2016-cı il

SUMQAYIT BƏLƏDİYYƏSİNİN 2016-CI İLDƏ FƏALİYYƏTİNİN ƏSAS NƏTİCƏLƏRİNƏ DAİR HESABATI

2016-cı il Sumqayıt şəhərinin tarixində yeni inkişaf mərhələsinin başlanğıcı olmuşdur. Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin tapşırığı, diqqət və qayğısı sayəsində şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun qətiyyətli idarəçiliyi nəticəsində Sumqayıt şəhərində  müasir urbanistika siyasəti əsasında 2015-ci ilin sentyabr ayından şəhərimizdə icra olunan irimiqyaslı layihələr  yüksək şəhərsalma və yaşayış standartlarına cavab verilməsinə yönəldilmişdir. Ötən ildə nəzərdə tutulmuş layihələr cəmi səkkiz ay ərzində uğurla yerinə yetirilmişdir.     
2016-cı ildə şəhərin sosial infrastrukturu  yeni, müasir yüksək dizayinə malik olan ictimai, təhsil, mədəniyyət, idman obyektlərinin binaları ilə zənginləşmişdir. Şəhərin təhsil, səhiyyə və mədəniyyət obyektlərində köklü təmir işləri aparılmış, onların binaları yeni görkəmə gətirilmişdir. Şəhər ərazisində misli görülməmiş abadlaşdırma işləri aparılmışdır. Şəhərin yeni sosial-iqtisadi inkişaf proqramı əsasında Heydər  Əliyev Mərkəzinin memarlıq əsəri olan yeni binası inşa edilmişdir. Şəhərin Heydər Əliyev parkı ərazisində beynəlxalq yarışların standartlarına cavab verən Şahmat Məktəbinin yeni binası istifadəyə verilmişdir. Şəhər mədəniyyətinin infrastrukturunu zənginləşdirən Sumqayıt Dövlət Dram Teatrının binası möhtəşəm şəkildə yenidən qurulmuşdur. İncəsənət Məktəbinin yeni binası mədəniyyət işçilərinin istifadəsinə verilmişdir. Şəhərin məhəllə və mikrorayonlarının abadlaşdırılması məqsədi ilə daxili yolların və həyətlərin asfaltlaşdırılması, yaşıllaşdırılması və işıqlandırılması geniş şəkildə aparılır, yaşayış evlərinin dam örtüklərinin yeni müasir materiallarla quraşdırılması, 200 ədədə yaxın yeni liftin işə salınması, zirzəmilərin qurudulması və təmizlənməsi istiqamətində aparılan işlər kütləvi xarakter daşıyır. Sumqayıtın giriş hissəsində Sülh küçəsinin genişləndirilməsi, yolun ətrafında  landşaft  memarlıq və dizayn üslubunda icra olunan abadlıq işləri şəhərin bu hissəsinə  xüsusi görkəm gətirmişdir. Sumqayıtın yenidən qurulmasında  Dənizkənarı Bulvarın salınması xüsusi rol oynayır. Qeyd olunan və şəhərin müasirləşdirilməsində digər icra olunmuş və olunan layihələr Sumqayıtı yüksək şəhərsalma standartlarına cavab verən  şəhərə çevirəcəkdir.  

    Sumqayıtın yeni inkişaf strategiyası çərçivəsində 2016-cı ildə şəhərin yerli özünüidarəetmə orqanının qarşısında duran vəzifələr və bələdiyyədə yaranmış vəziyyət ötən ilin yanvar ayının 22-də Sumqayıtın Tarixi Muzeyində keçirilmiş bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların yığıncağında müzakirə edilmişdir. Yığıncaqda hesabatla çıxış etmiş o zaman bələdiyyə sədrinin vəzifəsini icra edən Sultan Əsədov toplantıda iştirak etmiş bələdiyyənin məhəllə komitələrinin nümayəndələrinə Sumqayıt Bələdiyyəsində yaranmış böhran vəziyyətlə bağlı təhlili məlumat vermişdir.  İşgüzar və konstruktiv şəraitdə keçmiş yığıncaqda bələdiyyənin fəaliyyətində mövcud olan nöqsan və çatışmamazlıqlar müzakirə edilmiş, şəhərin ictimai-siyasi və sosial-iqtisadi həyatında Sumqayıtın yerli özünüidarəetmə orqanının rolunun artırılması, bələdiyyə fəaliyyətinin yeni müstəvidə qurulması, Sumqayıtda 2015-ci ilin sentyabr ayından şəhərin inkişafı ilə bağlı  həyata keçirilən yeni konsepsiyaya cavab verən layihələrin müəyyən edilməsi və icrasına  dair önəmli tövsiyələr verilmişdir.  

     Ötən ilin aprel ayının 21-də Sumqayıt Bələdiyyəsinin üzvləri həmin tarixədək bələdiyyə sədrinin vəzifəsini icra edən Sultan Əsədovu bələdiyyə sədri vəzifəsinə seçmişlər.

       Sumqayıt Bələdiyyəsinin fəaliyyətinin təşkili

       Hesabat dövründə Sumqayıt Bələdiyyəsinin 19 iclasında 701 məsələ müzakirə edilmiş, müvafiq qərarlar qəbul olunmuşdur. Bələdiyyənin və onun komissiyalarının iclaslarında qəbul edilmiş qərarlar əsasən yerli özünüidarəetmənin inkişafı və təkmilləşdirilməsi, yerli büdcənin təsdiqi və icrası, bələdiyyə mülkiyyətinin idarəedilməsi, bələdiyyə məhəllə komitələrinin fəaliyyətinə, onların hesabat - seçki kampaniyasına metodiki yardımın və dəstəyin göstərilməsi, şəhərin ictimai və qeyri - hökumət təşkilatları, bələdiyyə məhəllə komitələrinin üzvləri və sakinlərinin sosial müdafiəsi, dövlət bayramları və tədbirləri, şəhərin sosial sahəsində, o cümlədən bələdiyyə ərazisinin yaşıllaşdırılması və abadlaşdırılması, bağlar zonasında yolların təmiri, bayram, təhsil, səhiyyə, idman tədbirlərinin təşkili, ekologiya sahəsində layihələrin icrası, qeyri-hökumət təşkilatları ilə birgə həyata keçirilən layihələrin durumu kimi məsələləri əhatə etmişlər. Bələdiyyə iclaslarında qəbul edilmiş qərarların icrası bələdiyyə rəhbərliyinin yanında keçirilmiş həftəlik 49  müşavirədə daim təhlil edilmiş, nəzarətdə saxlanılmışdır.     

      2016-cı ildə Sumqayıt Bələdiyyəsinin fəaliyyətində böyük dönüş yaranmışdır. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun şəhərin idarəetmə proseslərinə Sumqayıt Bələdiyyəsinin , Tağıyev və Corat qəsəbələrinin yerli özünüidarəetmə orqanlarının, şəhərin inkişafında yaxından iştirak etmiş insanların, şəhərimizin tanınmış sakinlərindən ibarət ictimaiyyətinin, müəssisə və idarələrin yaxından cəlb edilməsi Sumqayıtın idarə edilməsində yeni üsul olmuşdur. Şəhərimizin idarə edilməsində yeni ənənənin təməli qoyulmuşdur. Qeyd etmək lazımdır ki, ötən ildə Sumqayıt Bələdiyyəsinin üzvləri, onun aparat işçiləri şəhərdə təşkil olunmuş toplantılarda və tədbirlərdə yaxından iştirak etmişlər. Şəhər İcra Hakimiyyətinin  baçısı Zakir Fərəcovun tövsiyələri əsasında Sumqayıt Bələdiyyəsi tərəfindən həyata keçirilmiş layihələr   şəhərin sosial-iqtisadi inkişafında böyük rol oynamışlar.

Ötən ildə Sumqayıt Bələdiyyəsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin 2016-cı ildə maarifləndirmə sahəsində əməkdaşlığına dair tədbirlər planı əsasında bələdiyyənin məhəllə komitələri və yerli əhali ilə “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda 4 görüş keçirilib. Tədbirlərdə 38 məhəllə komitəsinin üzvləri və nümayəndələri iştirak etmişdir.

      2016-cı ilin aprel ayının 16-da Abşeron rayonunun Xırdalan şəhərində keçirilmiş Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının illik yığıncağında  bələdiyyənin rəhbərliyi, üzvləri və icra aparatının əməkdaşları iştirak etmişlər.

      Hesabat dövrünün iyun ayının 10-da Sumqayıtın Tarixi Muzeyində “Gənclərin vətənpərvər, bilikli və milli ənənələr ruhunda tərbiyəsində Ağsaqqallar Şurasının və bələdiyyənin məhəllə komitələri ilə əlaqəli fəaliyyəti” mövzusunda Sumqayıt Bələdiyyəsinin dəstəyi əsasında tədbir keçirilmişdir. “Bələdiyyələrin maliyyə və iqtisadi potensialının gücləndirilməsi perespektivləri” mözusunda ötən ilin noyabr ayının 14-15 tarixində Şəmkir şəhərində keçirilmiş konfransda Sumqayıt Bələdiyyəsinin sədri Sultan Əsədov iştirak etmişdir.

      Fiziki və hüquqi şəxslərin müraciətlərinə və xidməti məktublarına baxılması işinin təşkili

      Hesabat dövründə Sumqayıt Bələdiyyəsinə 1245 xidməti məktub və 2429 ərizə daxil olmuşdur ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 219 məktub və 996 ərizə çox deməkdir. Bələdiyyə rəhbərliyinin və icra aparatının qəbulunda 2500 nəfər vətəndaş olmuşdur. 2015-ci ildə  qəbula gəlmiş vətəndaşların sayı 651 nəfər az olmuşdur. Sumqayıt Bələdiyyəsinə daxil olmuş ərizə və müraciətlərin baxılması qanunla müəyyən edimiş müddət ərzində təmin edilmişdir.    

       Sumqayıt Bələdiyyəsinin məhkəmə müdafiəsi

      2016-cı ildə məhkəmə orqanlarında hüquqi və fiziki şəxslərin ərizələrinin baxılması sayəsində bələdiyyənin əməkdaşları 143 mülki və inzibati iş üzrə 535 məhkəmə iclasında iştirak etmişlər. Hesabat dövrü ərzində bələdiyyə tərəfindən torpaq sahələri üzərində hüquqlara xitam verilməsi, zəbt olunmuş torpaq sahələrinin boşaldılması və qanunsuz tikililərin sökülməsi barədə məhkəmələrdə 10 iddia və qarşılıqlı iddia tələbləri irəli sürülmüş, onlardan 5-i təmin edilmiş, digərləri isə baxılmaqdadır. 

       Sumqayıt Bələdiyyəsinin yerli büdcəsinin icrası

       2016-cı ildə yerli büdcənin gəlirləri 1413408 manat, o cümlədən 270 min manat dotasiya təşkil etmiş, proqnoz tapşırığı 103,1 faiz səviyyəsində icra olunmuşdur. Yerli büdcənin gəlirlərində bələdiyyə əmlakının özəlləşdirilməsi üzrə ödənişlər 532099 manat və ya 92,1 faiz, bələdiyyə əmlakının icarəyə verilməsi üzrə ödənişlər 281142 manat və ya 74 faiz, fiziki şəxslərdən torpaq vergisi üzrə gəlirlər  117628 manat və ya 78,4 faiz olmuşdur (yerli büdcənin 2016-cı ilə icrasına dair cədvəllər əlavə olunur).

      Hesabat dövründə yerli büdcənin xərcləri 1395194 manat təşkil etmişdir ki, bu da proqnoz tapşırığının 101,8 faizi deməkdir. Yerli büdcənin vəsaiti əsasən bələdiyyə mülkiyyəti, mənzil-kommunal təsərrüfatı, sosial müdafiə və sosial təminat sahələrində həyata keçirilmiş layihələrin maliyyələşdirilməsinə yönəldilmişdir. Belə ki, “Mənzil-kommunal təsərrüfatı xərcləri” xərc maddəsi üzrə yerli büdcədən 120971 manat məbləğində, “Nəqliyyat və rabitə xərcləri” xərc maddəsi üzrə isə 496675 manat miqdarında vəsait ayrılmışdır. Hesabat dövründə yerli özünüidarəetmə orqanının saxlanılması xərcləri 537861 manat təşkill etmişdir ki, bu da proqnoz tapşırığın 91,2 faizi deməkdir.

Sumqayıt Bələdiyyəsinin 2016-cı ilə yerli sosial müdafiə proqramı əsasında hesabat dövründə bir sıra tədbirlər həyata keçirilmişdir.       

Yanvar ayının 1-4-ü Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi, Azərbaycan Çernobıl Əlilləri İttifaqı İctimai Birliyinin Sumqayıt şəhər filialı, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin Sumqayıt şəhər şöbəsi, Azərbaycan Əlil Qadınlar Cəmiyyətinin Sumqayıt şəhər şöbəsi, Ana Vətən Müharibəsi Veteranları Birliyinin Sumqayıt şəhər şöbələri üzvlərinin, bir sıra aztəminatlı  ailələrinin, və bələdiyyə icra aparatının əməkdaşlarının  uşaqları üçün bayram şənliyi təşkil edilmişdir. Tədbirlərin təşkili üçün yerli büdcədən 300 (üç yüz) manat vəsait ayrılmışdır.

          20 yanvar – Ümumxalq Hüzn günü ilə bağlı bələdiyyə rəhbərliyi, üzvləri,icra aparatının əməkdaşları və məhəllə komitələrinin nümayəndələri 20 yanvar abidəsinin önünə əklillər qoymuş, “Şəhidlər Xiyabanı” kompleksini ziyarət etmişlər.

-    Mart Beynəlxalq qadınlar günü münasibəti ilə qadın bələdiyyə üzvlərinnin və icra aparatında işləyən qadınların mükafatlandırılması təşkil olunmuş, bu məqsədlə bələdiyyə büdcəsindən 1700 (bir min yeddi yüz) manat məbləğində vəsait ayrılmışdır.

-       Mart ayının 31-də bələdiyyə rəhbərliyi, üzvləri, icra aparatının əməkdaşları bələdiyyə və məhəllə komitələrinin nümayəndələri Azərbaycan xalqının soyqırımı günü ilə əlaqədar şəhərdə təşkil olunmuş tədbirlərdə iştirak etmişlər.

-       2016-cı ilin may ayının 9-u Faşizm üzərində qələbənin 71-ci ildönümünün qeyd edilməsi münasibəti ilə bələdiyyə rəhbərliyi, üzvləri, icra aparatının əməkdaşları və məhəllə komitələrinin üzvləri  1941-1945-ci illər Böyük Vətən Müharibəsinə həsr olunmuş monumenti ziyarət etmişlər.      May ayının 6-sı Sumqayıt Bələdiyyəsinin konfrans zalında bələdiyyə üzvlərinin,aparatın əməkdaşlarının iştirakı ilə Böyük Vətən Müharibəsinin veteranları üçün təntənəli yığıncaq təşkil edilmişdir. Tədbirlərin təşkili üçün bələdiyyə büdcəsindən 780 (yeddi yüz səksən) manat məbləğində vəsait ayrılmışdır.

-       Ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 93-cü il dönümü ilə bağlı Sumqayıt Bələdiyyəsinin rəhbərliyi, üzvləri, aparatın əməkdaşları və məhəllə komitələrinin üzvləri Heydər Əliyevin abidəsini ziyarət etmiş  və önünə gül dəstələri qoymuşlar. Tədbirlərin keçirilməsinə bələdiyyə büdcəsindən 80 (səksən) manat məbləğində vəsait ayrılmışdır.

-       2016-cı ilin may ayının 28-də Respublika günü münasibəti ilə Sumqayıt Bələdiyyəsinin rəhbərliyi, üzvləri, aparatın əməkdaşları və bələdiyyənin məhəllə komitələrinin üzvləri Ümummilli lider Heydər Əliyevin   abidəsini ziyarət etmiş və onun önünə gül dəstələri düzmüşlər.

Hesabat dövründə 83 şəhər sakininə müxtəlif məbləğdə ümumi dəyəri  39750 (otuz doqquz min yeddi yüz əlli) manat təşkil edən maddi yardım göstərilmişdir.

     Hesabat dövründə Sumqayıt Bələdiyyəsinin 2016-cı ilə yerli sosial inkişaf proqramına müvafiq olaraq bələdiyyənin sifarişləri əsasında  bələdiyyə ərazisində dəyəri 443978 manat məbləğində olan 9 iri həcimli layihə həyata keçirilmişdir.

Belə ki, bələdiyyə tərəfindən icarəyə götürülmüş ofisin otaqlarının təmirinə yerli büdcədən 17022 manat məbləğində vəsait ayrılmışdır.  Bununla yanaşı  şəhərin 5-ci məhəlləsində yerləşən və bələdiyyə tərəfindən icarəyə götürülmüş binanın təmirinə yerli büdcədən 9466 manat məbləğində vəsait  yönəldilmişdir.

2016-cı ildə yerli  əhəmiyyətli  yolların saxlanılması sayəsində 3 layihə həyata keçirilmişdir. Belə ki, bağlar zonasında 17 və 33  saylı avtobus marşrutları üzrə müvafiq olaraq 2500 kv.m və 8475 kv.m yol təmir edilmiş, layihələrin icrası məqsədi ilə yerli büdcədən 29500 və 80004 manat məbləğində vəsait ayrılmışdır. Yeni yaşayış massivində məhəllədaxili yolun 3200 kv.metri ölçüsündə olan sahəyə asfalt qoyulmuşdur. İşlərin dəyəri 12803 manat təşkil etmişdir.

          Şəhər ərazisinin abadlaşdırılması sayəsində Sumqayıt Bələdiyyəsinin sifarişləri əsasında 3 layihə həyata keçirilmişdir. Belə ki, şəhərin 6-cı mikroraryonu ərazisində mikrorayondaxili həyətlərin və yolların ölçüsü 5520 kv.metr  təşkil edən  sahədə  asfaltlaşdırma  işləri görülmüşdür. Bu layihənin maliyyələşdirilməsi üçün bələdiyyə büdcəsindən 85000 manat məbləğində vəsait ödənilmişdir. Buna bənzər işlərin həcmi şəhərin 9-cu mikrorayonu ərazisində 4846 kv.metr təşkil etmişdir. Bu işlərin dəyəri 75000 manat məbləğində olmuşdur. Şəhərin 13-cü mikrorayonunun ərazisində də həyətlər və yollarda sahəsi 7200 kv.metr  təşkil edən ərazidə asfalt qolyulmuş, layihənin dəyəri 110000 manat  təşkil etmişdir.

          Hesabat ilinin payız aylarında bələdiyyənin sifarişi əsasında Kimyaçılar qəsəbəsində yerləşən 6 saylı uşaq bağçası təmir edilərək istifadəyə verilmişdir.Bu məqsəd ilə yerli büdcədən 10000 manat məbləğində vəsait ayrılmışdır.

          İl ərzində “Bələdiyyə parkı”nda 2 layihə həyata keçirilmişdir.Onların icrası nəticəsində fəvvarə yenidən qurulmuş, işlərin maliyyəşdirilməsi üçün yerli büdcədən 25183 manat məbləğində vəsait ayrılmışdır. Eyni zamanda bələdiyyə parkında abadlaşdırma işlərinə bələdiyyə büdcəsindən 6519 manat məbləğində vəsait ayrılmışdır.   Şəhərin Sahil küçəsi və 20-ci mikrorayon arası 2 saylı avtobus marşurutunun 2280 metr uzunluğunda səki daşları dəyişdirilmiş,ərazidə abadlıq işləri görülmüşdür. Bu layihənin icrasına 31447 manat məbləğində vəsait ayrılmışdır.

         Sumqayıt Bələdiyyəsinin 2016-cı ilə yerli ekoloji proqramının tədbirlərinə əsasən Sumqayıt Bələdiyyəsinin qərarlarına müvafiq olaraq hesabat ilində bir neçə layihələr həyata keçirilmişdir. İl ərzində “Bələdiyyə parkı”nda 19 min kv.metr qazona daimi xidmət göstərilmiş, bələdiyyə üzvləri və əməkdaşlarının iştirakı ilə iməciliklər təşkil edilmişdir. Bununla yanaşı parkın ərazisində 50 ədəd palma ağacı əkilmişdir.

          Hesabat dövründə Sumqayıt Bələdiyyəsinin 2016-cı ilə xarici əlaqələr proqramına müvafiq olaraq bir sıra tədbirlər həyata keçirilmişdir.  Belə ki, cari ilin aprel ayının 18-də Sumqayıt şəhərində səfərdə olmuş Türkiyə Respublikasının Qaziantep şəhər Şahinbəy Bələdiyyəsinin sədri Mehmet Təhməzoğlu və onun rəhbərlik etdiyi nümayəndə heyəti şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tərəfindən qəbul olunmuşdur. Bununla yanaşı qonaqlar Sumqayıt Bələdiyyəsinin rəhbəri Sultan Əsədovla 2 bələdiyyə arası qardaşlaşmış əlaqələrin qurulmasına dair danışıqlar aparmışlar.

Türkiyə Respublikasının Ankara şəhərinindən olan qardaşlaşmış Keçiörən Bələdiyyə rəhbərliyinin dəvəti əsasında Sumqayıt şəhərin yerli özünüidarəetmə orqanının sədri Sultan Əsədovun rəhbərliyi altında 6 nəfərdən ibarət nümayəndə heyəti cari ilin iyun ayının 16 – 18-i Ankara şəhərində təşkil edilmiş “Beynəlxalq Ramazan festivalı”nda iştirak etmişlər. Festivalın proqramı çərçivəsində iyun ayının 17-də təşkil edilmiş “Azərbaycan gecəsi”ndə sumqayıtlı musiqiçilər festival iştirakçılarının qarşısında yadda qalan konsert proqramı ilə çıxış etmişlər. 

          Litva Respublikasının yerli özünüidarəetmə orqanları ilə iş təcrübəsi mübadiləsi məqsədi ilə Sumqayıt Bələdiyyəsinin sədri Sultan Əsədov Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının nümayəndə heyətinin tərkibində  ötən ilin sentyabr ayının 6-dan 11-dək Litva Respublikasının Bələdiyyələr İttifaqının dəvəti əsasında həmin ölkənin  bələdiyyələrində ezamiyyətdə olmuşdur.

          Azərbaycan Respublikası və Litva Respublikasının yerli özünüidarəetmə orqanları arasında əldə edilmiş razılığa əsasən Litva Bələdiyyələrinin nümayəndə heyəti ötən ilin noyabr ayının 19-da Sumqayıta  səfər zamanı şəhərlə və onun bələdiyyəsinin fəaliyyəti ilə tanış olmuşlar. 

          2016-cı ilin oktyabr ayının 5,6-sı Almaniya Federatıv Respublikasının Biberax şəhərində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin layihəsi çərçivəsində əməkdaşlıq edən Cənubi Qafqazın bir neçə şəhərlərinin nümayəndələrinin, o cümlədən Sumqayıtın iştirakı ilə işçi görüşü təşkil edilmişdir.

Görüşdə iştirak etmiş Sumqayıt Bələdiyyəsinin nümayəndəsi Akif Kərimov 2002-ci ildən icra olunan tədbirlərin durumunun və onların icrası ilə bağlı növbəti addımların müzakirəsində iştirak etmişdir.

 

          Sumqayıt Bələdiyyəsinin mülkiyyətinin istifadəsi

          2016-cı ildə Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olan 10,297 hektar torpaq sahəsi istifadə olunmuşdur. Torpaq sahələrinin 2,21 hektarı sahibkarlıq fəliyyəti ilə məşğul olmaq üçün icarəyə verilmişdir. Torpaq sahələrinin 8,087 hektarı sahibkarlıq fəaliyyəti ilə məşğul olan, fərdi yaşayış evlərin tikintisi və bağ sahəsi kimi  fiziki şəxslərin  mülkiyyətinə verilmişdir.

         Sumqayıt Bələdiyyəsi yerli özünüidarəetmənin inkişafı və təkmilləşdirilməsi sahəsində ötən ildə bir sıra vacib layihələr həyata keçirilmişdir. Sumqayıt Bələdiyyəsinin nümayəndəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı əsasında “Mənzil fondunun idarə edilməsi” layihəsinin 2-ci mərhələsi çərçivəsində mənzil fondunun idarə edilməsi ilə bağlı  Bakı şəhərinin Biznes Mərkəzində ötən ilin aprel ayının 28-də təşkil edilmiş növbəti seminarın işində iştirak etmişdir.

2016-cı ilin aprel ayının 20-də Azərbaycan Respublikası Ədlıyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzində subvensiya layihələrinin hazırlanmasına həsr edilmiş seminarda bələdiyyənin yerli büdcə məsələləri daimi komissiyasının sədri Akif Kərimov və icra aparatının baş müasibi Səyyaf Cabbarov iştirak etmişlər. “Bələdiyyələrin maliyyə və iqtisadi potensialının gücləndirilməsi perspektivləri” mözusunda ötən ilin noyabr ayının 14-15 tarixində Şəmkir şəhərində keçirilmiş konfransda Sumqayıt Bələdiyyəsinin sədri Sultan Əsədov iştirak etmişdir.

      2016-cı ildə Sumqayıt Bələdiyyəsinin məhəllə komitələrində hesabat-seçki kampaniyası baş tutmuşdur. Bələdiyyənin 134 məhəllə komitəsində hesabat-seçki iclası, 7-sində isə seçki iclası  keçirilmişdir. Bütövlükdə 141 iclasda 11422 nəfər iştirak etmişdir. 7 məhəllə komitəsi yeni yaranmışdır. Sumqayıt Bələdiyyəsi ərazisində keçirilən iclasların təqdim olunmuş protokollarına əsasən məhəllə komitlərinin tərkibinə 1287 nəfər seçilmişdir. 29 komitənin sədri vəzifəsinə qadınlar seçilmişdir. Məhəllə komitələrinin tərkibinə seçilmiş insanların əksəriyyəti öz ərazilərində tanınmış, böyük nüfuza malik, ictimai işlər görməyə həvəsi olan insanlardan ibarətdir. Hesabat-seçki kampaniyası zamanı əhaliyə Sumqayıt Bələdiyyəsinin fəaliyyəti haqqında geniş məlumat verilmişdir.

           Bələdiyyənin məhəllə komitələrinin sədrlərinin bir hissəsi hələ də öz səlahiyyətləri və vəzifələri çərçivəsində fəaliyyət göstərmir, müvafiq ərazilərin problemləri ilə ciddi məşğul olmur, problemlərin həlli üçün daxili imkanlardan istifadə etmir və lazımı təşəbbüskarlıq göstərmir. Bir sıra məhəllə komitələri vətəndaşlar qarşısında vaxtında hesabatlar vermir, oların yerli əhəmiyyətli məsələlərin həllinə cəlb etmirlər. Məhz buna görə də məhəllə komitələrinin sədrlərindən 16 nəfəri sakinlər tərəfindən dəyişdirilərək yeniləri ilə əvəz olunmuşdur. Belə ki, 14-cü məhəllə üzrə 1 saylı, 26-cı məhəllə üzrə 1 saylı,  42-ci məhəllə üzrə  1 saylı,  49-cu  məhəllə  üzrə 1 saylı, 76-cı məhəllə üzrə 1 saylı, 76-cı məhəllə üzrə 4 saylı, 4-cü mikrorayon üzrə 4 saylı, 6-cı mikrorayon üzrə 3 saylı, 9-cu mikrorayon üzrə 5 saylı, 11-ci mikrorayon üzrə 1 saylı, 11-cı mikrorayon üzrə 3 saylı, 17-ci mikrorayon üzrə 2 saylı, YYM-nin 9-cu məhəllə üzrə 1 saylı məhəllə komitəsinin sədrləri dəyişdirilmişdir. Hesabat-seçki kampaniyası zamanı Sumqayıt Bələdiyyəsinə daxil olmuş protokollar əsasında irəli sürülən təkliflər ümumləşdirilərək  ərazilər üzrə 233 bənddən ibarət olan ümumi təkliflər paketi və onların icrası üçün tədbirlər planı hazırlanmışdır.       
2016-cı ilin Sumqayıt Bələdiyyəsinin məhəllə komitələri əhalini narahat edən məsələlərlə bağlı müvafiq ərazilərdə ilkin məlumata görə dəyəri  5672130 manat təşkil edən 121 layihə həyata keçirmişlər.Uğurlu layihələrin sırasında “Xəzər” 1 saylı məhəllə komitəsinin ərazisində “Azəriqaz” SC tərəfindən qaz xəttinin quraşdırılması layihəsidir.Lyihənin ümüumi dəyəri 4 mln 480 min manat təşkil etmişdir.Sarıqaya ərazisi M.Hüseynzadə düşərgəsi üzrə 1 saylı məhəllə komitəsinin təşəbbüsü ilə “Azərsu” SC tərəfindən dəyəri 1 mln manat təşkil edən layihə  icra edilmişdir.İşlərin görülməsi nəticəsində məhəllə komitəsinin ərazisində uzunluğu 3 min metr olan su şəbəkəsi quraşdırılmışdır. “İnşaatçı”1 saylı məhəllə komitəsinin ərazisində Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun dəstəyi əsasında dəyəri 44 min manat təşkil edən yol çəkilmişdir.

Hesabat dövründə Sumqayıt Bələdiyyəsi tərəfindən həyata keçirilmiş layihələr haqqında əhaliyə mütəmadi olaraq məlumatlar çatdırılmışdır. Bələdiyyə fəaliyyətinin şəffaflığının təmin edilməsi məqsədi ilə bələdiyyənin həyata keçirdiyi tədbirlər haqqında kütləvi informasiya vasitələrində mütəmadi olaraq materiallar dərc edilmiş, müxtəlif telekanalların vasitəsi ilə yayımlanmışdır. Bununla yanaşı bələdiyyənin fəaliyyəti barədə əhaliyə məlumatın çatdırılması məqsədi ilə bələdiyyə rəhbərliyinin əhali ilə görüşləri, bələdiyyə məhəllə komitələrinin, bələdiyyə üzvlərinin seçicilər qarşısında hesabatları, bələdiyyənin məhəllə komitələrində baş tutmuş hesabat-seçki kampaniyasından, həyata keçirdikləri layihələri barədə məlumatların işıqlandırılmasında bələdiyyənin elektron səhifəsinin, bələdiyyənin quraşdırdığı məlumat lövhələrinin resurslarından da geniş istifadə edilmişdir.
Arxiv
Əlaqə
Ünvan:Sumqayıt şəhəri
5-ci məhəllə, Nizami küçəsi 16
Tel.: (+994 018) 6559547
(+994 018) 6558609
E-mail: info@sumqayit-bl.gov.az