Sumqayıt Bələdiyyəsi şəhərin 65 illik yubileyi ilə bağlı Bələdiyyə parkında geniş bayram tədbiri keçirmişdir

Sentyabrın 22-də Sumqayıtın Bələdiyyə parkında şəhər sakinlərinin, Bələdiyyə işçilərinin, məhəllə komitələrinin üzvləri və fəallarının iştirakı ilə Sumqayıtın 65 illik yubileyinə həsr edilmiş geniş bayram tədbiri keçirilmişdir.

Bələdiyyə rəhbərliyi tədbirə toplaşanları şəhərin yubileyi münasibətilə salamlayaraq, onları təbrik etdikdən sonra tədbirin aparıcıları Sumqayıtın tarixi haqqında məlumat verərək diqqətə çatdırmışlar ki, qədim Abşeron torpağında salınmış bu şəhər özünün 65 illiyini qeyd etsə də, bu yerlər öz tarixi kökləri ilə hələ ötən əsrlərə gedib çıxır. Bildirilmişdir ki, görkəmli fransız yazıçısı və tarixçi-səyyahı Aleksandr Düma hələ XIX əsrin ortalarında Qafqaza səyahət edərkən bu yerlərin adını çəkərək, qeyd edirdi ki, “axşamüstü Sumqayıt adlanan yerdə dayandıq. Dəniz o qədər yaxın idi ki, dalğaların səsi eşidilirdi”.

Fərəhlə qeyd edilmişdir ki, böyük fransız yazıçısının adını çəkdiyi tarixi yerdə indi ata-babalarımızın səyi, gərgin əməyi sayəsində yalnız Azərbaycanın deyil, bütün Qafqaz regionunun ən gözəl şəhərlərindən biri olan Sumqayıt şəhəri salınmışdır. Və indi Xəzərin sahilində ucalan bu gözəl, doğma şəhərimiz dünyanın müxtəlif ölkələrindən Azərbaycana gələn minlərlə qonağımızı heyran edir. Və onların çoxu inana bilmir ki, tarixən qısa olan 65 il ərzində hər cür infrastruktura, iri sənaye komplekslərinə malik belə bir şəhər salmaq olar. Ancaq qəhrəman xalqımız, şəhərin ilk qurucuları öz gərgin, fədakar əməkləri ilə bunu bacarmışlar.

Sevindirici haldır ki, bu gün Sumqayıtın və sumqayıtlıların xoş soraqları uzaq-uzaq ölkələrdən – Almaniyadan, İngiltərədən, Hindistandan, Çindən, Yaponiyadan, okeanın o tayından – Amerikadan, Kubadan, Kanadadan, Afrika ölkələrindən gəlir.  

Sumqayıtın ilk qurucularının fədakar əməyi sayəsində Xəzərin bu gözəl sahilində  nəinki dünyanın bir-çox ölkələrinə məhsul ixrac edən nəhəng kimya və metallurgiya, inşaat və energetika müəssisələri, həmçinin hər cür infrastruktur sahələri yaradılmış, elm, təhsil müəssisələri, səhiyyə və mədəniyyət ocaqları, geniş park və xiyabanlar şəhər sakinlərinin ixtiyarına verilmişdir.

Fəxrlə bildirilmişdir ki, şəhərin sürətli və daha geniş inkişafı 34 il respublikaya rəhbərlik etmiş ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Dahi rəhbərin layiqli davamçısı, Azərbaycan Prezidenti cənab İlham Əliyevin yüksək quruculuq fəaliyyətinin nəticəsi olaraq Sumqayıt son illər ərzində daha sürətlə inkişaf etmiş, şəhərimizim sənaye xəritəsinə onlarla yeni, ən müasir texnologiyalar əsasında yaradılmış müəssissələr daxil olmuş, respublikamızın bütün regionlarında olduğu kimi, Sumqayıtda da böyük abadlıq-quruculuq işləri aparılmışdır və bu proses bu gün də uğurla davam etdirilir. Bütün bunlara görə isə sumqayıtlılar ilk növbədə respublikamızın Prezidenti cənab İlham Əliyevə minnətdardırlar.   

Bildirilmişdir ki, son zamanlar Sumqayıt şəhər İcra Hakimiyyəti şəhərimizdə aparılan quruculuq və yeniləşmə  tədbirlərinin daha səmərəli olması üçün bütün potensial imkanları və resursları səfərbər etmişdir. Şəhərin sosial-mədəni, ictimai həyatında iştirakını daha məzmunlu etməyə və genişləndirməyə çalışan Sumqayıt Bələdiyyəsi də öz fəaliyyətini Sumqayıt şəhər İcra Hakimiyyətinin şəhərin sosial–iqtisadi inkişaf proqramı çərçivəsində həyata keçirməklə yeniləşmə prosesinə qoşularaq, səlahiyyətləri çərçivəsində şəhərin sosial-iqtisadi inkişafına öz töhfələrini verir.

Bayram tədbiri geniş konsert proqramı ilə axşamdan xeyli keçənədək davam etmişdir. Şəhərin “Dostluq” mədəniyyət evinin gənc istedadlarının ifasında sevib-sevilməyə, qurub-yaratmağa, igidliyə, qəhrəmanlığa səsləyən müasir və xalq mahnıları, balaca rəqqasların həvəs və coşqunluqla ifa etdikləri rəqslər tədbir iştirakçılarına xoş ovqat bəxş etmişdir.

Şəhərimizin yubileyi ilə bağlı keçirilən tədbirdə Sumqayıt Bələdiyyəsinin sədri, professor Əbülfəz Babayev, Gürcüstanın Sumqayıtla qardaşlaşmış şəhəri olan Rustavinin merinin müavini Giorgi Tabatadzenin başçılıq etdiyi nümayəndə heyəti, şəhərin ziyalıları, mətbuat nümayəndələri iştirak etmişlər.

Bələdiyyə parkında geniş bayram tədbiri
 
 
 
 
 
 
 
 
 
Arxiv
Əlaqə
Ünvan:Sumqayıt şəhəri
5-ci məhəllə, Nizami küçəsi 16
Tel.: (+994 018) 6559547
(+994 018) 6558609
E-mail: info@sumqayit-bl.gov.az