Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının ümumi yığıncağı keçirilib

Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçiləri Ramiq Həşimov və Emin Eyvazov, Milli Məclisin deputatları, Ədliyyə Nazirliyinin, Azərbaycan Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri və 66 şəhər bələdiyyəsinin sədrləri iştirak ediblər.

Yığıncaqda Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və nəzarət-təftiş komissiyasının hesabatları, 2016-cı il üçün büdcəsi və təşkilati məsələlər müzakirə olunub.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər güllər düzüblər.

Yığıncaqda təşkilati məsələlərə baxılıb. Bakı şəhəri Nərimanov rayon bələdiyyəsinin sədri Təhmiraz Tağıyev Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, Sumqayıt şəhər bələdiyyəsinin yeni seçilən sədri Sultan Əsədov AŞBMA-nın idarə heyətinin, Astara şəhər bələdiyyəsinin sədri Aygül Məmmədova isə Nəzarət-Təftiş komissiyasının üzvü seçiliblər.

Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təhmiraz Tağıyev hesabat məruzəsini təqdim edib. O, dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində ölkəmizdə yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər görüldüyünü diqqətə çatdırıb. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Şəhər Bələdiyyələrinin Assosiasiyası və respublikanin 68 şəhər bələdiyyəsi tərəfindən 2006-cı ildə təsis edilən Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyası hesabat ilində yerli özünüidarəetmənin inkişafı və möhkəmlənməsi istiqamətində zəruri tədbirlər həyata keçirib. Hesabat ilində yerli özünüidarəetmə qurumlarının demokratik dəyərlərə və beynəlxalq standartlara cavab verən hüquqi bazası daha da möhkəmlənib. “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” Qanun qəbul olunub, “Bələdiyyə qulluğu haqqında” Qanuna dəyişikliklər edilib, bununla bağlı müvafiq qaydalar təsdiqlənib.

Qeyd olunub ki, şəhər bələdiyyələri ötən dövrdə yerli əhəmiyyətli infrastruktur layihələrini uğurla icra ediblər. Milli Assosiasiyaların “Bir bələdiyyə - azı bir layihə” təşəbbüsü çərçivəsində 2015-ci il ərzində 19 istiqamət üzrə 450 müxtəlif xarakterli sosial layihə icra olunub. Cari ildə isə 611 layihənin yerinə yetirilməsi nəzərdə tutulur ki, bu da 2015-ci illə müqayisədə 32 faizdən çox sosial sifarişin icrası deməkdir. Bütün bunlar onu göstərir ki, ərazilərin sosial-iqtisadi inkişafında, davamlı olaraq bələdiyyələrimizin də özünəməxsus yeri və payı var.

Məruzədə vurğulanıb ki, ötən il “Multikultural cəmiyyətdə həyat: hörmət, dialoq, qarşılıqlı fəaliyyət” şüarı altında şəhər bələdiyyələrində “Azərbaycanda Yerli Demokratiya Həftəsi” çərçivəsində 1100-dək görüş keçirilib.

Görüşlərdə 75706 nəfər iştirak edib, bələdiyyələrdə 5949 nəfər fərdi qaydada qəbul olunub.

Hesabat dövründə Assosiasiya yerli özünüidarəetmə məsələləri ilə bağlı Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi, beynəlxalq qurumlar və qeyri-hökumət təşkilatları, xarici ölkələrin assosiasiyaları və bələdiyyələri ilə əməkdaşlıq əlaqələrini davam etdirib.

AŞBMA rəhbəri Assosiasiya xətti ilə keçirilən sosial, mədəni və idman yönümlü çoxsaylı tədbirlərdən də bəhs edib.

Məruzə ətrafında çıxış edənlər - Naxçıvan, Xırdalan, Şəmkir, Astara, Bakının Nəsimi rayonu bələdiyyələrinin sədrləri və başqaları Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının fəaliyyətini qənaətbəxş qiymətləndirib, özünüidarəetmə orqanlarının uğurlu fəaliyyəti ilə əlaqədar bir sıra mühüm məsələlər qaldırıblar. Konstruktiv və işgüzar şəraitdə keçən ümumi yığıncaqda bələdiyyələrlə dövlət hakimiyyəti orqanlarının qarşılıqlı münasibətlərinin tənzimlənməsi ilə əlaqədar bir sıra aktual məsələlər müzakirə olunub.

Xırdalan bələdiyyəsinin sədri Eldar Əhmədov Assosiasiyanın nəzarət-təftiş komissiyasının məruzəsini təqdim etdikdən sonra yığıncaq iştirakçıları Assosiasiyanın 2016-cı il üçün büdcəsinin formalaşması, iqtisadi potensialın dayanıqlı maliyyə mənbələri üzərində qurulması məsələlərini müzakirə ediblər.

Sonda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə, Milli Məclisin deputatı Kamran Bayramov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının regional və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov çıxış ediblər. Çıxışlarda dövlətimizin başçısı İlham Əliyev tərəfindən ölkə vətəndaşlarının həyat səviyyəsinin yüksəldilməsi istiqamətində qarşıya qoyulmuş vəzifələr və bələdiyyələrin bununla bağlı artan rolu yığıncaq iştirakçılarının diqqətinə çatdırılıb. Azərbaycan bələdiyyə sisteminin effektivliyinin və bələdiyyələrinin fəallığının artırılmasının vacibliyi vurğulanıb, şəhər bələdiyyələrinin sədrlərinə müvafiq tövsiyələr verilib.

Sonda tədbir iştirakçılarına Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının maliyyə dəstəyi ilə nəşr etdirdiyi “Yerli özünüidarə ilə bağlı hüquqi aktlar toplusu” paylanılıb.

Arxiv
Əlaqə
Ünvan:Sumqayıt şəhəri
5-ci məhəllə, Nizami küçəsi 16
Tel.: (+994 018) 6559547
(+994 018) 6558609
E-mail: info@sumqayit-bl.gov.az