SUMQAYIT BƏLƏDİYYƏSİNİN 2017-Cİ İLİN BİRİNCİ YARISINDA FƏALİYYƏTİNİN ƏSAS NƏTİCƏLƏRİNƏ DAİR H E S A B A T I

Sumqayıt Bələdiyyəsi 2017-ci ilin birinci  yarısında  öz  fəaliyyətini şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcov müəllifi olduğu Sumqayıtın yeni inkişaf Konsepsiyasına arxalanan bələdiyyənin yerlı sosial müdafiə, yerli sosial və iqtisadi inkişaf, yerli ekoloji və xarici əlaqələr Proqramları əsasında  qurmuşdur.

    Təməli 2015-ci ilin sentyabr ayında qoyulmuş Sumqayıt şəhərinin yeni urbanistika siyasətinə arxalanan strateji inkişaf planının icrası nəticəsində  Sumqayıtda irimiqyaslı layihələr şəhərin yüksək şəhərsalma və yaşayış standartlarına cavab verilməsinə yönəldilmişdir. Sumqayıtın sosial-iqtisadi inkişafnın ayrılmaz tərkib hissəsi olaraq bu ilin  proqramı çərçivəsində şəhərdə yeni  ictimai və sosial binaların tikintisi, ərazilərində bu vaxta qədər misli görünməmiş abadlıq və yenidənqurma, yaşıllaşdırma və landşaft memarlığı sahəsində işlərinin aparılması, şəhərin kommunal və nəqliyyat infrastrukturunun yenidən qurulması və inkişafı Sumqayıtın müasir standartlara cavab verən şəhərə çevrilməsində mühüm addımlardır. Yaxın gələcəkdə istismara verilməsi planlaşdırılmış Sumqayıt Bulvarı ərazisində Bayraq Muzeyinin, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər Təşkilatının, şəhər Prokurorluğunun, Məhkəmə kompleksinin, Mərkəzi Bankın  Ehtiyat Fondunun inzibati binaları şəhərin memarlığında özünəməxsus yer tutacaqlar. Şəhərin daxilində Nizami, Y.Məmmədov adına və digər küçələrdə yolların yenidən qurulması, park və xiyabanların salınması şəhərsalma işlərini tamamlayır, şəhərin əhalisi və qonaqları üçün müasir şəraitin yaranmasına xidmət edir. 

       Sumqayıtın yenidən qurulmasında Dənizkənarı Bulvarın salınması və inkişaf etdirilməsi xüsusi rol oynayır. Memarlıq dilində desək, artıq bu gün tikililərinin və qurğularının konturları formalaşan Dənizkənarı Bulvar şəhərin sahil hissəsini  tamamlayaraq Sumqayıtın  tərkib hissəsinə çevrilmişdir. Qeyd olunmuş və şəhərin müasirləşdirilməsində digər icra olunmuş və olunan layihələr sumqayıtlılara və onun qonaqlarına yüksək şəhərsalma standartlarına cavab verən  şəhəri  bəxş edəcəkdir.

    Sumqayıtın yeni inkişaf strategiyası çərçivəsində 2017-ci ildə şəhərin yerli özünüidarəetmə orqanının qarşısında duran vəzifələr və bələdiyyənin hesabat dövründə fəaliyyəti cari ilin yanvar ayının 25-də Sumqayıtın Tarixi Muzeyində keçirilmiş bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların yığıncağında müzakirə edilmişdir. Toplantı iştirakçılarının qarşısında hesabatla çıxış etmiş bələdiyyə sədri Sultan Əsədov ötən il ərzində bələdiyyənin  fəaliyyətini ətraflı təhlil edərək şəhərin yerli özünüidarəetmə orqanında 2015-ci ildə yaranmış böhran vəziyyətdən çıxmaq məqsədi ilə bələdiyyənin işində tətbiq edilmiş yeni iş üslubları və tədbirlər haqqında məlumat vermişdir. İşgüzar və konstruktiv şəraitdə keçmiş yığıncaqda bələdiyyənin fəaliyyətində mövcud olan nöqsan və çatışmazlıqlar müzakirə edilmiş, şəhərin ictimai-siyasi və sosial-iqtisadi həyatında Sumqayıtın yerli özünüidarəetmə orqanının rolunun artırılması, bələdiyyə fəaliyyətinin yeni müstəvidə qurulması,  Sumqayıtda 2015-ci ilin sentyabr ayından şəhərin inkişafı ilə bağlı  həyata  keçirilən yeni konsepsiyaya cavab verən layihələrin müəyyən edilməsi və icrasına  dair önəmli tövsiyələr verilmişdir.   

       Sumqayıt Bələdiyyəsinin fəaliyyətinin təşkili.

       Hesabat dövründə Sumqayıt Bələdiyyəsinin 7 iclasında 126 məsələ müzakirə edilmiş, müvafiq qərarlar qəbul edilmişdir. Bələdiyyənin və onun daimi komissiyalarının iclaslarında qəbul edilmiş qərarlar əsasən yerli özünüidarəetmənin inkişafı və təkmilləşdirilməsi, yerli büdcənin təsdiqi və icrası, bələdiyyə mülkiyyətinin idarəedilməsi, bələdiyyə məhəllə komitələrinin fəaliyyətinə metodiki yardımın və dəstəyin göstərilməsi, şəhərin ictimai və qeyri - hökumət təşkilatları, bələdiyyə məhəllə komitələrinin üzvləri və sakinlərinin sosial müdafiəsi, dövlət bayramları və tədbirləri, şəhərin sosial sahəsində, o cümlədən bələdiyyə ərazisinin yaşıllaşdırılması və abadlaşdırılması, bağlar zonasında yolların genişləndirilməsi və təmiri, bayram, təhsil, səhiyyə, idman tədbirlərin təşkili, ekologiya sahəsində layihələrin icrası, qeyri-hökumət təşkilatları ilə birgə həyata keçirilən layihələrin durumu kimi məsələləri əhatə etmişlər. Bələdiyyə iclaslarında qəbul edilmiş qərarların icrası bələdiyyə rəhbərliyinin yanında keçirilmiş həftəlik 24 müşavirədə daim təhlil edilmiş, nəzarətdə saxlanılmışdır.     

      Cari ilin birinci yarısında Sumqayıt Bələdiyyəsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin 2017-ci ildə maarifləndirmə sahəsində əməkdaşlığına dair tədbirlər planı əsasında bələdiyyənin məhəllə komitələri və yerli əhali ilə “Yanğın və qaz təhlükəsizliyinin təmin edilməsi” mövzusunda Kimyaçılar qəsəbəsi və Maralgöl üzrə 1 saylı məhəllə komitəsinin İcma Mərkəzində, Sumqayıt Bələdiyyəsinin konfrans zalında və Qubadlı rayon Çardaxlı tam orta məktəbinin binasında 3 görüş keçirilmişdir. Tədbirlərdə 25 məhəllə komitəsinin üzvləri və nümayəndələri iştirak etmişdir.

      2017-ci ilin aprel ayının 25-də Bakı şəhərində keçirilmiş Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının illik yığıncağında  bələdiyyənin sədri Sultan Əsədov iştirak etmişdir.

      Fiziki və hüquqi şəxslərin müraciətlərinə və xidməti məktublarına baxılması işinin təşkili.

      Hesabat dövründə Sumqayıt Bələdiyyəsinə 665 xidməti məktub və 1224 ərizə daxil olmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 52 məktub və 153 ərizə çox deməkdir. Bələdiyyə rəhbərliyinin və icra aparatının qəbulunda 1380 nəfər vətəndaş olmuşdur. 2016-cı ilin birinci yarısına nisbətən qəbula gəlmiş vətəndaşların sayı 275 nəfər çox olmuşdur. Sumqayıt Bələdiyyəsinə daxil olmuş ərizə və müraciətlərin baxılması qanunla müəyyən edimiş müddət ərzində təmin edilmişdir.    

       Sumqayıt Bələdiyyəsinin məhkəmə müdafiəsi.

      2017-ci ilin birinci yarısında məhkəmə orqanlarında hüquqi və fiziki şəxslərin ərizələrinin baxılması sahəsində bələdiyyənin əməkdaşları 92 mülki və inzibati iş üzrə 241 məhkəmə iclasında iştirak etmişlər. Hesabat dövrü ərzində bələdiyyə tərəfindən torpaq sahələri üzərində hüquqlara xitam verilməsi, zəbt olunmuş torpaq sahələrinin boşaldılması və qanunsuz tikililərin sökülməsi barədə məhkəmələrdə 13 iddia və qarşılıqlı iddia tələbləri irəli sürülmüş, onlardan 6-sı təmin, 2-si rədd edilmiş, digərləri isə baxılmaqdadır. 

       Sumqayıt Bələdiyyəsinin yerli büdcəsinin icrası.

       2017-ci ilin birinci yarısında yerli büdcənin gəlirləri 737469 (yeddi yüz otuz yeddi min dörd yüz altmış doqquz) manat, o cümlədən 270000 (iki yüz yetmiş min) manat dotasiya təşkil etmiş, proqnoz tapşırıq 83,3 faiz səviyyəsində icra olunmuşdur. Qeyd etmək lazımdır ki, cari ilin birinci yarısında bələdiyyə büdcəsinə daxil olan vəsaitin miqdarı ötən ilin müvafiq dövrünə nisbətən 20,5 faiz az olmuşdur. Yerli büdcənin gəlirlərində bələdiyyə əmlakının özəlləşdirilməsi üzrə ödənişlər 178596 (bir yüz yetmiş səkkiz min beş yüz doxsan altı) manat və ya 66,7 faiz, bələdiyyə əmlakının icarəyə verilməsi üzrə ödənişlər 185658 (bir yüz səksən beş min altı yüz əlli səkkiz)  manat və ya 99,8 faiz, fiziki şəxslərdən torpaq vergisi üzrə gəlirlər 466755 (dörd yüz altmış altı min yeddi yüz əlli beş) manat və ya 64,8 faiz olmuşdur (yerli büdcənin 2017-ci ilin birinci yarısına icrasına dair cədvəllər əlavə olunur).

      Hesabat dövründə yerli büdcənin xərcləri 610128 (altı yüz on min yüz iyirmi səkkiz) manat təşkil etmişdir ki, bu da proqnoz tapşırığının 68,9 faizi deməkdir. Yerli büdcənin vəsaiti əsasən bələdiyyə mülkiyyəti, mənzil-kommunal təsərrüfatı, sosial müdafiə və sosial təminat sahələrində həyata keçirilmiş layihələrin maliyyələşdirilməsinə yönəldilmişdir.  Belə ki, cari ilin birinci yarısında “Mənzil-kommunal təsərrüfatı xərcləri” xərc maddəsi üzrə yerli büdcədən 35588 (otuz beş min beş yüz səksən səkkiz) manat məbləğində və ya 16,8 faiz səviyyəsində, “Nəqliyyat və rabitə xərcləri” xərc maddəsi üzrə isə 258750 (iki yüz əlli səkkiz min yeddi yüz əlli) manat miqdarında və ya proqnoz tapşırığının 92,3 faiz səviyyəsində vəsait ayrılmışdır. Hesabat dövründə yerli özünüidarəetmə orqanının saxlanılması xərcləri 236600 (iki yüz otuz altı min altı yüz) manat təşkill etmişdir ki, bu da proqnoz tapşırığının 80,4 faizi deməkdir.

Sumqayıt Bələdiyyəsinin 2017-ci ilin birinci yarısında  yerli sosial müdafiə proqramı əsasında hesabat dövründə bir sıra tədbirlər həyata keçirilmişdir.   

Yanvar ayının 1-5-i Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi, Azərbaycan Çernobıl Əlilləri İttifaqı İctimai Birliyinin Sumqayıt şəhər filialı, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin Sumqayıt şəhər şöbəsi, Azərbaycan Əlil Qadınlar Cəmiyyətinin Sumqayıt şəhər şöbəsi, Ana Vətən Müharibəsi Veteranları Birliyinin Sumqayıt şəhər şöbələri üzvlərinin, bir sıra aztəminatlı  ailələrinin, və bələdiyyə icra aparatının əməkdaşlarının 300 (üç yüz) uşağı üçün bayram şənliyi təşkil edilmişdir. Tədbirlərin təşkili üçün yerli büdcədən 500 (beş yüz) manat vəsait ayrılmışdır.

     - 20 yanvar – Ümumxalq Hüzn günü ilə bağlı bələdiyyə rəhbərliyi, üzvləri,icra aparatının əməkdaşları və məhəllə komitələrinin nümayəndələri 20 yanvar abidəsinin önünə əklillər qoymuş, “Şəhidlər Xiyabanı” kompleksini ziyarət etmişlər.

- 8 Mart Beynəlxalq qadınlar günü münasibəti ilə qadın bələdiyyə üzvlərinnin və icra aparatında işləyən qadınların mükafatlandırılması təşkil olunmuş, bu məqsədlə bələdiyyə büdcəsindən 1800 (bir min səkkiz yüz) manat məbləğində vəsait ayrılmışdır.

- Mart ayının 31-də bələdiyyə rəhbərliyi, üzvləri, icra aparatının əməkdaşları bələdiyyə və məhəllə komitələrinin nümayəndələri Azərbaycan xalqının soyqırımı günü ilə əlaqədar şəhərdə təşkil olunmuş tədbirlərdə iştirak etmişlər.

-  2017-ci ilin may ayının  9-u  Faşizm üzərində  qələbənin 72-ci ildönümünün qeyd edilməsi münasibəti ilə bələdiyyə rəhbərliyi, üzvləri, icra aparatının əməkdaşları və məhəllə komitələrinin nümayəndələri 1941-1945-ci illər Böyük Vətən Müharibəsinə həsr olunmuş monumenti ziyarət etmişlər. May ayının 8-i Sumqayıt Bələdiyyəsinin konfrans zalında bələdiyyə üzvlərinin, aparatın əməkdaşlarının iştirakı ilə Böyük Vətən Müharibəsinin veteranları üçün təntənəli yığıncaq təşkil edilmişdir. Tədbirin təşkili üçün bələdiyyə büdcəsindən 600 (altı yüz) manat məbləğində vəsait ayrılmışdır.

- Ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə bağlı Sumqayıt Bələdiyyəsinin rəhbərliyi, üzvləri, aparatın əməkdaşları və məhəllə komitələrinin nümayəndələri Heydər Əliyevin abidəsini ziyarət etmiş və önünə gül dəstələri qoymuşlar. Tədbirin keçirilməsinə bələdiyyə büdcəsindən 100 (bir yüz) manat məbləğində vəsait ayrılmışdır.

2017-ci ilin may ayının 28-də Respublika günü münasibəti ilə Sumqayıt Bələdiyyəsinin rəhbərliyi, üzvləri, aparatın əməkdaşları və bələdiyyənin məhəllə komitələrinin nümayəndələri Ümummilli lider Heydər Əliyevin   abidəsini ziyarət etmiş və onun önünə gül dəstələri düzmüşlər.

Hesabat dövründə 33 şəhər sakininə müxtəlif məbləğdə ümumi dəyəri  9620 (doqquz min altı yüz iyirmi) manat təşkil edən maddi yardım göstərilmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 64,3 faiz az deməkdir.

     Hesabat dövründə Sumqayıt Bələdiyyəsinin 2017-ci ilə yerli sosial inkişaf proqramına müvafiq olaraq bələdiyyənin sifarişləri əsasında  bələdiyyə ərazisində dəyəri 271830 (iki yüz yetmiş bir min səkkiz yüz otuz) manat məbləğində olan 9 iri həcimli layihə həyata keçirilmişdir.

     2017-ci ilin birinci yarısında yerli əhəmiyyətli yolların saxlanılması sahəsində 5 layihə həyata keçirilmişdir. Belə ki, bağlar zonasında 17 saylı avtobus marşrutu üzrə 2780 kv.m yol təmir edilmiş, layihənin icrası məqsədi ilə yerli büdcədən 33008 (otuz üç min səkkiz) manat məbləğində vəsait ayrılmışdır. Yeni yaşayış massivində 2600 kv.metr ölçüdə olan sahə təmir edilmişdir. İşlərin dəyəri 15000 (on beş min) manat təşkil etmişdir. 20-ci mikrorayonun daxili yollarında 4550 kv.metr sahə təmir edilmişdir. Bu məqsədlə yerli büdcədən 15000 (on beş min) manat məbləğində vəsait ayrılmışdır.

    Şəhər ərazisinin abadlaşdırılması sahəsində Sumqayıt Bələdiyyəsinin sifarişləri əsasında 2 layihə həyata keçirilmişdir. Belə ki, şəhərin 2-ci və 3-cü məhəllələrinin, 20-ci mikrorayonunun ərazisində həyətlərin və yolların təmirinə müvafiq olaraq 94400 (doxsan dörd min dörd yüz) və 59000 (əlli doqquz min) manat yerli büdcədən vəsait ayrılmışdır.

      Bununla yanaşı Sumqayıt Məscidinin və qəbiristanlıq yolunda 28023 kv.metr ölçüdə aslaft örtüyü qoyulmuşdur, işlərin dəyəri 22584 (iyirmi iki min beş yüz səksən dörd) manat təşkil etmişdir. Sumqayıtın “Bələdiyyə Parkı”nın ərazisində dəyəri 11628 (on bir min altı yüz iyirmi səkkiz) manat təşkil edən və ölçüsü 1934 kv.metr olan sahədə yeni asfalt örtüyü qoyulmuşdur. Bələdiyyənin sifarişi əsasında Musiqi Məktəbinin həyətində 1100 kv.metr sahədə aslaft örtüyü qoyulmuş, bu işlərin görülməsinə yerli büdcədən 9050 (doqquz min əlli) manat vəsait yönəldilmişdir.

      Sumqayıt Bələdiyyəsinin 2017-ci ilə yerli ekoloji proqramının tədbirlərinə əsasən Sumqayıt Bələdiyyəsinin qərarlarına müvafiq olaraq ilin birinci yarısında bir neçə layihələr həyata keçirilmişdir. Hesabat dövründə “Bələdiyyə parkı”nda 19 min kv.metr qazona daimi xidmət göstərilmişdir. Bununla yanaşı parkın abadlaşdırılması işlərinin icrası məqsədi ilə bələdiyyə büdcəsindən 12160 (on iki min yüz altmış) manat məbləğində vəsait ayrılmışdır. İlin birinci yarısında bələdiyyə üzvləri və əməkdaşlarının iştirakı ilə iməciliklər təşkil edilmişdir.

        Hesabat dövründə Sumqayıt Bələdiyyəsinin 2017-ci ilə xarici əlaqələr proqramına müvafiq olaraq bir sıra tədbirlər həyata keçirilmişdir.  Belə ki, cari ilin fevral ayının 8-də Sumqayıt şəhərində səfərdə olmuş Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrab və onun rəhbərlik etdiyi nümayəndə heyəti şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tərəfindən qəbul olunmuşdur. Eyni zamanda qonaqlar Sumqayıt Bələdiyyəsinin sədri Sultan Əsədov və bir sıra bələdiyyə üzvləri tərəfindən də qəbul edilmişlər.

       Hesabat dövrü, may ayının 3-dən 6-dək Sumqayıt şəhərinin və Almaniya Federativ Respublikasının Ludviqshafen şəhəri arasında dostluq əlaqələrinin 40 illiyi münasibəti ilə şəhərimizdə təşkil edilmiş yubiley tədbirləri çərçivəsində Sumqayıt Bələdiyyəsi tərəfindən yadda qalan bayram şənlikləri təşkil edilmişdir. Tədbirlərin maliyyələşdirilməsi üçün yerli büdcədən 45800 (qırx beş min səkkiz yüz) manat məbləğində vəsait ayrılmışdır.

       Sumqayıt Bələdiyyəsinin Türkiyyə Respublikasının Ankara şəhərinin Keçiörən qardaşlaşmış bələdiyyə rəhbərliyinin dəvəti əsasında şəhərin yerli özünüidarəetmə orqanının sədri Sultan Əsədovun rəhbərliyi altında 10 nəfərdən  ibarət  nümayəndə  heyəti  cari ilin  may  ayının 31-dən iyun ayının 3-dək Ankara şəhərində təşkil edilmiş “Beynəlxalq Ramazan festivalı”nda iştirak etmişlər. Festivalın proqramı çərçivəsində təşkil edilmiş “Azərbaycan gecəsi”ndə sumqayıtlılar bayram tədbirinin iştirakçıları üçün qəbul təşkil etmişlər. Tədbirin maliyyələşdirilməsi üçün yerlı büdcədən 6000 ( altı min) manat miqdarında vəsait ayrılmışdır.

      Sumqayıt Bələdiyəsinin mülkiyyətinin istifadəsi .

      2017-ci ilin birinci yarısında Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olan 6,39452 hektar torpaq sahəsi istifadə olunmuşdur. Torpaq sahələrinin 3,0671 hektarı sahibkarlıq fəliyyəti ilə məşğul olmaq üçün icarəyə verilmişdir. Torpaq sahələrinin digər hissəsi - 3,32472 hektar fərdi yaşayış evlərin tikintisi və bağ sahəsi kimi  fiziki şəxslərin  mülkiyyətinə verilmişdir.

      Sumqayıt Bələdiyyəsi yerli özünüidarəetmənin inkişafı və təkmilləşdirilməsi sahəsində cari ilin birinci yarısında “Mənzil fondunun idarə edilməsi”, “Strateji planlaşdırma”, “Kiçik və orta sahibkarlara dəstək”  layihələri üzrə araşdırmalar aparmış, müvafiq tövsiyələr hazırlamışdır.

      Hesabat dövründə Sumqayıt Bələdiyyəsi tərəfindən həyata keçirilmiş layihələr haqqında əhaliyə mütəmadi olaraq məlumatlar çatdırılmışdır. Bələdiyyə fəaliyyətinin şəffaflığının təmin edilməsi məqsədi ilə bələdiyyənin həyata keçirtdiyi tədbirlər haqqında kütləvi informasiya vasitələrində mütəmadi olaraq materiallar dərc edilmiş, müxtəlif telekanalların vasitəsi ilə yayımlanmışdır. Bununla yanaşı bələdiyyənin fəaliyyəti barədə əhaliyə məlumatın çatdırılması məqsədi ilə bələdiyyə rəhbərliyinin əhali ilə görüşləri, bələdiyyə məhəllə komitələrinin, bələdiyyə üzvlərinin seçicilər qarşısında hesabatları, bələdiyyənin həyata keçirdiyi layihələr barədə məlumatların işıqlandırılmasında bələdiyyənin elektron səhifəsinin, məlumat lövhələrinin resurslarından da geniş istifadə edilmişdir.
Arxiv
Əlaqə
AZ5000 Sumqayıt şəhəri
Azərbaycan prospekti, 9
Tel.: (+994 018) 6459547
Fax: (+994 018) 6458609