1949 - cu ilin noyabr ayının 22-si Azərbaycan SSRi  Ali Soveti  Rəyasət Heyətinin qərarı ilə Sumqayıta şəhər statusu verilmişdir.

Azərbaycanin ən gözəl və inkişaf etmiş güşələrindən biri olan Sumqayıt artıq öz 70 illik yubileyinə qədəm qoymuşdur. Şəhərin yaradılması Azərbaycanın müasir tarixində xalqımızın ən şərəfli uğurlarından biridir. Şəhərin rəmzi olan qöyərçin sanki ulu Xəzərin sahili boyu qanadlarını açaraq yeni zirvələri fəth edir.

        Xalqımızın qədim əfsanələrindən doğulmuş şəhərin adı ötən əsrin ikinci yarısında keçmiş Sovetlər İttifaqının məkanında surətli industrial inkişafın rəmzinə çevrilmişdir. Abşeron yarımadasının şimalı qərbində ağır səhra şəraitində insanların fədakar əməyi nəticəsində, qısa bir müddətdə müasir sənaye şəhəri ucalmışdır. Şəhər sakinlərinin şərəfli əməyi ilə Sumqayıt çıçəklənən bağa çevrilmişdir.

        Müstəqil Azərbaycan Respublikasının ağır dövründə Sumqayıt dövlətə dayaq olmuş, onun oğulları erməni işğalçılarına qarşı döyüş meydanında qəhrəmanlıq və cəsarət mücəssəməsi nümayiş etdirmişdir.

        Hazırda Sumqayıt özünün ikinci həyatını yaşayır. Son 4 il şəhərin sosial-iqtisadi inkişafında yeni mərhələnin başlanğıcı olmuşdur. Suymqayıtlılar bir daha sübut edirlər ki, onlar Azərbaycanın ümummili lideri cənab Heydər Əliyevin “ Sumqayıt Azərbaycan xalqının birlik, həmrəylik şəhəridir. Ölkəmizin dayağıdır, gözəl bir guşəsidir” sözlərinə layiqdirlər.

Sumqayıtın həm sosial, həm də iqtisadiyyat sahələrində yeni zirvələr fəth edilmiş, şəhərin sənaye potensialı müasir müəssisələrlə zənginləşdirilmişdir. Sumqayıt şəhərinin ildən – ilə inkişaf edən sosial infrastrukturu insanların yaşayış səviyyəsini yüksək standartlara çatdırmışdır.

     Sumqayıt Bələdiyyəsi 2019-cu ilin birinci yarısında öz fəaliyyətini  şəhər  İcra  hakimiyyətinin  başçısı  Zakir  Fərəcov

 

müəllifi olduğu Sumqayıtın cari ilə sosial-iqtisadi inkişaf proqramına  arxalanan bələdiyyənin yerlı sosial müdafiə, yerli sosial və iqtisadi inkişaf, yerli ekoloji və xarici əlaqələr Proqramları əsasında  qurmuşdur.

     Təməli 2015-ci ilin sentyabr ayında qoyulmuş Sumqayıt şəhərinin yeni urbanistika siyasətinə arxalanan strateji inkişaf planının icrası nəticəsində  Sumqayıtda irimiqyaslı layihələr şəhərin yüksək şəhərsalma və yaşayış standartlarına cavab verilməsinə yönəldilmişdir. Sumqayıtın sosial-iqtisadi inkişafnın ayrılmaz tərkib hissəsi olaraq bu ilin  proqramı çərçivəsində şəhərdə yeni  ictimai və sosial binaların tikintisi, ərazilərində bu vaxta qədər misli görünməmiş abadlıq və yenidənqurma, yaşıllaşdırma və landşaft memarlığı sahəsində işlərinin aparılması, şəhərin kommunal və nəqliyyat infrastrukturunun yenidən qurulması və inkişafı Sumqayıtın müasir standartlara cavab verən şəhərə çevrilməsində mühüm addımlardır.

    Sumqayıtın yeni sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində 2018-ci ildə Sumqayıt Bələdiyyəsinin fəaliyyəti haqqında Sumqayıt Bələdiyyəsinin inzibati binasının konfrans zalında  cari ilin yanvar ayının 21-də bələdiyyənin ərazisində yaşayan  və səsvermə hüququna malik olan vətəndaşların yığıncağında Sumqayıt Bələdiyyəsi 2018-ci ildə öz fəaliyyəti ilə bağlı hesabat vermişdir. Toplantı Sumqayıtın yerli özünüidarəetmə orqanının 2019-cu ilə proqramlarına öz tövsiyələrini vermişdir.

 Toplantı iştirakçılarının qarşısında hesabatla çıxış etmiş bələdiyyə sədri Sultan Əsədov 2018-ci il ərzində bələdiyyənin  fəaliyyətini ətraflı təhlil edərək onun işində tətbiq edilmiş yeni iş üslubları və tədbirlər haqqında məlumat vermişdir. İşgüzar və konstruktiv şəraitdə keçmiş yığıncaqda bələdiyyənin fəaliyyətində mövcud olan nöqsan və çatışmazlıqlar müzakirə edilmiş, şəhərin ictimai-siyasi və sosial-iqtisadi həyatında Sumqayıtın yerli özünüidarəetmə orqanının rolunun artırılması, bələdiyyə fəaliyyətinin yeni müstəvidə qurulması, Sumqayıtda şəhərin inkişafı ilə bağlı  həyata  keçirilən yeni konsepsiyaya cavab verən layihələrin müəyyən edilməsi və icrasına dair önəmli tövsiyələr verilmişdir. 

       Sumqayıt Bələdiyyəsinin fəaliyyətinin təşkili.

       Hesabat dövründə Sumqayıt Bələdiyyəsinin 7 iclasında 199 məsələ müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilmişdir. Bələdiyyənin və onun daimi komissiyalarının iclaslarında qəbul edilmiş qərarlar əsasən yerli özünüidarəetmənin inkişafı və təkmilləşdirilməsi, yerli büdcənin təsdiqi və icrası, bələdiyyə mülkiyyətinin idarəedilməsi, bələdiyyə məhəllə komitələrinin fəaliyyətinə metodiki yardımın və dəstəyin göstərilməsi, şəhərin ictimai və qeyri - hökumət təşkilatları, bələdiyyə məhəllə komitələrinin üzvləri və sakinlərinin sosial müdafiəsi, dövlət bayramları və tədbirləri, şəhərin sosial sahəsində, o cümlədən bələdiyyə ərazisinin yaşıllaşdırılması və abadlaşdırılması, bağlar zonasında yolların genişləndirilməsi və təmiri, bayram, təhsil, səhiyyə, idman tədbirlərin təşkili, ekologiya sahəsində layihələrin icrası, qeyri-hökumət təşkilatları ilə birgə həyata keçirilən layihələrin durumu kimi məsələləri əhatə etmişlər. Bələdiyyə iclaslarında qəbul edilmiş qərarların icrası bələdiyyə rəhbərliyinin yanında keçirilmiş həftəlik 21 müşavirədə daim təhlil edilmiş, nəzarətdə saxlanılmışdır.     

 2019-cu ilin aprel ayının 30-da  Bakı şəhərinin Alov qüllələri kompleksində Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının illik yığıncağı keçirilmişdir. Tədbirdə Sumqayıt Bələdiyyəsinin sədri Sultan Əsədov iştirak etmişdir.

      Fiziki və hüquqi şəxslərin müraciətlərinə və xidməti məktublarına baxılması işinin təşkili.

      Hesabat dövründə Sumqayıt Bələdiyyəsinə 797 xidməti məktub və 1400 ərizə daxil olmuşdur ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 162 məktub və 144 ərizə çox deməkdir. Bələdiyyə rəhbərliyinin və icra aparatının qəbulunda 1412 nəfər vətəndaş olmuşdur. 2017-ci ilin birinci yarısına nisbətən qəbula gəlmiş vətəndaşların sayı 105 nəfər çox olmuşdur. Sumqayıt Bələdiyyəsinə daxil olmuş ərizə və müraciətlərin baxılması qanunla müəyyən edimiş müddət ərzində təmin edilmişdir.    

       Sumqayıt Bələdiyyəsinin məhkəmə müdafiəsi.

      2019-cu ilin birinci yarısında məhkəmə orqanlarında hüquqi və fiziki şəxslərin ərizələrinin baxılması sahəsində bələdiyyənin hüquqşqnasları 121 mülki və inzibati iş üzrə 315 məhkəmə iclasında iştirak etmişlər. Hesabat dövrü ərzində bələdiyyə tərəfindən torpaq sahələri üzərində hüquqlara xitam verilməsi, zəbt olunmuş torpaq sahələrinin boşaldılması və qanunsuz tikililərin sökülməsi barədə məhkəmələrdə 54 iddia və qarşılıqlı iddia tələbləri irəli sürülmüş, onlardan 19-u təmin, 2-si rədd edilmiş, 9-u geri götürülmüş, digərləri isə baxılmaqdadır. 

       Sumqayıt Bələdiyyəsinin yerli büdcəsinin icrası.

       2019-cu ilin birinci yarısında yerli büdcənin gəlirləri 658547 (altı yüz əlli səkkiz min beş yüz qırx yeddi) manat, o cümlədən 210000 (iki yüz on min) manat dotasiya təşkil etmiş, proqnoz tapşırıq 68,7 faiz səviyyəsində icra olunmuşdur.

Yerli büdcənin gəlirlərində bələdiyyə əmlakının özəlləşdirilməsi üzrə ödənişlər 88408 (səksən səkkiz min dörd yüz səkiz) manat və ya 13,4 faiz, Bələdiyyə əmlakının icarəyə verilməsi üzrə ödənişlər 187222 ( bir yüz səksən yeddi min iki yüz iyirmi iki)  manat və ya 28,4 faiz, fiziki şəxslərdən torpaq vergisi üzrə gəlirlər 57611 (əlli yeddi min altı yüz on bir) manat və ya 8,7 faiz olmuşdur. Hesabat dövründə qeyd olunmuş göstəricilər üzrə proqnoz tapşırıqları müvafiq olaraq 57,8, 72,0 və 48,0 faiz səviyəsində icra edilmişdir (yerli büdcənin 2019-cu ilin birinci yarısına icrasına dair cədvəllər əlavə olunur).

      Hesabat dövründə yerli büdcənin xərcləri 627577 (  altı min iki yüz iyirmi yeddi min beş yüz yetmiş yeddi  ) manat təşkil etmişdir ki, bu da proqnoz tapşırığının 65,1 faizi deməkdir. Yerli büdcənin vəsaiti əsasən bələdiyyə mülkiyyəti, mənzil-kommunal təsərrüfatı, sosial müdafiə və sosial təminat sahələrində həyata keçirilmiş layihələrin maliyyələşdirilməsinə yönəldilmişdir.  Belə ki, cari ilin birinci yarısında “Mənzil-kommunal təsərrüfatı xərcləri” xərc maddəsi üzrə yerli büdcədən 43331 (qırx üç min üş yüz otuz bir) manat məbləğində və ya 30,9 faiz səviyyəsində, “Nəqliyyat və rabitə xərcləri” xərc maddəsi üzrə isə 298000 (iki yüz doxsan səkkiz min) manat miqdarında və ya proqnoz tapşırığının 80,5 faiz səviyyəsində vəsait ayrılmışdır. Hesabat dövründə yerli özünüidarəetmə orqanının saxlanılması xərcləri 183530 (yüz səksən üç min beş yüz otuz min) manat təşkil etmişdir ki, bu da proqnoz tapşırığının 64,9 faizi və ümumi xərclərin 29,4 faizi deməkdir.

Sumqayıt Bələdiyyəsinin 2019-cu ilin birinci yarısında  yerli sosial müdafiə proqramı əsasında hesabat dövründə bir sıra tədbirlər həyata keçirilmişdir.   

Yanvar ayının 1-3-ü Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə şəhərdə keçirilmiş tədbirlərin təşkili üçün yerli büdcədən 3500 (üç min beş yüz) manat vəsait ayrılmışdır.

     - 20 yanvar – Ümumxalq Hüzn günü ilə bağlı bələdiyyə rəhbərliyi, üzvləri,icra aparatının əməkdaşları və məhəllə komitələrinin nümayəndələri 20 yanvar abidəsinin önünə əklillər qoymuş, “Şəhidlər Xiyabanı” kompleksini ziyarət etmişlər.

- 8 Mart Beynəlxalq qadınlar günü münasibəti ilə qadın bələdiyyə üzvlərinnin və icra aparatında işləyən qadınların mükafatlandırılması təşkil olunmuş, bu məqsədlə bələdiyyə büdcəsindən 2000 (iki min) manat məbləğində vəsait ayrılmışdır.

- Novruz bayramı münasibəti ilə Sumqayıt şəhərində təşkil edilmiş tədbirlərdə Sumqayıt Bələdiyyəsi fəal iştirak etmişdir. Şəhərin ayrı-ayrı meydanalarında əhali üçün təşkil olunmuş şənliklərin bələdiyyə üzvləri, icra aparatının əməkdaşları, məhəllə komitələrinin nümayəndələri canlı iştirakçıları olmuşdur.

    Tədbirlərin maliyələçdirilməsi üçün yerli büdcədən 5000 (beş min) manat məbləğində vəsait ayrılmışdır.

- Mart ayının 31-də bələdiyyə rəhbərliyi, üzvləri, icra aparatının əməkdaşları bələdiyyə və məhəllə komitələrinin nümayəndələri Azərbaycan xalqının soyqırımı günü ilə əlaqədar şəhərdə təşkil olunmuş tədbirlərdə iştirak etmişlər.

- Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın      33-cü ildönümü ilə əlaqədar Çernobıl Əlillər İttifaqının Sumqayıt şəhər filialının üzvlərindən bir qrupuna maddi yardım göstərilmiş, tədbirin keçirilməsinə 200 (iki yüz) manat məbləğində bələdiyyə büdcəsindən vəsait ayrılmışdır.

-  Aprel ayının 19-da Sumqayıt Dövlət Universitetinin təhsildə fərqlənən 30 nəfər tələbəyə hər birinə 100 manat məbləğində təqaüdün verilməsi ilə bağlı Sumqayıt Bələdiyyəsinin qərarı qəbul edilmişdir. Qərar iyun ayında icra olunmuşdur.

-  2019-cu ilin may ayının  9-u  Faşizm üzərində  qələbənin 74-cü ildönümünün qeyd edilməsi münasibəti ilə bələdiyyə rəhbərliyi, üzvləri, icra aparatının əməkdaşları və məhəllə komitələrinin nümayəndələri 1941-1945-ci illər Böyük Vətən Müharibəsinə həsr olunmuş monumenti ziyarət etmişlər. May ayının 8-i Sumqayıt Bələdiyyəsinin konfrans zalında bələdiyyə üzvlərinin, aparatın əməkdaşlarının iştirakı ilə Böyük Vətən Müharibəsinin veteranları üçün təntənəli yığıncaq təşkil edilmişdir.

- Ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 96-ci ildönümü ilə bağlı Sumqayıt Bələdiyyəsinin rəhbərliyi, üzvləri, aparatın əməkdaşları və məhəllə komitələrinin nümayəndələri Heydər Əliyevin abidəsini ziyarət etmiş və önünə gül dəstələri qoymuşlar. Tədbirin keçirilməsinə bələdiyyə büdcəsindən 100 (bir yüz) manat məbləğində vəsait ayrılmışdır.

2019-cu ilin may ayının 28-də Respublika günü münasibəti ilə Sumqayıt Bələdiyyəsinin rəhbərliyi, üzvləri, aparatın əməkdaşları və bələdiyyənin məhəllə komitələrinin nümayəndələri Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş və onun önünə gül dəstələri düzmüşlər.

   Cari ilin iyun ayının 5-6-sı Sumqayıt Bələdiyyəsi Ramazan bayramı münasibəti ilə şəhər ictimaiyyəti və dini xadimlər üçün iftar süfrələri təşkil etmişdir. Bu məqsədlə yerli büdcədən 1000 (bir min) manat vəsait ayrlmışdır. 

      Cari ilin birinci yarısında Sumqayıt Bələdiyyəsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin 2019-cu ildə maarifləndirmə sahəsində əməkdaşlığına dair tədbirlər planı əsasında bələdiyyənin məhəllə komitələri və yerli əhali ilə “Yaşayış məntəqələrində əhalinin Fövqəladə hallara hazırlığının gücləndirilməsi” mövzusunda Sumqayıt Bələdiyyəsi 10-13-cü mikrorayonlar və 47-ci məhəllə  üzrə 1 saylı məhəllə komitələrinin nümayəndələri ilə 12 iyun tarixində 24 saylı tam orta məktəbinin binasında 1 görüş keçirilmişdir. Tədbirlərdə 31 məhəllə komitəsinin üzvləri və nümayəndələri iştirak etmişdir.

Hesabat dövründə 49 şəhər sakininə müxtəlif məbləğdə ümumi dəyəri  25770 (iyirmi beş min yeddi yüz yetmiş) manat təşkil edən maddi yardım göstərilmişdir.

     Hesabat dövründə Sumqayıt Bələdiyyəsinin 2019-cu ilə yerli sosial inkişaf proqramına müvafiq olaraq bələdiyyənin sifarişləri əsasında  bələdiyyə ərazisində dəyəri 341331 (beş yüz iyirmi üç min doqquz) manat məbləğində olan 4 iri həcimli layihə həyata keçirilmişdir.

      2019-cu ilin birinci yarısında yerli əhəmiyyətli yolların saxlanılması sahəsində 3 layihə həyata keçirilmişdir. Belə ki, 39,33 və bağlar ərazisindəki  avtobus marşurutları yollarının   aabadlaşdırılması üçün  yerli büdcədən 298000 manat məbləğində vəsait ayrılmışdır.

      Sumqayıt Bələdiyyəsinin 2019-cu ilə yerli ekoloji proqramının tədbirlərinə əsasən Sumqayıt Bələdiyyəsinin qərarlarına müvafiq olaraq ilin birinci yarısında bir neçə layihələr həyata keçirilmişdir. Hesabat dövründə “Bələdiyyə parkı”nda 19 min kv.metr qazona daimi xidmət göstərilmişdir. Bununla yanaşı parkın abadlaşdırılması işlərinin icrası məqsədi ilə bələdiyyə büdcəsindən 53606 (əlli üş min altı yüz altı) manat məbləğində və ya keçən ilin müvafiq dövrünə nisbətən 2,1 dəfə çox vəsait ayrılmışdır. İlin birinci yarısında bələdiyyə üzvləri və əməkdaşlarının iştirakı ilə “Bələdiyyə parkı”nın ərazisində iməciliklər təşkil edilmişdir.

      Sumqayıt Bələdiyyəsinin mülkiyyətinin istifadəsi.

      2019-cu ilin birinci yarısında Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olan 1,3596 hektar torpaq sahəsi istifadə olunmuşdur. Torpaq sahələrinin 0,127 hektarı sahibkarlıq fəliyyəti ilə məşğul olmaq üçün mülkiyyətə, 0.1042 hektar isə icarəyə verilmişdir. Torpaq sahələrinin digər hissəsi – 1,1284 hektar fərdi yaşayış evlərin tikintisi və bağ sahəsi kimi  fiziki şəxslərin  mülkiyyətinə verilmişdir.

      Sumqayıt Bələdiyyəsi yerli özünüidarəetmənin inkişafı və təkmilləşdirilməsi sahəsində cari ilin birinci yarısında “Mənzil fondunun idarə edilməsi”, “Strateji planlaşdırma”, “Tullantıların idarə edilməsi”, “Çirkləndirilmiş ərazilərin Kadastrının istifadəsi”, “Sumqayıt şəhərinin iqtisadiyyatında turizm sektorunun yaradılması”  layihələri üzrə araşdırmalar aparmış, müvafiq tövsiyələr hazırlamışdır.

      Hesabat dövründə Sumqayıt Bələdiyyəsi tərəfindən həyata keçirilmiş layihələr haqqında əhaliyə mütəmadi olaraq məlumatlar çatdırılmışdır. Bələdiyyə fəaliyyətinin şəffaflığının təmin edilməsi məqsədi ilə bələdiyyənin həyata keçirtdiyi tədbirlər haqqında kütləvi informasiya vasitələrində mütəmadi olaraq materiallar dərc edilmiş, müxtəlif telekanalların vasitəsi ilə yayımlanmışdır. Bununla yanaşı bələdiyyənin fəaliyyəti barədə əhaliyə məlumatın çatdırılması məqsədi ilə bələdiyyə rəhbərliyinin əhali ilə görüşləri, bələdiyyə məhəllə komitələrinin, bələdiyyə üzvlərinin seçicilər qarşısında hesabatları, bələdiyyənin həyata keçirdiyi layihələr barədə məlumatların işıqlandırılmasında bələdiyyənin elektron səhifəsinin, məlumat lövhələrinin resurslarından da geniş istifadə edilmişdir.

 

 

Arxiv
Əlaqə
Ünvan:Sumqayıt şəhəri
5-ci məhəllə, Nizami küçəsi 16
Tel.: (+994 018) 6559547
(+994 018) 6558609
E-mail: info@sumqayit-bl.gov.az