyə kuboku” uğrunda keçirdiyimiz ənənəvi futbol yarışının 9-cu turunun bağlaniş mərasiminə toplaşan insanların hər birini salamlayıram. Əziz dostlar, əziz uşaqlar, sizin yaşadığnız ölkə günü-gündən çiçəklənir, inkişaf edir, dünya çapında öz yerini tutur, öz səsini tanıdır, öz imzasını tanıdır və Ulu öndərimiz Heydər Əliyevin vaxtilə dediyi kəlam “Mən fəxr edirəm ki, azərbaycanlıyam” kəlamı bu gün hər birimizin ürəyindən keçən qürur ifadəsi kimi səslənərək, bütün dünya üzrə öz təsdiqini tapır, bu bir həqiqətə çevrilir və bu həqiqətə görə biz birinci növbədə möhtərəm cənab prezidentimizə minnətdarlığımızı bildiririk və arzu edirik ki, onun apardığı bu siyasət ilk növbədə gənclərə yönəlmiş siyasət həmişə davam eləsin, inkişaf eləsin, öz yerini tapsın və daha da möhkəmlənsin. Bildiyiniz kimi, ölkəmiz bütün istiqamətlərdə inkişaf edir, mən onların ətrafinda dayanıb sizin vaxtınızı almayacam. Bu gün biz öz tədbirimizi idmana həsr etdiyimiz üçün idmanla əlaqədar bir neçə kəlmə demək istəyirəm. Artıq elə bir olimpiada, dünya çempionatı yoxdur ki, sizin kimi gənclərimiz həmin çempionatlardan qızıl, gümüş və bürünc medallarla geri qayıtmasın. Davamlı olaraq bir neçə qızıl, gümüş və bürünc medallar alaraq ölkəmizə qayıdan gənclərimiz ölkəmizin inkişafının bir nümunəsi kimi, onun təsdiqi kimi özünü göstərir. Sumqayıt bu baxımdan mən deyərdim ki ən qabaqda gedən ölkəmizin şəhərlərindən biridir və bu günlər Sumqayıtda demək olar ki, şəhər icra hakimiyyətinin rəhbərliyinin apardığı birbaşa təşkilati tədbirlərin sayəsində demək olar ki, Sumqayıtda ilin bütün aylarında, bütün günlərində idman tədbirləri keçirilir və bu da Sumqayıtın sənaye şəhəri olmaqla yanaşı həm də idman şəhərinə cevrilməsinə şərait yaradır. İdman sağlamlıqdır, lakin nə qədər güclü olursan ol, ağıl, zəka sahibi olmadan idmanda da qalib olmaq olmaz. Ona görə də, əziz uşaqlar, birinci növbədə sizə idmanla yanaşı yaxşı oxumaq tövsiyə edirəm. Çünki elmsiz, biliksiz adam idmanda da qələbə çala bilməz. Xüsusilə idmanda da belədir, həyatda da. Hər hansı bir yerdə tutduğunuz mövqedən asılı olmayaraq, həmin mövqeni qoruyub-saxlamaq, möhkəmləndirmək üçün birinci növbədə yüksək biliyimiz, yüksək təfəkkürümüz olmalıdır, vətənpərvərliyimiz olmalıdır, vətəndaşlığımız olmalıdır. Bütün bunların kompleksi məhz “Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” kəlamını tamamlayır və bunu bu gün hər birimizə fəxrlə deməyə sövq edir. Bugünlər şəhərimizdə sistemli olaraq aparılan idman tədbirləri sayəsində uğurlarımız göz qabağındadır. Bizim gənclərimiz olimpiadalardan və beynəlxalq yarışlardan ölkəmizə medallar gətirərək, sumqayıtlıların fəxr mənbəyinə çevrilirlər. Eyni zamanda bütün bunların hamısı ondan irəli gəlir ki, Sumqayıtımız hərtərəfli inkişaf edir, Sumqayıtımızın inkişafı, iqtisadi nailiyyətləri, sənayesinin inkişafı bütün bunlara şərait yaradır. Möhtərəm Prezidentimiz dəfələrlə Sumqayıta səfəri zamanı qeyd etmişdir ki, Sumqayıt Cənubi Qafqazın ikinci ən böyük sənaye şəhəridir. Mən deyərdim ki, zaman keçəcəkdir, tək sənaye yox, eyni zamanda idman şəhəri, intellekt şəhəri və inkişaf eləmiş cəmiyyəti özündə yaşadan bir şəhərə çevriləcəkdir. Bütün bunların hamısını siz gənclər eləyəcəksiniz. Çünki bunun üçün Sumqayıtda hər cür şərait yaradılıb. Sumqayıtımız günü-gündən inkişaf edir, günü-gündən abadlaşır. Bu abadlığın ilk gördüyünüz sübutlarından biri də, bu günkü tədbir keçirdiyimiz abad məhəllədir. Abad məhəllə olaraq gələcəkdə Sumqayıtımız böyüyərək abad, nümunəvi şəhərə çevriləcəkdir. Yeganə xahişim budur ki, hər bir məhəllədə bu abadlığın qədrini bilsinlər, bu abadlığı qoruyub-saxlasınlar və beləliklə şəhərimiz addım-addım, məhəllə-məhəllə abadlaşaraq gözəl, abad, nəinki Azərbaycanın, mən deyərdim ki, Avropanın ən gözəl, təmiz şəhərlərindən birinə çevrilsin və biz də həmin şəhərdə yaşayaraq, sevinclə deyək ki, mən sumqayıtlıyam və Sumqayıtda anadan olmuşam, Sumqayıtda yaşamışam. Bu gün tədbirimizin əsas məqsədi birinci, ikinci, üçüncü yerləri tutmuş idmançılarımızı təltif etmək, eyni zamanda tədbirdə fəal iştirak etmiş bütün insanlara təşəkkür bildirməkdir. Bizi maraqlandıran odur ki, yay mövsümündə məhz böyük futbolun iki ay ərzində bu formada yarışların təşkil olunması bizim uşaqların, gənclərimizin birinci növbədə idmana olan həvəsini, marağını artırmaqla yanaşı, onların yay istirahətinin, asudə vaxtlarının səmərəli, maraqlı keçməsində mühüm əhəmiyyət kəsb etmişdir. Bir daha qonaqlarımızı, bütün tədbir iştirakçılarını salamlayır, hər birinizə yeni-yeni uğurlar arzulayıram!

Uşaq futbolu turniri
 
 
 
 
 
 
 
 
 
 
 
 
Arxiv
Əlaqə
Ünvan:Sumqayıt şəhəri
5-ci məhəllə, Nizami küçəsi 16
Tel.: (+994 018) 6559547
(+994 018) 6558609
E-mail: info@sumqayit-bl.gov.az