2019-cu il hesabatı

Sumqayıt Bələdiyyəsi 2019-cu ildə öz fəaliyyətini  şəhər  İcra  hakimiyyətinin  başçısı  Zakir  Fərəcov müəllifi olduğu Sumqayıtın cari ilə sosial-iqtisadi inkişaf proqramına  arxalanan bələdiyyənin yerlı sosial müdafiə, yerli sosial və iqtisadi inkişaf, yerli ekoloji və xarici əlaqələr Proqramları əsasında  qurmuşdur.

     Təməli 2015-ci ilin sentyabr ayında qoyulmuş Sumqayıt şəhərinin yeni urbanistika siyasətinə arxalanan strateji inkişaf planının icrası nəticəsində  Sumqayıtda irimiqyaslı layihələr şəhərin yüksək şəhərsalma və yaşayış standartlarına cavab verilməsinə yönəldilmişdir. Sumqayıtın sosial-iqtisadi inkişafnın ayrılmaz tərkib hissəsi olaraq bu ilin  proqramı çərçivəsində şəhərdə yeni  ictimai və sosial binaların tikintisi, ərazilərində bu vaxta qədər misli görünməmiş abadlıq və yenidənqurma, yaşıllaşdırma və landşaft memarlığı sahəsində işlərinin aparılması, şəhərin kommunal və nəqliyyat infrastrukturunun yenidən qurulması və inkişafı Sumqayıtın müasir standartlara cavab verən şəhərə çevrilməsində mühüm addımlardır.

    Sumqayıtın yeni sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində 2018-ci ildə Sumqayıt Bələdiyyəsinin fəaliyyəti haqqında Sumqayıt Bələdiyyəsinin inzibati binasının konfrans zalında  cari ilin yanvar ayının 21-də bələdiyyənin ərazisində yaşayan  və səsvermə hüququna malik olan vətəndaşların yığıncağında Sumqayıt Bələdiyyəsi 2018-ci ildə öz fəaliyyəti ilə bağlı hesabat vermişdir. Toplantı Sumqayıtın yerli özünüidarəetmə orqanının 2019-cu ilə proqramlarına öz tövsiyələrini vermişdir.

      Toplantı iştirakçılarının qarşısında hesabatla çıxış etmiş bələdiyyə sədri Sultan Əsədov 2018-ci il ərzində bələdiyyənin  fəaliyyətini ətraflı təhlil edərək onun işində tətbiq edilmiş yeni iş üslubları və tədbirlər haqqında məlumat vermişdir. İşgüzar və konstruktiv şəraitdə keçmiş yığıncaqda bələdiyyənin fəaliyyətində mövcud olan nöqsan və çatışmazlıqlar müzakirə edilmiş, şəhərin ictimai-siyasi və sosial-iqtisadi həyatında Sumqayıtın yerli özünüidarəetmə orqanının rolunun artırılması, bələdiyyə fəaliyyətinin yeni müstəvidə qurulması, Sumqayıtda şəhərin inkişafı ilə bağlı  həyata  keçirilən yeni konsepsiyaya cavab verən layihələrin müəyyən edilməsi və icrasına dair önəmli tövsiyələr verilmişdir. 

       Sumqayıt Bələdiyyəsinin fəaliyyətinin təşkili.

       Hesabat dövründə Sumqayıt Bələdiyyəsinin 18 iclasında 420 məsələ müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilmişdir. Bələdiyyənin və onun daimi komissiyalarının iclaslarında qəbul edilmiş qərarlar əsasən yerli özünüidarəetmənin inkişafı və təkmilləşdirilməsi, yerli büdcənin təsdiqi və icrası, bələdiyyə mülkiyyətinin idarəedilməsi, bələdiyyə məhəllə komitələrinin fəaliyyətinə metodiki yardımın və dəstəyin göstərilməsi, şəhərin ictimai və qeyri - hökumət təşkilatları, bələdiyyə məhəllə komitələrinin üzvləri və sakinlərinin sosial müdafiəsi, dövlət bayramları və tədbirləri, şəhərin sosial sahəsində, o cümlədən bələdiyyə ərazisinin yaşıllaşdırılması və abadlaşdırılması, bağlar zonasında yolların genişləndirilməsi və təmiri, bayram, təhsil, səhiyyə, idman tədbirlərin təşkili, ekologiya sahəsində layihələrin icrası, qeyri-hökumət təşkilatları ilə birgə həyata keçirilən layihələrin durumu kimi məsələləri əhatə etmişlər. Bələdiyyə iclaslarında qəbul edilmiş qərarların icrası bələdiyyə rəhbərliyinin yanında keçirilmiş həftəlik 43 müşavirədə daim təhlil edilmiş, nəzarətdə saxlanılmışdır.     

 2019-cu ilin aprel ayının 30-da Bakı şəhərinin Alov qüllələri kompleksində Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının illik yığıncağı keçirilmişdir. Tədbirdə Sumqayıt Bələdiyyəsinin sədri Sultan Əsədov iştirak etmişdir.

2019-cu ildə Sumqayıt Bələdiyyəsinin ərazisində fəaliyyət göstərən 146  məhəllə komitəsi əhalini narahat edən məsələlərlə bağlı müvafiq ərazilərdə ilkin məlumata görə dəyəri  370000 (üç yüz yetmiş min) manat təşkil edən 103 layihə həyata keçirmişlər. “Xəzər” 1 və 2  saylı məhəllə komitələrinin ərazisində kanalizasiya xətlərinin quraşdırılması və  Yeni Yaşayış Massivinin  1, 3, 7, 8 saylı məhəllələri, Ceyranbatan 2 saylı və Corat bağları üzrə 1 saylı məhəllə komitələri və 20-21-ci mikrorayonların ərazilərində  yollara çınqıl  tökülmüşdür.

          Hesabat dövründə məhəllə komitələrinin ərazisndə qaz və elektrik xətlərinin təmiri  və quraşdırılması işləri həyata keçirilmişdir. Belə ki, Sarıqaya M.Hüseynzadə düşərgəsi üzrə 1 saylı, Sarıqaya qəsəbəsi üzrə 1 saylı , 76-cı məhəllə üzrə 3 saylı , “Xəzri” 2 saylı, Xəzər 1  və 2 saylı, 21-ci mikrorayon üzrə 1 saylı  məhəllə komitələrinin ərazilərində layihələr həyata keçirilmişdir. ümumi dəyəri 36300 (otuz altı min üç yüz) manat təşkil edən elektrik və qaz xətlərinin quraşdırılması işləri görülmüşdür.

Yeni Yaşayış massivi 8-ci məhəllə üzrə 1 saylı məhəllə komitəsinin ərazisində dəyəri 3600 (üç min altı yüz)  manat təşkil edən  600 metr asfalt örtüyü çəkilmişdir. Həmin ərazidə yerləşən məktəbin idman meydançası məhəllə komitəsinin verdiyi layihə əsasında quraşdırılmış və dəyəri 32000 (otuz iki min)  manat təşkil etmişdir.

      Fiziki və hüquqi şəxslərin müraciətlərinə və xidməti məktublarına baxılması işinin təşkili.

      Hesabat dövründə Sumqayıt Bələdiyyəsinə 1734 xidməti məktub və 2685 ərizə daxil olmuşdur ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 388 məktub və 221 ərizə çox deməkdir. Bələdiyyə rəhbərliyinin və icra aparatının qəbulunda 2362 nəfər vətəndaş olmuşdur. 2018-ci ilə nisbətən qəbula gəlmiş vətəndaşların sayı 343 nəfər az olmuşdur. Sumqayıt Bələdiyyəsinə daxil olmuş ərizə və müraciətlərin baxılması qanunla müəyyən edimiş müddət ərzində təmin edilmişdir.    

      Sumqayıt Bələdiyyəsinin məhkəmə müdafiəsi.

      2019-cu ildə  məhkəmə orqanlarında hüquqi və fiziki şəxslərin ərizələrinin baxılması sahəsində bələdiyyənin hüquqşünasları 173 mülki və inzibati iş üzrə 642 məhkəmə iclasında iştirak etmişlər. Hesabat dövrü ərzində bələdiyyə tərəfindən torpaq sahələri üzərində hüquqlara xitam verilməsi, zəbt olunmuş torpaq sahələrinin boşaldılması və qanunsuz tikililərin sökülməsi barədə məhkəmələrdə 74 iddia və qarşılıqlı iddia tələbləri irəli sürülmüş, onlardan 30-u təmin, 2-i rədd edilmiş, 19-u məhkəmədən kənar qaydada həll olunduğundan geri götürülmüş, digərləri isə baxılmaqdadır. 

       Sumqayıt Bələdiyyəsinin yerli büdcəsinin icrası.

       2019-cu ildə yerli büdcənin gəlirləri 1344612 manat, o cümlədən 210000 (iki yüz on min) manat dotasiya təşkil etmiş, proqnoz tapşırıq 84,0 faiz səviyyəsində icra olunmuşdur.

      Yerli büdcənin mədaxil hissəsi bələdiyyə əmlakının özəlləşdirilməsi üzrə ödənişlər 402579 manat və ya praqnoz tapşırığın 126,5 faizi, bələdiyyə əmlakının icarəyə verilməsi üzrə ödənişlər 416484 manat və ya proqnoz tapşırığın 77,1 faiz, fiziki şəxslərdən torpaq vergisi üzrə isə gəlirlər 93768 manat və ya illik proqnozun cəmi  37,5 faizi olmuşdur.

      Hesabat dövründə yerli büdcənin xərcləri 1.342458 manat təşkil etmişdir ki, bu da proqnoz tapşırığının 83,9 faizi deməkdir. Yerli büdcənin vəsaiti əsasən bələdiyyə mülkiyyəti, mənzil-kommunal təsərrüfatı, sosial müdafiə və sosial təminat sahələrində həyata keçirilmiş layihələrin maliyyələşdirilməsinə yönəldilmişdir.  Belə ki, ötən il ərzində “Mənzil-kommunal təsərrüfatı xərcləri” xərc maddəsi üzrə yerli büdcədən 184.114 manat məbləğində və ya proqnoz tapşırığın 67,8 faizi səviyyəsində, “Nəqliyyat və rabitə xərcləri” xərc maddəsi üzrə isə 528997 manat miqdarında və ya proqnoz tapşırığının 96,1 faizi səviyyəsində vəsait ayrılmışdır. Hesabat dövründə yerli özünüidarəetmə orqanının saxlanılması xərcləri  443927 manat təşkil etmişdir ki, bu da proqnoz tapşırığının 75,3 faizi deməkdir. Bu xərc maddəsi üzrə vəsaitin miqdarı bələdiyyənin ümumi xərclərində 33,1 faiz təşkil etmişdir.

Sumqayıt Bələdiyyəsinin 2019-cu ildə yerli sosial müdafiə proqramı əsasında hesabat dövründə 18 iri həcmli layihə həyata keçirilmişdir.    

Yanvar ayının 1-3-ü Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə şəhərdə keçirilmiş tədbirlərin təşkili üçün yerli büdcədən 3500 (üç min beş yüz) manat vəsait ayrılmışdır.

     - 20 yanvar – Ümumxalq Hüzn günü ilə bağlı bələdiyyə rəhbərliyi, üzvləri,icra aparatının əməkdaşları və məhəllə komitələrinin nümayəndələri 20 yanvar abidəsinin önünə əklillər qoymuş, “Şəhidlər Xiyabanı” kompleksini ziyarət etmişlər.

- 8 Mart Beynəlxalq qadınlar günü münasibəti ilə qadın bələdiyyə üzvlərinnin və icra aparatında işləyən qadınların mükafatlandırılması təşkil olunmuş, bu məqsədlə bələdiyyə büdcəsindən 2000 (iki min) manat məbləğində vəsait ayrılmışdır.

- Novruz bayramı münasibəti ilə Sumqayıt şəhərində təşkil edilmiş tədbirlərdə Sumqayıt Bələdiyyəsi fəal iştirak etmişdir. Şəhərin ayrı-ayrı meydanalarında əhali üçün təşkil olunmuş şənliklərin bələdiyyə üzvləri, icra aparatının əməkdaşları, məhəllə komitələrinin nümayəndələri canlı iştirakçıları olmuşdur.

    Tədbirlərin maliyələşdirilməsi üçün yerli büdcədən 5000 (beş min) manat məbləğində vəsait ayrılmışdır.

- Mart ayının 31-də bələdiyyə rəhbərliyi, üzvləri, icra aparatının əməkdaşları bələdiyyə və məhəllə komitələrinin nümayəndələri Azərbaycan xalqının soyqırımı günü ilə əlaqədar şəhərdə təşkil olunmuş tədbirlərdə iştirak etmişlər.

- Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın      33-cü ildönümü ilə əlaqədar Çernobıl Əlillər İttifaqının Sumqayıt şəhər filialının üzvlərindən bir qrupuna maddi yardım göstərilmiş, tədbirin keçirilməsinə 200 (iki yüz) manat məbləğində bələdiyyə büdcəsindən vəsait ayrılmışdır.

Aprel ayının 19-da Sumqayıt Dövlət Universitetinin təhsildə fərqlənən 30 nəfər tələbəyə hər birinə 100 manat məbləğində təqaüdün verilməsi ilə bağlı Sumqayıt Bələdiyyəsinin qərarı qəbul edilmişdir. Qərar iyun ayında icra olunmuşdur.

-  2019-cu ilin may ayının  9-u  Faşizm üzərində  qələbənin 74-cü ildönümünün qeyd edilməsi münasibəti ilə bələdiyyə rəhbərliyi, üzvləri, icra aparatının əməkdaşları və məhəllə komitələrinin nümayəndələri 1941-1945-ci illər Böyük Vətən Müharibəsinə həsr olunmuş monumenti ziyarət etmişlər. May ayının 8-i Sumqayıt Bələdiyyəsinin konfrans zalında bələdiyyə üzvlərinin, aparatın əməkdaşlarının iştirakı ilə Böyük Vətən Müharibəsinin veteranları üçün təntənəli yığıncaq təşkil edilmişdir.

- Ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 96-ci ildönümü ilə bağlı Sumqayıt Bələdiyyəsinin rəhbərliyi, üzvləri, aparatın əməkdaşları və məhəllə komitələrinin nümayəndələri Heydər Əliyevin abidəsini ziyarət etmiş və önünə gül dəstələri qoymuşlar. Tədbirin keçirilməsinə bələdiyyə büdcəsindən 100 (bir yüz) manat məbləğində vəsait ayrılmışdır.

2019-cu ilin may ayının 28-də Respublika günü münasibəti ilə Sumqayıt Bələdiyyəsinin rəhbərliyi, üzvləri, aparatın əməkdaşları və bələdiyyənin məhəllə komitələrinin nümayəndələri Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş və onun önünə gül dəstələri düzmüşlər.

   Cari ilin iyun ayının 4-5-i Sumqayıt Bələdiyyəsi Ramazan bayramı münasibəti ilə şəhər ictimaiyyəti və dini xadimlər üçün iftar süfrələri təşkil etmişdir. Bu məqsədlə yerli büdcədən 1000 (bir min) manat vəsait ayrılmışdır. 

2019-ci ilin 22 iyul tarixində Sumqayıt Bələdiyyəsində Azərbaycan mətbuatının yaranmasının 144  illiyi münasibəti ilə tədbirlər keçirilmiş, 20 nəfər kütləvi informasiya vasitələrinin nümayəndələrinə ümumilikdə 2500 (iki min beş yüz) manat məbləğində mükafat verilmişdir.

-           2019-cu ilin 12-13 avqust tarixlərində  Qurban bayramı münasibəti ilə Sumqayıt Bələdiyyəsinin ərazisində fəaliyət göstərən ictimai təşkilatlarının və aztəminatlı ailələrin bir qrupuna bayram sovqatları verilmişdir. Bayram sovqatlarının paylanılması üçün bələdiyyə büdcəsindən 4000 (dörd min) manat məbləğində vəsait ayrılmışdır.

      Ötən il ərzində Sumqayıt Bələdiyyəsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin 2019-cu ildə maarifləndirmə sahəsində əməkdaşlığına dair tədbirlər planı əsasında bələdiyyənin məhəllə komitələri və yerli əhali ilə “Yaşayış məntəqələrində əhalinin Fövqəladə hallara hazırlığının gücləndirilməsi” mövzusunda Sumqayıt Bələdiyyəsi 10-13-cü mikrorayonlar və 47-ci məhəllə  üzrə 1 saylı məhəllə komitələrinin nümayəndələri ilə 12 iyun tarixində 24 saylı tam orta məktəbinin binasında, Yeni Yaşayış Massivi üzrə məhəllə komitələrinin nümayəndələri 24 iyul tarixində Qubadlı rayon Çardaqlı tam orta məktəbinin binasında, 5, 6 və 9-cu mikrorayonlar üzrə məhəllə komitələrinin nümayəndələri 14 avqust tarixində Sumqayıt Uşaq və Yeniyetmələrin Yaradıcılıq mərkəzinin binasında, yuxarıda qeyd olunmuş məhəllə komitələri istisna olmaqla digər məhəllə komitələri 04 sentyabr tarixində Sumqayıt Bələdiyyəsinin konfrans zalında tədbir keçirmişdir. Tədbirdə ümumilikdə 136 nəfər nümayəndə  iştirak etmişdir.

-                     Hesabat dövrünün noyabr ayının 9-u Sumqayıt Bələdiyyəsinin üzvləri, İcra aparatının əməkdaşları və məhəllə komitələrinin nümayəndələri dövlət bayrağı bayramı münasibəti ilə şəhərdə təşkil olunmuş tədbirlərdə iştirak etmişlər.

-                     Cari ilin dekabr ayının 12-də Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş tədbirdə Sumqayıt Bələdiyyəsinin üzvləri və icra aparatının əməkdaşları iştirak etmişlər.

-                     Sumqayıt Bələdiyyəsinin 2019-cu il 13 dekabr qərarına əsasən 31 dekabr Dünya azərbaycanlıların həmrəylik günü və “Yeni il” bayramı münasibəti ilə idarə və müəssisələrə açıqcaların paylanması və yeni il şənliyinin keçirilməsi ilə əlaqədar 15000 (on beş min) manat məbləğində vəsait ayrılmışdır.

Hesabat dövründə 85 şəhər sakininə müxtəlif məbləğdə ümumi dəyəri  27500 manat təşkil edən maddi yardım göstərilmişdir.

     Hesabat dövründə Sumqayıt Bələdiyyəsinin 2019-cu ilə yerli sosial inkişaf proqramına müvafiq olaraq bələdiyyənin sifarişləri əsasında  bələdiyyə ərazisində dəyəri 341331 (üç yüz qırx bir min üç yüz otuz bir) manat məbləğində olan 4 iri həcimli layihə həyata keçirilmişdir.

      2019-cu ildə yerli əhəmiyyətli yolların saxlanılması sahəsində 3 layihə həyata keçirilmişdir. Belə ki, 39,33 və bağlar ərazisindəki avtobus marşurutları yollarının abadlaşdırılması üçün yerli büdcədən 298000 manat məbləğində vəsait ayrılmışdır.

      Sumqayıt Bələdiyyəsinin 2019-cu ilə yerli ekoloji proqramının tədbirlərinə əsasən Sumqayıt Bələdiyyəsinin qərarlarına müvafiq olaraq ildə bir neçə layihələr həyata keçirilmişdir. Hesabat dövründə “Bələdiyyə parkı”nda 19 min kv.metr qazona daimi xidmət göstərilmişdir. Bununla yanaşı parkın abadlaşdırılması işlərinin icrası məqsədi ilə bələdiyyə büdcəsindən 55600 (əlli beş min altı yüz) manat məbləğində vəsait ayrılmışdır. İl ərzində bələdiyyə üzvləri və əməkdaşlarının iştirakı ilə “Bələdiyyə parkı”nın ərazisində iməciliklər təşkil edilmişdir.

       Sumqayıt Bələdiyyəsinin xarici əlaqələr sahəsində коnsеpsiyаsınа müvаfiq оlаrаq 2000 – 2019-cu illərdə Sumqayıt Bələdiyyəsi хаrici ölкələrin bir nеçə şəhərləri ilə dоstluq əlаqələri yаrаtmışdır.    

       Sumqayıt Bələdiyyəsinin partnyorlarının sıralarına Türkiyə Respublikası İstanbul şəhərinin Eminönü, hazırda Fatih (30 dekabr 2002), Çin Xalq Respublikasının Cəncin şəhərinin (19 avqust 2003), Şimali Kipr Türk Respublikasının Tatlısu (16 iyul  2005), Türkiyə Respublikası Ankara şəhərinin Keçiörən (20 yanvar 2011) və Samsun Böyükşəhər (10 aprel 2012) bələdiyyələri daxildir.

       Hesabat dövründə Sumqayıt Bələdiyyəsinin 2019-cu ilə xarici əlaqələr proqramına müvafiq olaraq bir sıra tədbirlər həyata keçirilmişdir. 

         Hesabat ilinin mart ayının 15-də Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) “Cənubi Qafqazda yerli özünüidarəetmə” Proqramının Azərbaycan üzrə rəhbəri Gerald Duda və GİZ-in mərkəzi aparatının nümayəndəsi Dr.Anka Derek  Sumqayıt şəhərində olmuş, proqram çərçivəsində icra olunan tədbirlərin drumunu müzakirə etmişlər.

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) “Cənubi Qafqazda yerli özünüidarəetmə” Proqramının 2019-cu ilə əməliyyat planına müvafiq olaraq cari ilin avqust ayının 18-dən 23-dək Sumqayıt şəhərində “Sumqayıt şəhər İqtisadiyyatında turizim sektorunun yaradılması” adı altında  konfrans keçirilmişdir. Konfransın işində  Almaniya Federativ Respublikasından olan Ludviqshafen partnyor şəhərinin nümayəndələri U.Fröylix və M.Yurkat, Bavariyanın Regen şəhərinin nümayəndələri H.Unnaş və S.Vaqner iştirak etmişdirlər. Konfransda Azərbaycan Respublikası Dövlət Turizim Agentliyi, Azərbaycan Turizm bürosu, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası, Azərbaycan Otellər Assosiasiyası,  Azərbaycan Kulinariya Assosiasiyasının və Turizm sahəsində çalışan bir neçə kompaniyanın nümayəndələri iştirak etmişlər. Konfransın işinə Çin Xalq Respublikasının Çunçin şəhərinin nümayəndələri də qatılmışlar.

Konfransın proqramına müvafiq olaraq iştirakçılar tərəfindən Azərbaycanda, o cümlədən Sumqayıt şəhərində  turizm sahəsinin durumu,  iqtisadiyyatın   bu   vacib   sektorunda   son  illər    ərzində

institusional, təşkilatı və  infrastruktur sahələrində həyata keçirilən tədbirlər haqqında məlumat verilmişdir. Alman ekspertləri tərəfindən hazırlanmış təqdimatın müzakirəsində konfrans iştirakçıları fəal iştirak etmişdir. Müzakirələrin nəticələrindən Sumqayıt şəhər iqtisadiyyatının turizm sektorunun inkişaf proqramının tərtibatında istifadə olunacaqdır.

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) “Cənubi Qafqazda yerli özünüidarəetmə” Proqramının 2019-cu ilə əməliyyat planına müvafiq olaraq ötən ilin sentyabr ayının 8-dən 10-dək Gürcüstanın Batumi  şəhərində “Almaniya-Qafqaz partnyor şəhərləri arasında əməkdaşlıq” layihəsində iştirak edən partnyor şəhərlər şəbəkəsinin işçi görüşü keçirilmişdir.

Görüşün mövzusuna müvafiq olaraq Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin və Almaniya-Qafqaz partnyor şəhərlərinin nümayəndələri “Cənubi Qafqazda yerli özünüidarəetmə” Proqramının layihələrinin icrasının durumunu və yeni layihələrə dair şəhərlərin təkliflərini müzakirə etmişlər.

Çin Xalq Respublikası Şansi əyalətinin Sian şəhər meriyasının dəvəti əsasında həmin şəhərdə ötən ilin sentyabr ayının 9-dan-12-dək “Yüksək səviyyələi əməkdaşlıq və keyfiyyətli inkşaf üçün “ bir Kəmər, bir Yol”un birgə inşası” adı altında  keçirilmiş Avropa – Asiya iqtisadi Forumunun işində Sumqayıt şəhər İcra Hakimiyətinin başçısı Zakir Fərəcovun rəhbərliyi altında Sumqayıtın nümayəndə heyəti iştirak etmişdir. Nümayəndə heyətinin üzvü Sumqayıt Bələdiyyəsinin sədri Sultan Əsədov Forumun Proqramı əsasında tədbirlərin işinə qatılmışdır.

2019-cu ilin oktyabr ayının 15-də Azərbaycanda səfərdə olan Litva Respublikasının Druskininkay şəhərinin meri Riçardas Malinauskasın rəhbərliyi altında nümayəndə heyəti Sumqayıt Bələdiyyəsində qəbul olunmuşlar .Görüş zamanı Litva və Azərbaycanın yerli özünüidarəetmə sistemlərinin durumu haqqında məlumat verilmiş, bələdiyyələr arası  dostluq əlaqələrinin inkşaf etdirilməsinə dair fikir mübadiləsi aparılmışdır. Qonaqlar  Sumqayıt şəhəri ilə tanış olmuşlar.

      Sumqayıt Bələdiyyəsinin mülkiyyətinin istifadəsi.

      2019-cu ildə Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olan 15,809 hektar torpaq sahəsi istifadə olunmuşdur. Torpaq sahələrinin 0,929 hektarı sahibkarlıq fəliyyəti ilə məşğul olmaq üçün mülkiyyətə, 12,08 hektar isə icarəyə verilmişdir. Torpaq sahələrinin digər hissəsi – 2,9 hektar fərdi yaşayış evlərin tikintisi məqsədi ilə fiziki şəxslərin  mülkiyyətinə verilmişdir.

      Sumqayıt Bələdiyyəsi yerli özünüidarəetmənin inkişafı və təkmilləşdirilməsi sahəsində ötən ildə “Mənzil fondunun idarə edilməsi”, “Strateji planlaşdırma”, “Tullantıların idarə edilməsi”, “Çirkləndirilmiş ərazilərin Kadastrının istifadəsi”, “Sumqayıt şəhərinin iqtisadiyyatında turizm sektorunun yaradılması”  layihələri üzrə araşdırmalar aparmış, müvafiq tövsiyələr hazırlamışdır.

      Hesabat dövründə Sumqayıt Bələdiyyəsi tərəfindən həyata keçirilmiş layihələr haqqında əhaliyə mütəmadi olaraq məlumatlar çatdırılmışdır. Bələdiyyə fəaliyyətinin şəffaflığının təmin edilməsi məqsədi ilə bələdiyyənin həyata keçirtdiyi tədbirlər haqqında kütləvi informasiya vasitələrində mütəmadi olaraq materiallar dərc edilmiş, müxtəlif telekanalların vasitəsi ilə yayımlanmışdır. Bununla yanaşı bələdiyyənin fəaliyyəti barədə əhaliyə məlumatın çatdırılması məqsədi ilə bələdiyyə rəhbərliyinin əhali ilə görüşləri, bələdiyyə məhəllə komitələrinin, bələdiyyə üzvlərinin seçicilər qarşısında hesabatları, bələdiyyənin həyata keçirdiyi layihələr barədə məlumatların işıqlandırılmasında bələdiyyənin elektron səhifəsinin, məlumat lövhələrinin resurslarından da geniş istifadə edilmişdir.

Arxiv
Əlaqə
Ünvan:Sumqayıt şəhəri
5-ci məhəllə, Nizami küçəsi 16
Tel.: (+994 018) 6559547
(+994 018) 6558609
E-mail: info@sumqayit-bl.gov.az