2020-ci ilin hesabatı

Sumqayıt Bələdiyyəsi 2020-ci ilin yekunlarına dair hesabatı: 

         2020-ci il Azərbaycan dövlətinin, Azərbaycan xalqının tarixində ən möhtəşəm illərdən biridir. Ermənistanın işğalı altında olmuş Azərbaycanın ərazilərinin qaytarılması ilə nəticələnən 44 gün ərzində davam etmiş Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan  xalqı öz liderinin-müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Ölkə rəhbəri İlham Əliyev 17 il həyata keçirdiyi siyasətin nəticəsində Azərbaycan 30 ilə yaxın düşmənin tapdağı altında olan vətən torpaqlarını işğaldan azad etdi. Bu gün ölkəmizin təqvimində yeni qürur günü - 8 Noyabr böyük Zəfər günü əbədi yer aldı.

        Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  2020-ci il dekabrın 31-də xalqa müraciətində qeyd etmişdir ki, “Müharibə arxada qaldı. Müharibə bizim gücümüzü göstərdi, əyilməz iradəmizi göstərdi. Birliyimizi göstərdi, müharibə rəmzinə, qələbə rəmzinə çevrilən dəmir yumruq öz gücünü göstərdi. Bu, həm birlikdir, həm gücdür. Cəmiyyətimizdə birlik də var, ölkəmizin gücü də var və həmişə olacaq. Əgər kimsə Ermənistanda bu gün revanş hissi ilə yaşayırsa, böyük səhv edir. O 44 günlük müharibəni onlar heç vaxt unutmasınlar. Bundan sonra əgər kimsə Azərbaycan xalqını təhqir etməyə çalışsa, elə dərsini alacaq ki, o 44 günlük müharibə onun yanında yalan olacaq.”

      Sumqayıt şəhərində Vətən Müharibəsi zamanı həyata keçirilən tədbirlərdə Sumqayıt Bələdiyyəsinin üzvləri, aparatın əməkdaşları da yaxından iştirak etmişlər. Qeyd etmək lazımdır ki, Sumqayıt Bələdiyyəsinin üzvü Adıgözəlzadə Orxan Elşad oğlu Vətən Müharibəsinin hərbi əməliyyatlarının iştirakçısı olmuşdur. Vətən Müharibəsində şəhid olmuş hərbçilərimizin və qazilərin ailələrinin qayğıları bələdiyyənin bu gün dədiqqət mərkəzindədir. Ötən dövr ərzində Sumqayıt Bələdiyyəsinin büdcəsindən şəhid ailələrinə 98000 (doxsan səkkiz min) manat vəsait ayrılmışdır. Bununla yanaşı şəhid ailələrinə  69000 (altmış doqquz min) manat məbləğində müxtəlif yardım göstərilmişdir.  

          2020-ci ilin əvvəllindən başlamış koronavirus pandemiyası (Covid-19) ilə mübarizəaparan dünya ölkələri bütün resursları yeni tip virusun yayılmasının qarşısının alınmasına yönəldilib.

     Azərbaycan Respublikasında da bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti bütün resurslarını pandemiyaya qarşı səfərbər edib. Yeni növ koronavirus infeksiyasının Azərbaycan ərazisində geniş yayımaması üçün dövlət başçısının tapşırıqlarına əsasən ötən ilin yanvar ayından zəruri qabaqlayıcı tədbirlər görülür, profilaktik və təxirəsalınmaz qərarların həyata keçirilməsi üçün Nazirlər kabinetinin yanında aidiyyatı dövlət qurumlarından ibarət Operativ Qərargah yaradılıb. Operativ Qərargah fasiləsiz fəaliyyət göstərərək ölkə vətəndaşlarının sağlamlığının təhlükəsizliyinin qorunması istiqamətində mühüm qərarlar qəbul etməkdədir. Virusun geniş yayılmasının qarşısının alınması məqsədi ilə  ölkə ərazisində çevik və sistemli preventiv tədbirlərin ifadəsi olaraq ötən ilin 14 mart tarixində sosial təcridetmə tətbiq olunur, xüsusi karantin rejimi isə cari ilin yanvar ayının 18-dək uzadılıb.

      Ölkə ərazisinə, müəyyən edilmiş halları istisna etmək şərti ilə giriş-çıxış məhdudlaşdırılıb. Pandemiya ilə mübarizə çərçivəsində ölkə üzrə müxtəlif dəstək proqramlarının reallaşmasına bütövlükdə dövlət büdcəsindən 4 milyard manat vəsait ayrılıb. Azərbaycan MDB məkanında pandemiyaya qarşı mübarizəyə və sosial dəstək tədbirlərinə ən böyük büdcə ayıran ölkələr sırasında yer alır.

       Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə yeni növ koronavirusa (Covid-19) qarşı həyata keçirilən tədbirlər pandemiya şəraitində əhalinin sağlamlığının, həyatının qorinması, vətəndaşların sosial müdafiəsinin təmin edilməsi əsas vəzifələr kimi qarşıya qoyulub.

      2021-ci ildə ölkə üzrə pandemiyaya qarşı tədbirlərin maliyyələşdirilməsi üçün Dövlər Büdcəsində 200 mln manatdan artıq vəsait nəzərdə tutulmuşdur.

      Azərbaycanın ərazisində pandemiyaya qarşı həyata keçirilən ardıcıl tədbirlər Sumqayıt şəhərinin sosial-iqtisadi həyatını da əhatə etmişlər. Şəhər İcra Hakimiyyətində yaradılmış Qərargahın rəhbərliyi altında kompleks, ardıcıl, qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə Sumqayıt şəhərinin resursları cəlb edilib, dövlət orqanlarının yerli qurumlarının, bələdiyyələrin əməkdaşlarının, ictimaiyyətin nümayəndələrinin iştirakı ilə xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsini təmin edirlər.

      Sumqayıt Azərbaycanın tibbi sənayesinin mərkəzinə çevrilir. Ötən il Sumqayıt şəhərinin sənaye zonasında koronavirus pandemiyasına qarşı mübarizədə istifadə olunan avadanlıq və ləvazimatların istehsalatları quraşdırılmışdır. Ölkə rəhbəri İlham Əliyevin Azərbaycanın ərazisində modul tipli xəstəxanaların quraşdırılması proqramı çərçivəsində Sumqayıt şəhərində belə  səhiyyə  müəssisəsinin  açılışı 2020-ci ilin iyun ayının 9-da baş tutmuşdur. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və 1-ci Vitse Prezidenti Mehriban Əliyeva iştirak etmişlər.

     Sumqayıt şəhərində koronavirus (Covid-19) pandemiyasına qarşı aparılan mübarizədə iştirak edən Sumqayıt Bələdiyyəsi ilk günlərdən öz fəaliyyətini kompleks tədbirlərin həyata keçirilməsinə istiqamətləndirilmişdir. Bələdiyyənin fəaliyyətinin hüquqi əsaslarını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanları, respublikanın Nazirlər Kabinetinin yanında Operativ Qərargahın qərarları təşkil edir. Bununla yanaşı bələdiyyənin fəaliyyəti Sumqayıt Bələdiyyəsi sədrinin “Sumqayıt Bələdiyyəsinin ərazisində koronavirus (Covid-19) infeksiyasına qarşı mübarizənin təşkil edilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” 17 mart 2020-ci il tarixli əmri, Sumqayıt Bələdiyyəsinin “Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Fərmanı ilə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində həyata keçirlən tədbirlərə dəstək məqsədi ilə yaradılmış  Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsaitin ayrılması haqqında”, 23 mart 2020-ci il tarixli “Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Fərmanı ilə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə dəstək məqsədi ilə vəsaitin ayrılması haqqında” 23 aprel 2020-ci il tarixli, “Sumqayıt Bələdiyyəsinin ərazisində koronavirusa (Covid-19) qarşı həyata keçirilən tədbirlər çərivəsində dezinfeksya işlərinin maliyyələşdirilməsi haqqında” 04 avqust 2020-ci il tarixli, şəhər əhaliarası koronavirusa qarşı həyata keçirilən tədbirlərlə bağlı maarifləndirmə işlərinin aparılmasına, digər təşkilatı və dəstək tədbirlərinə dair qərarları, Şəhər İcra Hakimiyyətində fəaliyyət göstərən Qərargahın tövsiyələri ilə tənzimlənir.

 

Sumqayıt şəhərinin yerli özünüidarəetmə orqanları.

 

      2019-cu ilin dekabr ayının 27-də  Azərbaycan Respublikasında keçirilmiş bələdiyyələrə növbəti seçkilər nəticəsində yeni yerli özünüidarəetmə orqanları yaranmışdır.  Sumqayıt şəhərinin ərazisində  baş tutmuş seçkilər əsasında Sumqayıt, Corat və Hacı Zeynalabdin bələdiyyələrin seçkili orqanlarının  yeni tərkibləri müəyyən edilmişdir.

 

Sumqayıt Bələdiyyəsi.

        Bələdiyyələrə sonuncu seçkilərin nəticələrinə əsasən Sumqayıt Bələdiyyəsinin tərkibinə qanunamüvafiq olaraq 19 üzv seçilmişdir. Bələdiyyənin seçkili orqanının üzvlərindən 9 nəfəri ilk dəfə seçilmişdir. Bələdiyyənin seçkili orqanının yeni tərkibində 5 üzvü və ya 26,3 faizi qadınları, 7 üzvü və ya 36,8 faizi isə gəncləri təmsil edir. Bələdiyyə üzvləri ali təhsillidir. Sumqayıt Bələdiyyəsi seçkili orqanının tərkibində 3 siyasi partiyanın nümayəndələri təmsil olunmuşdur. Bələdiyyə üzvlərinin 14 nəfəfi Yeni Azərbaycan Partiyasının üzvüdür. Vətəndaş Həmrəyliyi Partiyası (VHP) və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) bələdiyyədə hərəsi 1 nəfərlə təmsil olunmuşdur.

 

Sumqayıt Bələdiyyəsi seçkili orqanının üzvləri.

 

         2019-cu ilin dekabr ayının 27-də  bələdiyyələrə  seçkilər nəticəsində Sumqayıt Bələdiyyəsinin tərkibinə  aşağıda qeyd olunmuş üzvlər seçilmişdir:

    1). Əsədov Sultan Misir oğlu;

    2). Süleymanov Sərviz Salman oğlu;

    3). Həsənov Musa Süleyman oğlu;

    4). Kərimov Akif Abbas oğlu;

    5). Məmmədyarova Zeynəb Həmid qızı;

    6). Cavadov İlqar Abbas oğlu;

    7). Rəhimov Fəxrəddin Ağarəhim oğlu;

    8). Abasov Emil Tofiq oğlu;

    9). Adıgözəlzadə Orxan Elşad oğlu;

   10). Salmanlı Yusif Ziyad oğlu;

   11). Əliyeva İlahə  Arif qızı;

   12). Məmmədov Fərid Xalid oğlu;

   13). Hüseynov Ramiz Gülmalı oğlu;

   14). Qasımov Azər Məhərrəm oğlu;

   15). Mehdiyeva Nərmin Kamran qızı;

   16). Novruzlu Yusif Əmrah oğlu;

   17). Cəlalzadə Bənövşə Mehdi qızı;

   18). Şahbalayev Zaur Teymur oğlu;

   19). Rüstəmova Gülşən Tahir qızı.

     Sumqayıt Bələdiyyəsi seçkili orqanının 2020-ci ilin 14 yanvar tarixində keçirilmiş ilk iclasında Sultan Misir oğlu Əsədov bələdiyyənin sədri vəzifəsinə seçilmişdir. Musa Süleyman oğlu Həsənovu və Sərviz Salman oğlu Süleymanovu bələdiyyə üzvləri bələdiyyə sədrinin müavinləri vəzifələrinə layiq görmüşlər.

       Ötən ilin fevral ayının 21-də bələdiyyənin iclasında Sumqayıt Bələdiyyəsi daimi komissiyalarının seçkisi baş tutmuşdur.

      Sumqayıt Bələdiyyəsində 5 daimi və  prioritet sahələri üzrə 3 komissiya fəaliyyət göstərir:

  • yerli büdcə məsələləri daimi komissiyası, sədr Akif Abbas oğlu Kərimov;
  • yerli sosial məsələləri daimi komissiyası, sədr Fərid Xalid oğlu Məmmədov;
  • yerli iqtisadi-inkişaf məsələləri daimi komissiyası, sədr Fəxrəddin Ağarəhim oğlu Rəhimov;
  • yerli ekologiya məsələləri daimi komissiyası, sədr Yusif Ziyad oğlu Salmanlı;
  • hüquq məsələləri daimi komisiyyası, sədr Zaur teymur oğlu Şahbalayev;
  • etika məsələləri komissiyası, sədr Ramiz Gülmalı oğlu Hüseynov;
  • Gənclər və İdman məsələləri komissiyası, sədr Gülşən Tahir qızı Rüstəmova;
  • Gender bərabərliyi komissiyası, sədr Zeynəb Həmid qızı Məmmədyarova.

 

 

 

Sumqayıt Bələdiyyəsinin İcra aparatı.

 

       “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası  Qanununun 18-ci maddəsinə müvafiq olaraq bələdiyyənin icra orqanı kimi onun icra aparatı müəyyən edilmişdir. İcra aparatı bələdiyyənin sədrindən, onun bu Qanunla və bələdiyyənin Nizamnaməsi ilə müəyyənləşdirilmiş qaydada formalaşdırdığı struktur bölmələrindən və digər icra strukturlarından ibarətdir.

       Sumqayıt Bələdiyyəsinin İcra aparatında 58 nəfər çalışır. Bələdiyyə əməkdaşlarından 26 nəfər və ya 44,8 faizi qadınlardan ibarətdir. Bələdiyyənin icra aparatında çalışan işçilərin 37 nəfəri Yeni Azərbaycan Partiyasının üzvüdür. Bələdiyyə əməkdaşlarının 36 nəfəri ali, 9 nəfəri orta ixtisas və 13 nəfəri isə orta təhsillidir.

 

Sumqayıt Bələdiyyəsi İcra aparatının təşkilati strukturu:

 

    Sumqayıt Bələdiyyəsinin İcra aparatı 7 şöbədən ibarətdir:

  • ümumi şöbə;
  • təşkilat şöbəsi;
  • memarlıq və tikinti şöbəsi;
  • vergilər şöbəsi;
  • bələdiyyə mülkiyyətinin idarəetmə şöbəsi;
  • hüquq şöbəsi;
  • mühasibatlıq.

      Təəsüf hissi ilə qeyd edirik ki, ötən ilin dekabr ayında bələdiyyənin sədr müavini  Həsənov Musa Süleyman oğlu və İcra aparatı memarlıq və tikinti şöbəsinin müdiri Əliyev Əli Həsənbala oğlu vəfat etmişlər.  

         Sumqayıt Bələdiyyəsi 2020-ci ildə öz fəaliyyətini  şəhər  İcra  hakimiyyətinin  başçısı  Zakir  Fərəcov müəllifi olduğu Sumqayıtın cari ilə sosial-iqtisadi inkişaf proqramına  arxalanan bələdiyyənin yerlı sosial müdafiə, yerli sosial və iqtisadi inkişaf, yerli ekoloji və xarici əlaqələr Proqramları əsasında  qurmuşdur.

        Təməli 2015-ci ilin sentyabr ayında qoyulmuş Sumqayıt şəhərinin yeni urbanistika siyasətinə arxalanan strateji inkişaf planının icrası nəticəsində  Sumqayıtda irimiqyaslı layihələr şəhərin yüksək şəhərsalma və yaşayış standartlarına cavab verilməsinə yönəldilmişdir. Sumqayıtın sosial-iqtisadi inkişafnın ayrılmaz tərkib hissəsi olaraq ötən ilin proqramı çərçivəsində şəhərdə yeni  ictimai və sosial binaların tikintisi, ərazilərində bu vaxta qədər misli görünməmiş abadlıq və yenidənqurma, yaşıllaşdırma və landşaft memarlığı sahəsində işlərinin aparılması, şəhərin kommunal və nəqliyyat infrastrukturunun yenidən qurulması və inkişafı Sumqayıtın müasir standartlara cavab verən şəhərə çevrilməsində mühüm addımlardır.

      Sumqayıtın yeni sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində 2019-cu ildə Sumqayıt Bələdiyyəsinin fəaliyyəti haqqında Sumqayıt Bələdiyyəsinin inzibati binasının konfrans zalında ötən ilin yanvar ayının 21-də bələdiyyənin ərazisində yaşayan  və səsvermə hüququna malik olan vətəndaşların yığıncağında Sumqayıt Bələdiyyəsi 2019-cu ildə öz fəaliyyəti ilə bağlı hesabat vermişdir. Toplantı Sumqayıtın yerli özünüidarəetmə orqanının 2020-ci ilə proqramlarına öz tövsiyələrini vermişdir.

      Toplantı iştirakçılarının qarşısında hesabatla çıxış etmiş bələdiyyə sədri Sultan Əsədov 2019-cu il ərzində bələdiyyənin  fəaliyyətini ətraflı təhlil edərək onun işində tətbiq edilmiş yeni iş üslubları və tədbirlər haqqında məlumat vermişdir. İşgüzar və konstruktiv şəraitdə keçmiş yığıncaqda bələdiyyənin fəaliyyətində mövcud olan nöqsan və çatışmazlıqlar müzakirə edilmiş, şəhərin ictimai-siyasi və sosial-iqtisadi həyatında Sumqayıtın yerli özünüidarəetmə orqanının rolunun artırılması, bələdiyyə fəaliyyətinin yeni müstəvidə qurulması, Sumqayıtda şəhərin inkişafı ilə bağlı həyata  keçirilən yeni konsepsiyaya cavab verən layihələrin müəyyən edilməsi və icrasına dair önəmli tövsiyələr verilmişdir. 

 

Sumqayıt Bələdiyyəsinin fəaliyyətinin təşkili.

 

       Hesabat dövründə Sumqayıt Bələdiyyəsinin 18 iclasında 402 məsələ müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilmişdir. Bələdiyyənin və onun daimi komissiyalarının iclaslarında qəbul edilmiş qərarlar əsasən yerli özünüidarəetmənin inkişafı və təkmilləşdirilməsi, yerli büdcənin təsdiqi və icrası, bələdiyyə mülkiyyətinin idarəedilməsi, bələdiyyə məhəllə komitələrinin fəaliyyətinə metodiki yardımın və dəstəyin göstərilməsi, şəhərin ictimai və qeyri - hökumət təşkilatları, bələdiyyə məhəllə komitələrinin üzvləri və sakinlərinin sosial müdafiəsi, dövlət bayramları və tədbirləri, şəhərin sosial sahəsində, o cümlədən bələdiyyə ərazisinin yaşıllaşdırılması və abadlaşdırılması, bağlar zonasında yolların genişləndirilməsi və təmiri, bayram, təhsil, səhiyyə, idman tədbirlərin təşkili, ekologiya sahəsində layihələrin icrası, qeyri-hökumət təşkilatları ilə birgə həyata keçirilən layihələrin durumu kimi məsələləri əhatə etmişlər. Bələdiyyə iclaslarında qəbul edilmiş qərarların icrası bələdiyyə rəhbərliyinin yanında keçirilmiş həftəlik 29 müşavirədə daim təhlil edilmiş, nəzarətdə saxlanılmışdır.     

 

Sumqayıt Bələdiyyəsinin Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyası ilə əməkdaşlığı.

     2020-ci ilin iyul ayının 30-da Azərbaycanın və Gürcüstanın yerli özünüidarə orqanlarının video görüşü baş tutmuşdur. Koronavirusla bağlı (Covid  - 19) elan edilmiş pandemiya şəraitində onlayn formatında ilk dəfə təşkil edilmiş görüş Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələri Milli Assosiasiyaları və Gürcüstan Yeli Hakimiyyətlər  Milli Assosiasiyası arası əməkdaşlığın nəticəsidir. Onlayn görüşə dəstək Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, Avstriyanın İnkişaf Əməkdaşlığı Agentliyi və İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi tərəfindən verilmişdir. Görüş zamanı Gürcüstan və Azərbaycan bələdiyyələrinin pandemiya şəraitində fəaliyyəti, yeni iş təcrübəsinin məsələləri müzakirə edilmişdir. Görüşün işində iştirak etmiş Sumqayıt Bələdiyəsinin sədri S.Əsədov və üzvü A.Kərimov bələdiyyəni təqdim etdilər.

       Hesabat ilin sonunda, dekabr ayının 24 Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələri Assosiasiyalarının və Türk Dünyası Bələdiyələr Birliyinin əməkdaşlığı nəticəsində Türkiyə və Azərbaycanın yerli özünüidarəetmə orqanları ilk dəfə olaraq onlayn formatda görüş təşkil edilmişdir. Görüşə qatılmış qardaşlaşmış bələdiyyələrin nümayndələri koronavirusa (Covid-19) qarşı həyata keçirilən tədbirlər haqqında məlumatlar vermiş, pandemiya şəraitində tətbiq olunan iş üslublarını müzakirəyə təqdim etmişlər. Bələdiyyənin sədri S.Əsədov görüşdə çıxış etmişdir.

      

      Fiziki və hüquqi şəxslərin müraciətlərinə və xidməti məktublarına baxılması işinin təşkili.

      Hesabat ilində Sumqayıt Bələdiyyəsinə 1367 xidməti məktub daxil olmuşdur ki, bu da 2019-cu illə müqayisədə 367 məktub az deməkdir. Ötən il ərzində Sumqayıt Bələdiyyəsinə 2860 ərizə daxil  olmuşdur. Əvvəlki illə müqayisədə bələdiyyəyə 175 ərizə çox daxil olmuşdur.  Bələdiyyə rəhbərliyinin və icra aparatının qəbulunda 1863 nəfər vətəndaş olmuşdur. 2019-cu ilə nisbətən qəbula gəlmiş vətəndaşların sayı 559 nəfər az olmuşdur. Sumqayıt Bələdiyyəsinə daxil olmuş ərizə və müraciətlərin baxılması qanunla müəyyən edimiş müddət ərzində təmin edilmişdir. 

  

      Sumqayıt Bələdiyyəsinin məhkəmə müdafiəsi.

      2020-ci ildə məhkəmə orqanlarında hüquqi və fiziki şəxslərin ərizələrinin baxılması sahəsində bələdiyyənin hüquqşünasları 137 məhkəmə işi üzrə 435 məhkəmə iclasında iştirak etmişlər. Hesabat dövrü ərzində bələdiyyə tərəfindən torpaq sahələri üzərində hüquqlara xitam verilməsi, zəbt olunmuş torpaq sahələrinin boşaldılması və qanunsuz tikililərin sökülməsi barədə məhkəmələrdə 50 iddia və qarşılıqlı iddia tələbləri irəli sürülmüş, onlardan 1-i təmin, 14-ü rədd edilmiş, 35-i isə baxılmaqdadır. 

        İl ərzində məhkəmədə barələrində iddia qaldırmış bağ torpaq sahələrindən qeyri-qanuni istifadə edən fiziki şəxslər həmin sahələrin sənədləşdirilməsi nəticəsində yerli büdəcəyə 17753 (on yeddi min yeddi yüz əlli üç) manat vəsait ödəmişlər.

       Sumqayıt Bələdiyyəsinin yerli büdcəsinin icrası.

       2020-ci ildə yerli büdcənin gəlirləri 1195873 (bir milyon yüz on doqquz min səkkiz yüz yetmiş üç) manat, o cümlədən 250000 (iki yüz əlli min) manat dotasiya təşkil etmiş, proqnoz tapşırıq 74,7 faiz səviyyəsində icra olunmuşdur.

      Yerli büdcənin mədaxil hissəsi bələdiyyə əmlakının özəlləşdirilməsi üzrə ödənişlər 155630 (bir yüz əlli beş min altı yüz otuz) manat və ya proqnoz tapşırığın 126 faizi, bələdiyyə əmlakının icarəyə verilməsi üzrə ödənişlər 432047 (dörd yüz otuz iki min qırx yeddi) manat və ya proqnoz tapşırığın 80 faizi, fiziki şəxslərdən torpaq vergisi üzrə isə gəlirlər 81239 (səksən bir iki yüz otuz doqquz) manat və ya illik proqnozun cəmi  74,7 faizi olmuşdur.

      Hesabat dövründə yerli büdcənin xərcləri 1172481 (bir milyon yüz yetmiş iki min dörd yüz səksən bir) manat təşkil etmişdir ki, bu da proqnoz tapşırığının 73,3 faizi deməkdir. Yerli büdcənin vəsaiti əsasən bələdiyyə mülkiyyəti, mənzil-kommunal təsərrüfatı, sosial müdafiə və sosial təminat sahələrində həyata keçirilmiş layihələrin maliyyələşdirilməsinə yönəldilmişdir.  Belə ki, ötən il ərzində “Mənzil-kommunal təsərrüfatı xərcləri” xərc maddəsi üzrə yerli büdcədən 222993 (iki yüz iyirmi iki min doqquz yüz doxsan üç) manat məbləğində və ya proqnoz tapşırığın 82,2 faizi səviyyəsində, “Nəqliyyat və rabitə xərcləri” xərc maddəsi üzrə isə 160000 (bir yüz altmış min) manat miqdarında və ya proqnoz tapşırığının 45,7 faizi səviyyəsində vəsait ayrılmışdır. Hesabat dövründə yerli özünüidarəetmə orqanının saxlanılması xərcləri  506033 (beş yüz altı min otuz üç) manat təşkil etmişdir ki, bu da proqnoz tapşırığının 85,9 faizi deməkdir. Bu xərc maddəsi üzrə vəsaitin miqdarı bələdiyyənin ümumi xərclərində 43,2 faiz təşkil etmişdir.

Sumqayıt Bələdiyyəsinin 2020-ci ilə yerli sosial müdafiə proqramı əsasında hesabat dövründə bir sıra tədbirlərin icrası nəzərdə tutulmuşdur. Lakin 2020-ci ilin əvvəllindən dünyada başlamış koronavirus (Covid-19) pandemiyası ötən ilin proqramında nəzərdə tutulmuş tədbirlərin bir hissəsinin ixtisar edilməsinə səbəb olmuşdur. Bununla bərabər Sumqayıt Bələdiyyəsinin ərazisində koronavirusa qarşı il ərzində bir neçə tədbir həyata keçirilmişdir.

        2020-ci ilin mart ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə dəstək məqsədi ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna Sumqayıt Bələdiyyəsi tərəfindən 10000 (on min) manat məbləğində vəsait köçürülmüşdür. Bələdiyyənin bu istiqamətdə həyata keçirdiyi tədbirlərin maliyyələşdirilməsi üçün yerli büdcədən 5000 (beş min) manat məbləğində vəsait ayrılmışdır.

2020-ci ilin avqust ayında Sumqayıt Bələdiyyəsinin ərazisində koronavirusa (Covid-19) qarşı həyata keçirilən tədbirlər çərçivəsində dezinfeksiya işlərinin maliyyələşdirilməsi məqsədi ilə yerli büdcədən 150000 (bir yüz əlli min) manat məbləğində vəsait ayrılmışdır.

Hesabat ilinin yanvar ayının 1-3-ü Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə şəhərdə keçirilmiş tədbirlərin təşkili və bayram tərtibatı üçün yerli büdcədən müvafiq olaraq 11000 (on bir min) manat və 7000 (yeddi min) manat vəsait ayrılmışdır.

     - 20 yanvar – Ümumxalq Hüzn günü ilə bağlı bələdiyyə rəhbərliyi, üzvləri, icra aparatının əməkdaşları və məhəllə komitələrinin nümayəndələri 20 yanvar abidəsinin önünə əklillər qoymuş, “Şəhidlər Xiyabanı” kompleksini ziyarət etmişlər.

- 8 Mart Beynəlxalq qadınlar günü münasibəti ilə qadın bələdiyyə üzvlərinnin və icra aparatında işləyən qadınların mükafatlandırılması təşkil olunmuş, bu məqsədlə bələdiyyə büdcəsindən 2500 (iki min beş yüz) manat məbləğində vəsait ayrılmışdır.

- Novruz bayramı münasibəti ilə Sumqayıt şəhərində  təşkil edilmiş tədbirlərdə Sumqayıt Bələdiyyəsi iştirak etmişdir.

- Ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə bağlı Sumqayıt Bələdiyyəsinin rəhbərliyi, üzvləri, aparatın nümayəndələri Heydər Əliyevin abidəsini ziyarət etmiş və önünə gül dəstələri qoymuşlar.

2020-ci ilin aprel – may aylarında Çin Xalq Respublikasının Çuntsin və Myenyan şəhərlərindən Sumqayıt Bəldiyyəsinin ünvanına humanitar yardım kimi  daxil olmuş koronavirus infeksiyasının yayılmasının qarşısının alınması tədbirlərində istifadə olunan tibbi avadanlıq və ləvazimatların gömrük xidməti haqların ödənilməsi üçün yerli büdcədən 4900 (dör min doqquz yüz) manat vəsait ayrılmışdır.

Ötən ilin dekabr ayının 12-də Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş tədbirdə Sumqayıt Bələdiyyəsinin sədri S.Əsədov iştirak etmişdir.

2020-ci ildə 66 şəhər sakininə müxtəlif məbləğdə ümumi dəyəri  40170 (qırx min yüz yetmiş) manat məbləğində maddi yardım göstərilmişdir.

        Hesabat ilində Sumqayıt Bələdiyyəsinin yerli sosial inkişaf proqramında nəzərdə tutulmuş layihələrin əksəriyyətinin icrası pandemiya şəraitinə baxmayaraq təmin edilmişdir.

        Azərbaycan Respublikasında, o cümlədən Sumqayıt şəhərində də təşkilati və məliyyə resursları koronavirusa qarşı tədbiq olunan tədbirlərə yönəldilmişdir. Bununla bərabər Sumqayıt Bələdiyyəsinin 2020-ci ilə yerli sosial inkişaf proqramı çərçivəsində dəyəri 205000 (iki yüz beş min min) manat təşkil edən 12 layihə icra edilmişdir. Bələdiyyənin sifarişləri əsasında ötən il ərzində icra edilmiş layihələr şəhər ərazisinin abadlaşdırılmasına, avtobus marşrutları boyu yolların təmirinə, “Bələdiyyə parkı”nın saxlanılmasına yönəldilmişdir.

      Belə ki, şəhərin 51 və 53-cü məhəllələrin ərazisində daxili yolların əsaslı təmirinə yerli büdcədən 45000 (qırx beş min) manat məbləğində vəsait ayrılmışdır. Digər layihələrin icrası nəticəsində şəhərin 20 və 21-ci mikrorayonlarının, Yeni yaşayış massivinin, “Xəzər”, “Novxanı” və “Saray” bağlar ərazilərində yolların əsaslı təmirinə yerli büdcədən 100000 (bir yüz min) manat məbləğində vəsait ayrılmışdır. 17 saylı avtobus marşrutu boyu yolun əsaslı təmirinə yerli büdcənin 15000 (on beş min) manat məbləğində vəsaiti yönəldilmişdir.

      Şəhərin 10-cu mikrorayonunun ərazisində “xeyir-şər” evinin əsaslı təmiri üçün yerli büdcədən 45000 (qırx beş min) manat məbləğində vəsait ödənilmişdir.

 Sumqayıt Bələdiyyəsinin 2020-ci ilə yerli ekoloji proqramının tədbirlərinə əsasən Sumqayıt Bələdiyyəsinin qərarlarına müvafiq olaraq il  ərzində bir neçə layihə həyata keçirilmişdir. Hesabat ilində “Bələdiyyə parkı”nda 19 min kv.metr qazona daimi xidmət göstərilmişdir. Parka xidmətin göstərilməsi və onun abadlaşdırılması işlərinin icrası məqsədi ilə bələdiyyə büdcəsindən 46426 (qırx altı min dörd yüz iyirmi altı) manat vəsait ayrılmışdır.

      Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2020-ci il tarixli 169 nömrəli Qərarı əsasında Sumqayıt Bələdiyyəsi tərəfindən 23 iyun 2020-ci il tarixli qərarı ilə Sutəmizləyici qurğuları üzrə Məhdud Məsuləyyətli Cəmiyyəti təsis edilmişdir. Modul tipli çirkab sutəmizləyici qurğuların istismara yararlığını təmin etmək üçün dövlət büdcəsi tərəfindən Sumqayıt Bələdiyyəsinin büdcəsinə daxil olmuş 7630  (yeddi min altı yüz otuz) manat10978 (on min doqquz yüz yetmiş səkkiz) manat, ümumilikdə 18608 (on səkkiz min altı yüz səkkiz) manat məbləğində vəsait yaranmış MMC-nin hesabına  ödənilmişdir.

         Sumqayıt Bələdiyyəsi “Sağlam Düşüncə” Gənclər Təşkilatı İctimai Birliyi ilə əldə etdiyi razılıq əsasında hesabat ilinin sonunda “Təmiz şəhər” adı altında layihənin icrasına start verilmişdir. Layihə çərçivəsində əhalinin tullantıların idarə edilməsi sahəsində maarifləndirmə tədbirlərinin həyata keçirilməsi məqsədi ilə hazırlanmış anket əsasında 2000 respondent arası sorğu keçirilmişdir. Mətbəə üsulu ilə hazırlanmış təbliğat materiallarının şəhərdə yayılması ilə bir qrup könüllülər məşğul olur. Layihənin 2021-ci ildə davam etdirilməsi nəzərdə tutulmuşdur.

Sumqayıt Bələdiyyəsi fəaliyyətinin ilk günlərindən хаrici əlаqələrin yaranması sаhəsində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir. Bələdiyyənin xarici əlaqələr sahəsində fəaliyyət konsepsiyasının əsasını Azərbaycan Respublikasının mövcud qanunvericilik aktları, o cümlədən “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu, Sumqayıt Şəhər İcra hakimiyyətinin bu sahədə zəngin təcrübəsi təşkil edir. Konsepsiyanın əsas istiqamətlərinin müəyyən edilməsində Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının tövsiyələrinin müsbət təsiri olmuşdur.

        Sumqayıt Bələdiyyəsinin xarici əlaqələr sahəsində 2000 – 2020-ci illərdə Sumqayıt Bələdiyyəsi хаrici ölкələrin bir nеçə şəhəri ilə dоstluq əlаqələri yаrаtmışdır.    

        Sumqayıt Bələdiyyəsinin partnyorlarının sıralarına Türkiyə Respublikası İstanbul şəhərinin Eminönü, hazırda Fatih (30 dekabr 2002), Çin Xalq Respublikasının Cəncin şəhərinin (19 avqust 2003), Şimali Kipr Türk Respublikasının Tatlısu (16 iyul  2005), Türkiyə Respublikası Ankara şəhərinin Keçiörən (20 yanvar 2011) və Samsun Böyükşəhər (10 aprel 2012) bələdiyyələri daxildir.

         2020-ci ilin əvvəllindən dünyada başlamış koronavirus pandemiyası (Covid-19) Sumqayıt Bələdiyyəsinin ötən ilə xarici əlaqələr proqramının icrasına mənfi təsir göstərmişdir. Bu səbəbdən proqram çərçivəsində yalnız 2 layihə həyata keçirilmişdir.

      Proqramın tədbirlərinə və Türkiyə Respublikası Ankara şəhərinin Keçiörən Bələdiyyəsinin başkanı Turqut Altınokun dəvətinə əsasən Sumqayıt Şəhər İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcovun rəhbərliyi altında Sumqayıtın nümayəndə heyəti qardaşlaşmış bələdiyyəyə 2020-ci ilin fevral ayının 29-dan mart ayının 4-dək səfər etmişdir. Nümayəndə heyətinin tərkibində olan Sumqayıt Bələdiyyəsinin sədri Sultan Əsədov və təşkilat şöbəsinin müdiri Şıxəli Abbasov səfər zamanı “Xocalı soyqırımı” abidəsinin quraşdırılması üçün yeni ərazinin seçilməsi danışıqlarda iştirak etmişlər. Bununla yanaşı görüşlərdə iki bələdiyyə arası dostluq əlaqələrin inkişafı sahəsində növbəti addımlar müzakirə edilmişdir.

       Hesabat ilində Çin Xalq Respublikasının Çuntsin şəhərindən göndərilmiş çəkisi 161 kq olan humanitar yardım Sumqayıt Bələdiyyəsi tərəfindən may ayının 15-də qəbul edilmişdir. Yeni tip virusa qarşı istifadə olunan tibbi ləvazimatlar aidiyyatı üzrə şəhər səhiyyə şöbəsinə təhvil verilmişdir.

      Sumqayıt Bələdiyyəsinin mülkiyyətinin istifadəsi.

      2019-cu ildə Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olan 20429,22 kv.metr torpaq sahəsi istifadə olunmuşdur. Torpaq sahələrinin 2972 kv.metr sahibkarlıq fəliyyəti ilə məşğul olmaq üçün mülkiyyətə, 518,14 kv.metr isə icarəyə verilmişdir. Torpaq sahələrinin digər hissəsi – 5537 kv.metr fərdi yaşayış evlərin tikintisi məqsədi ilə, 11402,008 kv.metr isə bağlar ərazisindən fiziki şəxslərin  mülkiyyətinə verilmişdir.

       Hesabat dövründə Sumqayıt Bələdiyyəsi tərəfindən həyata keçirilmiş layihələr haqqında əhaliyə mütəmadi olaraq məlumatlar çatdırılmışdır. Bələdiyyə fəaliyyətinin şəffaflığının təmin edilməsi məqsədi ilə bələdiyyənin həyata keçirdiyi tədbirlər haqqında kütləvi informasiya vasitələrində mütəmadi olaraq materiallar dərc edilmiş, müxtəlif telekanalların vasitəsi ilə yayımlanmışdır. Bununla yanaşı bələdiyyənin fəaliyyəti barədə əhaliyə məlumatın çatdırılmasında bələdiyyənin elektron səhifəsinin, məlumat lövhələrinin resurslarından da geniş istifadə edilmişdir.

 

Arxiv
Əlaqə
Ünvan:Sumqayıt şəhəri
5-ci məhəllə, Nizami küçəsi 16
Tel.: (+994 018) 6559547
(+994 018) 6558609
E-mail: info@sumqayit-bl.gov.az