Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələri Milli Assosiasiyaları “Yerli demokratiya həftəsi” başlayır

Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələri Milli Assosiasiyaları oktyabrın 15-dən 21-dək “Yerli demokratiya həftəsi” keçirəcək.

Həftə çərçivəsində oktyabrın 11-də Sumqayıtda Hüseyn Ərəblinski adına Dövlət Dram Teatrının konfrans zalında Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının təşkilatçılığı ilə “Azərbaycanda yerli demokratiyanın inkişafı naminə vətəndaşların iştirakı, maarifləndirilməsi və öhdəlikləri” mövzusunda konfrans keçirilib.

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov konfransda çıxış edərək şəhərdə aparılan genişmiqyaslı işlərdən danışıb, Sumqayıtı ölkəmizin inkişafının gözəl nümunəsi kimi səciyyələndirib. O, Prezident İlham Əliyevin apardığı mütərəqqi inkişaf proqramı nəticəsində Sumqayıtın artıq Cənubi Qafqazda ikinci sənaye şəhəri olduğunu vurğulayıb.

Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, Bakı şəhəri Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev tədbirin məqsədindən danışaraq demokratiya həftəsinin yerli özünüidarə orqanlarının inkişafında mühüm rol oynayacağını, vətəndaşlar arasında bələdiyyələrin nüfuzunun möhkəmlənməsinə töhfə verəcəyini diqqətə çatdirib. Həmçinin məqsədin yerli özünüidarəetmə proseslərində əhalinin rolunun, iştirakının və həmrəyliyin artırılması, fikir mübadilələrinin aparılması və qarşılıqlı öhdəliklərin müəyyən olunması yolu ilə fəaliyyətin daha da genişləndirilməsi olduğunu bildirib. O, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının həftə çərçivəsində keçiriləcək tədbirləri haqqında məlumat verib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov sayca 11-ci dəfə keçiriləcək “Yerli demokratiya həftəsi”nin əhəmiyyətindən danışıb. O, Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələri Milli Assosiasiyalarının “Avropada yerli demokratiya həftəsi” təşəbbüsünə qoşularaq hər il bələdiyyələrə belə tədbirlərin keçirilməsini tövsiyə etməsinin yaxşı ənənəyə çevrildiyini deyib. Sektor müdiri bugünkü tədbirin bələdiyyə fəaliyyətinin səmərəliliyinin artırılması baxımından çox əhəmiyyətli olduğunu vurğulayıb. O, Azərbaycanda yerli demokratiyanın inkişaf etdirilməsi sahəsində atılan addımları ölkə başçısı İlham Əliyevin demokratik təsisatların inkişaf etdirilməsi istiqamətində uğurla apardığı siyasətin məntiqi nəticəsi kimi qiymətləndirib.

“Hamıya məlumdur ki, dövlət başçısı ölkənin sosial-iqtisadi inkişafını sürətləndirən sərəncamlar imzalayır və vaxtaşırı bu sərəncamların, tapşırıqların icrasını yerlərdə şəxsən yoxlayır. Bu siyasətə uyğun olaraq şəhər, rayon icra hakimiyyətləri tərəfindən mütəmadi olaraq səyyar qəbullar keçirilir, həmin qəbullarda vətəndaşlar onları narahat edən məsələləri birbaşa bildirir və aidiyyəti qurumlar tərəfindən mövcud problemlərin həlli istiqamətində iş aparılır. Bu baxımdan bələdiyyələr də yerli əhali ilə mütəmadi olaraq təmasda olmalı, onları narahat edən problemləri birgə müzakirə etməli və həllinə çalışmalıdırlar. “Yerli demokratiya həftəsi” belə görüşlərin daha intensiv keçirilməsi üçün yaradılmış əlavə bir imkandır”, - deyə Emin Eyvazov bildirib. Prezident Administrasiyasının sektor müdiri bələdiyyə rəhbərlərinin qarşısında duran vəzifələri qeyd edərək həftənin özünüidarəetmə orqanlarının fəaliyyətində demokratik prinsiplərin inkişafına təkan verəcəyini vurğulayıb.

Yerli demokratiya həftəsinin əhəmiyyətini vurğulayan Milli Məclisin regional məsələlər komitəsinin üzvləri Rüstəm Xəlilov və Kamran Bayramov bildiriblər ki, “Yerli demokratiya həftəsi” bələdiyyələrin fəaliyyətinin genişlənməsinə, bu qurumların işində demokratik prinsiplərin daha çevik tətbiqinə imkan yaradacaq.

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəis müavini Fazil Məmmədov “Yerli demokratiya həftəsi”nin məqsədləri və əhəmiyyətindən danışaraq bütün Avropa ölkələrində həyata keçirilən bu mühüm konsepsiyanın reallaşdırılmasında Prezident Administrasiyasının və Ədliyyə Nazirliyinin rolunu qeyd edib.

Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icra katibi Tofiq Həsənov Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələri Milli Assosiasiyalarının həftə ilə bağlı hazırladığı tövsiyələr barədə iştirakçılara məlumat verib. Ölkəmizin Avropa Şurasının üzvü kimi götürdüyü öhdəlikləri yerinə yetirdiyini diqqətə çatdıran natiq həftə ərzində keçirilən tədbirlərdə vətəndaşların fəallığının təmin olunmasının, əhalinin qaldırdığı problemlərin həllində demokratik prinsiplərə daha çox yer verilməsinin vacibliyini vurğulayıb.

Mövzu ətrafında müzakirələrdə iştirak edən Sumqayıt şəhər bələdiyyəsinin sədri Sultan Əsədov, Abşeron rayonu Xırdalan bələdiyyəsinin sədri Eldar Əhmədov, Suraxani rayonu Qaraçuxur bələdiyyəsinin sədri İxtiyar Nəcəfov, Sumqayıt bələdiyyəsinin Xəzri-1 saylı məhəllə komitəsinin sədri İnqilab Səlimov və digərləri maraqlı təkliflərlə çıxış ediblər.

Konstruktiv dialoq formatında keçən konfransda iştirakçıları maraqlandıran məsələlərə aydınlıq gətirilib, aksiyanın mütəşəkkil keçməsi üçün tövsiyələr verilib.





Arxiv
Əlaqə
AZ5000 Sumqayıt şəhəri
Azərbaycan prospekti, 9
Tel.: (+994 018) 6459547
Fax: (+994 018) 6458609